23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri
bunu bir daha sübut etdi

Dünyanın istənilən ordusunun döyüş qabiliyyətini, gücünü iki halda müəyyənləşdirmək olar: birincisi, genişmiqyaslı hərbi təlimlərdə, ikincisi isə müharibədə. Son dövrlər Azərbaycan Silahlı Qüvvələri və onun tərkib hissəsi olan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu istər hərbi təlimlərdə, istərsə də təcavüzkar düşmənin təxribatlarına qarşı ildırımsürətli cavab zərbələrində öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Ötən günlərdə Naxçıvan Muxtar Respublikasında keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də ordumuzun yüksək döyüş hazırlığına malik olduğunu bir daha sübut etdi.

Əgər Əlahiddə Ümumqoşun Ordusu özünün yüksək döyüş qabiliyyəti, nizam-intizamı və silah-sursat təchizatı ilə NATO kimi qüdrətli hərbi-siyasi təşkilatda dünyanın supergücü olan Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə qərarlaşan, Avropada isə analoqu olmayan Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirdiyi hərbi təlimlərdə öz gücünü nümayiş etdirə bilirsə, bu, o deməkdir ki, blokada vəziyyətində yaşayan Naxçıvanın müdafiəsi çox yüksək səviyyədə təşkil olunub. Yəni bu gün Əlahiddə Ümumqoşun Ordusu qədim diyarın sürətli yüksəlişinin, intibahının qarantıdır.
Dost və qardaş ölkələr Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin güc birliyinin göstəricisi olan hərbi təlimlərin nəticələri bu gün Azərbaycan Ordusunun Cənubi Qafqazın ən qüdrətli silahlı qüvvəsinə çevrildiyini göstərdi.

Təlimlərdə hər iki Silahlı Qüvvələrin şəxsi heyəti verilən döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirməklə eyni zamanda iki ordu arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu nümayiş etdirdi. 1000-dən artıq şəxsi heyətin, 150-dən artıq döyüş və digər texnikanın, 50-yə yaxın artilleriya və reaktiv qurğunun, 4 atəş dəstək vertolyotunun, 6 ədəd zenit-raket qurğusunun iştirak etdiyi təlimin ssenarisinə əsasən, hava-hücumundan müdafiə bölmələri zenit-raket kompleksi vasitələri ilə dövlət sərhədini pozan düşmən təyyarələrini məhv edib. Hərbi birləşmələrimiz yaylım atəşli reaktiv silahlar vasitəsilə hücuma keçən düşmənin idarəetmə məntəqələrini, canlı qüvvəsini, döyüş texnikalarını, artilleriya və minaatan batareyalarını zərərsizləşdirib, dayaq məntəqələrini və qovşaqlarını dağıdıb. Sonra atəş dəstək və döyüş-nəqliyyat vertolyotlarının müşayiəti ilə düşmən müdafiəsinin yaxın dərinlikdəki zirehli obyektlərinə zərbələr endirilib və düşmən üzərində atəş üstünlüyü əldə edilib.
Bu məqamda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun yüksək döyüş qabiliyyətini bir daha görmək mümkün oldu. Belə ki, təmas xətti boyu mövqelərini gücləndirən və atəş üstünlüyünə yiyələnən Əlahiddə Ümumqoşun Ordusu bundan sonra düşmənə qarşı əks-hücum əmrini yerinə yetirib.
Daha sonra Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri Türkiyə Respublikası Silahlı Qüvvələrinin gücləndirilmiş tabor taktiki qrupları ilə birlikdə düşmən müdafiəsinin ön xəttini yarıb, piyada döyüş maşınları və tanklar dərinliklərə nüfuz ediblər. Artilleriya bölmələri atəş mövqeyini dəyişməklə hücum edən bölmələrə dəstək verib, Əlahiddə Ümumqoşun Ordusunun ön dəstələri sürətli hücum təşkil edərək qarşı tərəfin mühüm rayonlarını ələ keçiriblər.
Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirib, birgə hərbi təlim müvəffəqiyyətlə başa çatıb.
Sonda hərbi vertolyotlar Azərbaycan və Türkiyə bayraqlarını səmada dalğalandıraraq iki qardaş ölkənin dostluğunu, qardaşlığını bir daha nümayiş etdirib. Türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikirlərinin səsləndirilməsi isə ölkəmizin ulu öndər tərəfindən müəyyənləşdirilən siyasi-ideoloji xəttə sadiq qaldığını, bu xəttin bütün sahələr üzrə uğurla davam etdirildiyini göstərdi.
Ümummilli lider Heydər Əliyevin yolunu davam etdirmək isə qurucu­luq, inkişaf, yüksəliş yolunun davam etdirilməsi mənasına gəlir. Çünki dahi şəxsiyyətin yolu bizi təhlükəsiz, parlaq gələcəyə aparır. Bu yolda Vətənimizin bu günü və gələcəyi üçün həyativacib strateji məqamlar öz əksini tapıb. Bütün dövrlərdə ümummilli liderin həyata keçirdiyi dövlət siyasətinin ana xəttini ölkənin milli maraqlarından doğan strateji əhəmiyyətli məsələlərin həlli təşkil edirdi. Tarixə nəzər yetirək: ulu öndər Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdıqdan qısa müddət sonra xalqın təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi və cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı mühüm qərarlar qəbul etdi, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən müvafiq dövlət qurumu yaratdı. 1992-ci il sen­tyabrın 15-də isə Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edildi, bununla da, Azərbaycanda milli nizami ordunun yaradılmasına başlanıldı. 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanda ordu quruculuğunu prioritet elan etdi, onun qayğısı ilə 1995-ci ildə muxtar respublikada yerləşən 705 saylı motoatıcı briqada motoatıcı diviziyaya çevrildi. Naxçıvanın intibah tarixinin yazılmağa başlandığı həmin ildən etibarən buradakı ordu hissələrinin təminatı yaxşılaşdırıldı, orduda xidmətə başlayan hərbi təhsilli kadrların sayı getdikcə artmağa başladı. 1998-ci ildə muxtar respublikamızın müdafiəsinin təşkilində mühüm rol oynayan 705 saylı diviziyanın bazasında ordu korpusu yaradıldı. Ümummilli liderin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2013-cü ilin dekabrında imzaladığı Fərmanla Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə yuxarıda adıçəkilən ordu korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradıldı. Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu elə bir səviyyəyə yüksəlib ki, dünyanın qabaqcıl ordularından biri olan Türkiyə Silahlı Qüvvələri ilə ayaqlaşır, onunla birlikdə hərbi təlimlərdə böyük nailiyyətlər əldə edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov qardaş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri, eləcə də tədbir iştirakçılarını Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik etdikdən sonra bu həqiqəti bir daha ifadə edərək deyib: “Bu təlimlər müstəqil ölkələrimizin iqtisadi və hərbi qüdrətinin göstəricisidir. 20-ci yüzilliyin əvvəlində böyük Mustafa Kamal Atatürk türk ordusunu yaratmaqla qardaş Türkiyəni xilas etdi. Həmin əsrin sonunda müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev də milli ordumuzu yaratmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı taleyüklü işlərin və vəzifələrin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Ordusu müstəqilliyimizin təminatçısıdır. Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikası ərazisindəki birləşmə və hissələri də böyük təşkilatlanma yolu keçmişlər. Naxçıvandakı motoatıcı briqada quruculuq tədbirləri nəticəsində peşəkar hərbi heyətə və güclü maddi-texniki bazaya malik Əlahiddə Ümumqoşun Ordusu səviyyəsinə gəlib çatmışdır”.
Azərbaycan-Türkiyə birgə hərbi təlimləri həm də iki qardaş ölkə arasındakı səmimi, qarşılıqlı, faydalı əlaqələrin nəticəsi, strateji tərəfdaşlıq münasibətlərinin təcəssümü kimi diqqəti cəlb edir. Azərbaycan ilə Türkiyənin qonşuluq, dostluq münasibətləri region ölkələri üçün nümunədir. Bu əlaqələri xarakterizə edən əsas məqam isə təmənnasız qardaş köməyi, qardaş dəstəyidir. Tarixboyu bu iki ölkə qarşılıqlı olaraq bir-birinə təmənnasız dəstək verib. Azərbaycanlılar Çanaqqalada, Türk Qurtuluş Savaşında Türkiyə uğrunda canlarını fəda ediblər, türkiyəli qardaşlarımız isə həm 1918-ci ildə, həm də ötən əsrin 90-cı illərinin əvvəllərində bizə arxa-dayaq olublar. Bu gün isə iki qardaş ölkə çiyin-çiyinə verərək çox mühüm qlobal layihələri gerçəkləşdirir, regionun təhlükəsizliyi üçün əsaslı addımlar atırlar. Region üçün ən böyük təhlükə isə, heç şübhəsiz, Ermənistanın aqressiv təcavüzkar siyasətidir.
Ali Məclisin Sədri işğalçı erməni ordusu ilə üz-üzə dayanan Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin yeni standartlar əsasında formalaşdırılmasında Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin təmənnasız köməyini xüsusi qeyd edib, qardaş Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə dərin hörmət və ehtiramını bildirərək deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əlaqələrimizin strateji əhəmiyyətini qiymətləndirərək demişdir: “Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür”. Bu gün bu güc, bu birlik böyük Atatürkün vaxtı ilə “türkün qapısı” adlandırdığı Naxçıvanda özünü bütün əzəməti ilə bir daha göstərdi. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bir tərəfdən ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlığın, qardaşlığın göstəricisidirsə, digər tərəfdən ümummilli lider Heydər Əliyevin kəlamları ilə desək – iki dövlətin bir millətin bir ordusunun birliyinin nümunəsidir”.
Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bir daha göstərdi ki, Naxçıvandakı hərbi birləşmələrin döyüş hazırlığı yüksək səviyyədədir və şəxsi heyət istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri çıxışında digər bir mühüm məqama diqqət çəkdi. Bu, hərbçilərimizdə vətənpərvərliyin və mənəvi-psixoloji hazırlığın səviyyəsinin yüksək olması ilə bağlıdır. Silahlı Qüvvələrimizin aparıcı hissəsini, heç şübhəsiz, gənclər təşkil edir. Bu mənada onların əsl vətənpərvər kimi yetişməsi və öz üzərlərinə düşən tarixi missiyanı ləyaqətlə yerinə yetirməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Sevindirici haldır ki, ordumuzun şəxsi heyəti müdafiə qüdrətini artırmaq və düşmənə həlledici zərbə endirmək üçün istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlıq baxımından daim ciddi irəliləyişlərə imza atır, bununla da, dövlətin və xalqın etimadını doğrultmağa çalışır.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev də Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının yüksək səviyyədə olduğunu bildirərək demişdir: “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR