Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən Babək rayonunun Sirab kəndində tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd sığortanın əhali arasında təbliğ olunması, sığorta maarifçiliyinin inkişafı və sığortaya olan etimadın artırılması, sığorta növləri haqda iştirakçıların maarifləndirilməsi olub.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev açaraq sığorta maarifçiliyinin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkə iqtisadiyyatının, sənayesinin, kənd təsərrüfatının inkişafı, əhalinin maddi rifahının gündən-günə yaxşılaşması sığorta işinin inkişafına əsaslı zəmin yaradır. Bu məqsədlə əhalidə daha dolğun sığorta təminatı yaratmaq üçün onlara müxtəlif növ sığorta xidməti göstərilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşı Sədi İsmayılov çıxışında sığortanın əhəmiyyəti, icbari və könüllü sığortaların mahiyyəti, daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, fərdi qəza sığortası, ev əmlakının sığortası və digər sığorta növləri barədə tədbir iştirakçılarına məlumat verib.
Babək Rayon Dövlət Sığorta Agentliyinin direktoru İlkin Orucov çıxış edərək rayonda sığorta sahəsində görülən işlərin mahiyyətindən, sığortanın iqtisadi və sosial əhəmiyyətindən danışıb. Qeyd edilib ki, bu gün muxtar respublikada təbii fəlakətlər və gözlənilməz fəsadlar nəticəsində əhaliyə dəyən zərərin ödənilməsinə təminat verə bilən təşkilatlardan biri sığorta qurumlarıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Səbuhi HÜSEYNOV