23 Dekabr 2024, Bazar ertəsi

Xalqımızın ümummilli lideri Heydər Əliyev “Əsrin müqavilə­si”nin imzalanmasına nail olmaqla dünya siyasətçiləri arasında böyük zəkaya və nüfuza malik olduğunu bir daha təsdiqləmişdir. Məhz ulu öndərin uzaqgörənliklə atdığı bu addım nəticəsində dünyanın ən böyük enerji layihəsi olan, regional müstəvidən çıxaraq beynəlxalq əhəmiyyət daşıyan, ilk mərhələdə çoxlarına xəyal kimi görünən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası reallaşdırılmışdır. İstifadəyə verildiyi dövrdən keçən müddətdə özünü dəfələrlə doğruldan bu layihə ulu öndər Heydər Əliyev dühasının xalqımızın xoşbəxt gələcəyinə ərməğan etdiyi bir əsər kimi hələ neçə əsrlər bundan sonra da öz əhəmiyyətini qoruyub saxlayacaqdır.

Azərbaycanın yeraltı təbii sərvətləri, qiymətli neft yataqları yüz illər öncəsindən Bakıya gəlmiş iri sahibkarların sərvətini artırmış, xalqların müqəddəratının həll olunduğu cahan müharibələrində gen-bol istifadə olunmuşdur. Lakin XX əsrin sonlarında dünyada gedən mürəkkəb proseslər, müstəqillik və yeni siyasi qütbləşmə cərəyanları bir anda diqqətləri yenidən Azərbaycana çevirdi. O dövrdə bütün dünya yenidən müstəqilliyinə qovuşmuş bu gənc respublikanın atacağı addımı, onun yürüdəcəyi enerji strategiyasının nə olacağını maraqla izləyirdi. İndi həmin tarixə qısa bir nəzər salanda, o dövrün mürəkkəb siyasi, sosial-iqtisadi və hərbi vəziyyəti şəraitində ölkəmizin gələcək enerji strategiyasını müəyyən etmiş qərarların hansı çətin seçimlər qarşısında verildiyini görmək mümkündür. Bu baxımdan 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən başlayaraq ölkəmizin son illərdə qoşulduğu TANAP, TAP və digər iri enerji layihələrinin icrasınadək keçən yolda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin region üçün həm iqtisadi, həm siyasi, həm də etibarlı əməkdaşlıq perspektivləri son dərəcə açıq görünməkdədir.
Məhz bu tarixi addımla Azərbaycanın müstəqil bir dövlət kimi öz sərvətlərinə tam sahib olduğu bütün dünyaya nümayiş etdirildi. “Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edən ulu öndər Heydər Əliyev bu barədə demişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”.
10 il əvvəl – 2005-ci il mayın 25-də kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi və Səngəçal terminalından boru xəttinə ilk xam neftin vurulmasından keçən dövr göstərir ki, bu unikal layihənin həyata keçirilməsi üçün verilmiş müdrik tarixi qərar bölgənin iqtisadi inkişafı və siyasi sabitliyi üçün nə qədər vacib olmuşdur. Bu gün dünyanın bir sıra dövlətləri arasında reallaşdırılmasına cəhdlər göstərilən enerji layihələrinə, müxtəlif uğursuz əməkdaşlıq təşəbbüslərinə nəzər saldıqda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşasının uğurla başa çatmasına bir möcüzə kimi baxa bilərik. Lakin çoxlarının əfsanə kimi baxdığı bu layihə artıq möcüzə deyil, real fəaliyyət göstərən, bütün təzyiqlərə baxmayaraq, iqtisadi cəhətdən rentabelli, ekoloji cəhətdən təmiz, texnoloji cəhətdən təhlükəsiz boru xətti kimi fəaliyyət göstərir. Bu kəmərin inşası sübut etdi ki, xalqlar arasında qarşılıqlı inam, dövlətlər arasında sıx əməkdaşlıq və dövləti idarə edən liderin tərəqqiyə yönəlmiş iradəsi olduqda istənilən çətin işi görüb başa çatdırmaq mümkündür.
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri təkcə dəyəri 4 milyard ABŞ dolları olan bir tikinti deyildir. Bütün alternativ iqtisadi, ekoloji və təhlükəsiz neft daşınması prioritetləri baxımından qiymətləndirdikdə bu beynəlxalq neft kəmərinin kommersiya dəyərindən daha qiymətli cəhətlərini hesablamaq mümkündür. Məhz bu layihə onun ideya müəllifi olan Azərbaycan Respublikası ilə yanaşı, kəmərin keçdiyi Gürcüstan və Türkiyə respublikalarının enerji təhlükəsizliyi, iqtisadi inkişafı, hətta yüksəkkeyfiyyətli Bakı nefti əldə edən neft istehlakçılarının maraqları baxımından da mühüm əhəmiyyət daşıyır.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin fəaliyyətə başlaması ilə on minlərlə yeni daimi iş yerləri yaradıldı. Bütün bunlar layihənin milyonlarla insanın həyatında hansı təsir gücünə malik olduğunu göstərməkdədir. İxrac olunan neftdən əldə olunan gəlirlər isə başda bu qiymətli sərvətin sahibi olan Azərbaycan dövlətinin, eləcə də layihənin ortaqları olan şirkətlərin iqtisadi mənafelərinə, xalqımızın milli maraqlarına öz töhfəsini verdi. Həmçinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunan neftdən əldə olunan gəlir ölkə­mizdə bank, sığorta, tikinti, nəqliyyat, yeni texnologiyaların tətbiqi və turizm sahəsində geniş perspektivlər açdı, region ölkələri arasında bunun kimi irimiqyaslı digər layihələrin həyata keçirilməsi üçün mühüm təcrübə qazanıldı və böyük investisiya axını yarandı. Kəmərin tikintisi və istismarı dövründə təkcə bir sahədən – biznes adamlarının, mühəndislərin, işçilərin ölkələr arasındakı işgüzar hərəkəti ilə yaranan turizm münasibətlərindən nə qədər əlavə gəlir formalaşdığını təsəvvür etmək çətin deyildir.
Bu gün Azərbaycanın enerji sahəsində əldə etdiyi inkişaf birbaşa ölkə əhalisinin rifahına xidmət edir. Layihədən əldə olunan gəlirlər ölkə­mizdə qeyri-neft sektorunun inkişafına və əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. Azərbaycanda regionların inkişafı üzrə bir-birinin ardınca uğurla həyata keçirilən müxtəlif dövlət proqramları, ölkənin hər yerində tikilən yüzlərlə və minlərlə elm, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman infrastrukturu obyektləri, çəkilən yeni yollar, abadlaşdırılan kənd və qəsəbələr, qeyri-neft sektoru üzrə istifadəyə verilən istehsal sahələri bu gün ümummilli liderimiz Heydər Əliyevin ideya müəllifi olduğu, ulu öndərimizin adını daşıyan nəhəng Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin tikintisi üçün ortaya qoyulmuş siyasi iradənin davamı ilə mümkün olmuşdur.
1990-cı illərin ağır şəraitində ölkə­mizə edilən təzyiqlərə baxmayaraq, qətiyyətli addım ataraq neft strategiyasını müdrikliklə həyata keçirən ümummilli liderimizin siyasi xətti bu gün uğurla davam etdirilir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ilə reallaşan və ulu öndərin bir neçə onilliklərə hesablanan neft strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, ölkəmizin beynəlxalq əməkdaşlıq arenasında etibarı daha da möhkəmlənir.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin uğurlu icrası onu da göstərdi ki, Azərbaycan heç kimdən asılı olmadan öz milli maraqları naminə bütün mümkün alternativləri seçmək gücündədir. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan nefti, Azərbaycanın təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir və bu əsas məqsəddir”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR