23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Şəhər İcra Hakimiyyətində “Bələdiyyə orqanlarında qanunçuluğa əməl olunması və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov açaraq Naxçıvan şəhərində bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə ilə çıxış edərək bildirib ki, nazirlik tərəfindən muxtar respublikada bələdiyyələrə metodik köməkliklərin göstərilməsi istiqamətində işlər mütəmadi davam etdirilir. Ötən müddətdə Naxçıvan şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrdə qanunvericiliyin təmin olunması və kargüzarlığın müvafiq aktların tələblərinə uyğun aparılmasının öyrənilməsi məqsədilə yoxlamalar keçirilib, aşkar olunan nöqsanların aradan qaldırılması üçün bələdiyyələrə hərtərəfli metodik köməkliklər göstərilib. Lakin nazirlik tərəfindən görülən işlərə, keçirilən maarifləndirici tədbirlərə, eləcə də verilmiş tövsiyə və təkliflərə baxmayaraq, Naxçıvan şəhəri üzrə bələdiyyələrin fəaliyyətində hələ də nöqsanlar və çatışmazlıqlar qalmaqdadır. Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, onlara metodoloji yardımın göstərilməsi, bələdiyyə üzvü və qulluqçularının peşəkarlığının artırılması və digər məsələlər daim diqqətdə saxlanılır, bələdiyyələrin maarifləndirilməsi məqsədilə onlara müxtəlif hüquqi və metodik köməklik göstərilir. Eyni zamanda bələdiyyə üzvləri və qulluqçuları Ədliyyə Akademiyasında tədris tədbirlərinə cəlb olunur, onların hazırlanması və ixtisaslarının artırılması həyata keçirilir. Təkcə bu il ərzində 20 bələdiyyə sədri Ədliyyə Akademiyasına göndərilib ki, bunlardan 3-ü Naxçıvan şəhəri üzrə bələdiyyə sədrləridir. Bu proses gələcəkdə də davam etdiriləcək.

Ədliyyə naziri deyib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən mövcud qanunlara və başqa normativ-hüquqi aktların tələblərinə riayət edilməsinə, bələdiyyə tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına xidmət edir.
Muxtar respublikada aparılan hərtərəfli abadlıq və quruculuq işləri çərçivəsində bələdiyyələrin də müasir iş şəraiti ilə təmin olunduğunu bildirən Ədliyyə naziri qeyd edib ki, ötən il bələdiyyələrin sırasından işində fərqlənən, seçilən 8 nəfər bələdiyyə sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub. Göründüyü kimi, muxtar respublika rəhbəri bütün sahələr kimi, bələdiyyə sahəsinin də inkişafını diqqətdə saxlayır.
Sonra məruzə ətrafında müzakirələr aparılıb, bələdiyyə orqanlarında qanunçuluğa əməl olunması ilə bağlı qarşıda duran vəzifələrdən danışılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR