Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Biz Heydər Əliyev ideyalarına sadiq yaradıcı gənclərik” mövzusunda tədbir keçirilib.
Muxtar respublika Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə mərkəzin foyesində istedadlı gənclərin yaradıcılığına həsr edilən sərgi ilə tanış olublar.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, Azərbaycanda gənclərimizə göstərilən hərtərəfli diqqət və qayğı günü-gündən daha da artır. Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənc nəslə qayğını həmişə ön plana çəkib. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ümummilli liderimiz gənclər siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Ulu öndərimizin təməlini qoyduğu dövlət gənclər siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni bir mərhələyə qədəm qoyub.
Dövlət gənclər siyasətinin Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirildiyini bildirən Azad Cabbarov qeyd edib ki, son 17 ildə muxtar respublikada gənclərin sağlam, vətənpərvərlik ruhunda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər görülür. Bu gün muxtar respublikada məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında irəli çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan, etimaddan xəbər verir. Gənclik mərkəzlərinin, kitabxanaların, mədəniyyət evlərinin, ali təhsil müəssisələrində yeni tədris korpuslarının, yeni məktəb binalarının, olimpiya idman komplekslərinin tikilərək, yaxud yenidən qurularaq gənclərin istifadəsinə verilməsi regionumuzda gənc nəslin asudə vaxtının səmərəli təşkil olunması, bilikli və bacarıqlı yetişməsi, intellektual səviyyəsinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bütün bu işlərin görülməsində məqsəd ölkəmizdə, eləcə də muxtar respublikamızda sağlam, müasir biliklərə yiyələnmiş, dünyada ölkəmizi layiqincə təmsil edə biləcək gənc nəslin formalaşdırılmasıdır. Sevindirici haldır ki, bu məqsədlərə nail olunur.
Vurğulanıb ki, hazırda muxtar respublikada gənclər fəal təbəqəyə çevriliblər. Onlar elm, təhsil, incəsənət, idman və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tuturlar.
Qeyd olunub ki, 2013-cü il muxtar respublikada “Heydər Əliyev ili” elan edilib. Bu il hər bir gənc ölkəmizin, eləcə də muxtar respublikamızın inkişafında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sadiqlik göstərməlidir.
Sonra gənc rəssam Bəhruz Quliyev, gənc şair Elnur Kəlbizadə çıxış edərək bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 31 yanvar 2012-ci il tarixli Fərmanı təkcə yaradıcı gənclər tərəfindən deyil, ümumilikdə, muxtar respublika ictimaiyyəti tərəfindən minnətdarlıqla qarşılanıb.
Sonra Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin kollektivi bir-birindən maraqlı bəstəkar mahnıları ilə tədbir iştirakçıları qarşısında çıxış edib. Dünya, eləcə də Azərbaycan bəstəkarlarının istedadının məhsulu olan bu mahnıların ustalıqla ifası alqışlarla qarşılanıb.
Səbuhi HÜSEYNOV