23 Dekabr 2024, Bazar ertəsi

Unutmayaq: tarixi qələbələr işğalla barışmayan millətlərin parlaq taleyidir

Dağlar qoynunda yerləşən, laçınlar, igidlər məskəni kimi tanınan, füsunkar təbiəti hər kəsi heyran edən strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il may ayının 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Həmin ilin o ağır günlərini xatırlamaq nə qədər çətin olsa da, bu, bizim yaşadığımız tarixdir. Tariximizi unutmaq isə həm də işğal altında olan laçın diyarlarımızı unutmaq deməkdir. Xatırlayaq. Xatırlayaq ki, unutmayaq. Unutmayaq ki, tarixi qələbələr həm də işğal faktı ilə barışmayan millətlərin parlaq taleyidir.

Tarixən bizim olan Laçın...

Yüzilliklərdir, ata-babalarımız bu torpaqları göz bəbəkləri kimi qoruyublar. Bir sıra tarixçilərin qənaəti budur ki, oradakı abidələr tarixi eramızdan əvvəl II-I minilliyə aid edilən Azıx (Xocavənd rayonu) və Tağlar (Cəbrayıl rayonu) mağaraları ilə müqayisə edilə bilər. XII əsrin sonu, XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandığı üçün Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yerlər, toponimlər çoxdur: Xaçınyalı kəndi, Bozlu kənd ərazisində Xaçın yalı, Xaçın daşı və sair.

1828-ci il Türkmənçay müqaviləsinə əsasən, Cənubi Qafqaza ermənilərin kütləvi şəkildə köçürülməsinə başlansa da, o vaxt Laçın bölgəsində ermənilərin məskunlaşdırılması mümkün olmadı. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra Laçın bölgəsi 1829-cu ildə yeni yaradılan Qarabağ əyalətinə, 1861-ci ildə isə Zəngəzur qəzasına qatıldı. 1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində erməni dəstələrinin törətdiyi qırğınlarda xeyli müsəlman həlak olsa da, bu, laçınlıların iradəsini qıra bilmədi. Bu, özünü Andranikin silahlı dəstələrinə qarşı mübarizədə daha aydın göstərdi. Bu məsələdən xəbər tutan Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy öz dəstələri ilə Laçın-Zabux yolundakı bir dərədə Andranikin qoşununu mühasirəyə saldı. Bu döyüşdə Andranik, demək olar ki, bütün qüvvəsini itirdi və ancaq bir neçə nəfərlə qaçıb canını qurtardı. Bundan sonra o bir daha həmin bölgəyə yaxın düşə bilmədi.
Həmin döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlıları da igidliklə, mərdliklə vuruşurdu. Ancaq əməliyyatları başa çatdırmaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu. Bolşeviklərin təzyiqi altında 1920-ci il noyabrın 30-da Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclası Zəngəzur bölgəsinin 2 yerə bölündüyünü qəbul etdi və nəticədə, onun 3105 kvadratversti Laçın da daxil olmaqla, Azərbaycan SSR tərkibində qaldı, 3637 kvadratverstlik hissəsi isə Ermənistana verildi.

Yüzilliklərboyu ata-babalarımız tərəfindən göz bəbəyi kimi
qorunan Laçın erməni işğalında...

İllər keçsə də, bu gün də hər kəsi bu sual düşündürür: yüz­illiklərboyu ata-babalarımız tərəfindən göz bəbəyi kimi qorunan Laçın necə oldu ki, işğal edildi? Axı ən ağır illər hesab edilən 1905-ci və 1918-ci illərdə Laçın yenə də ermənilərə məğlub olmayıb. Bu torpağın mərd oğulları onun keşiyində həmişə inamla dayanıblar. Bəs onda 1992-ci ildə niyə Laçını qoruya bilmədik?
Məsələyə aydınlıq gətirmək üçün 1992-ci ilin siyasi mənzərəsinə diqqət yetirməliyik. Həmin il ölkədə rəsmən hakimiyyətsizlik, xaos, qarşıdurma, özbaşınalıq, aclıq və səfalət hökm sürürdü. Vəzifəpərəstlərin hakimiyyət davası, xəyanətkar əməlləri, təxribatlar və saymaqla bitməyən səbəblər...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Laçının işğal altına düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük faciəsidir... Əgər ulu öndər o vaxt, Azərbaycan üçün həlledici anlarda hakimiyyətdə olsaydı, Laçın heç vaxt işğal altına düşməzdi”.
Azərbaycandakı hərc-mərclikdən məharətlə istifadə edən ermənilər Şuşadan sonra çox mühüm strateji əhəmiyyəti olan Laçını işğal planını həyata keçirdilər. Vətənimizin igid övladlarının bütün cəhdlərinə baxmayaraq, füsunkar Azərbaycan incisi düşmənin əlinə keçdi. Erməni barbarlar rayonun bir şəhər və qəsəbəsini, 125 kəndini, 1835 kvadratkilometrlik ərazisini vəhşiliklə dağıtdılar. Bu qəsbkarlıq nəticəsində rayon ərazisindəki 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələrimiz erməni vandalizminə məruz qaldı. 13745 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat müəssisəsi və digər obyektlər bütün əmlakı ilə birlikdə talan və məhv edildi.
72 min hektarlıq yaylaq sahəsi, 34 min hektar nadir və zəngin meşə zolağı olan Laçın rayonunda ictimai və şəxsi təsərrüfatlardakı 25 min baş iribuynuzlu heyvan və 200 min başdan artıq davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı işğal zonasında qalaraq qarət edildi. Müxtəlifrəngli mərmər, kobalt, bazalt, civə, qızıl, dəmir, uran, qranit yataqları, mineral bulaqlar, yeraltı və yerüstü sərvətlərimiz bu gün də dünya ictimaiyyətinin gözü qarşısında talan edilir. Bütövlükdə, o dövrkü qiymətlərlə rayona dəymiş ziyanın miqdarı 7 milyard ABŞ dollarından çoxdur.
Bu itkilərimiz içərisində ən ağırı işğal zamanı rayon sakinlərindən 238 nəfərin ermənilər tərəfindən işgəncələrlə və insanlığa sığmayan üsullarla öldürülməsi, 66 nəfərin itkin düşməsi, 120 nəfərin əlil və şikəst olması, yüzlərlə uşağın bir valideynini, o cümlədən 31 uşağın isə hər iki valideynini itirməsidir.
İşğal nəticəsində 58 mindən çox rayon sakini respublikanın 59 rayon və şəhərində 800-dən çox yaşayış məntəqəsinə səpələndi. Ev-eşiklərini itirmiş məcburi köçkünlər çadır və vaqonlarda, yararsız binalarda ağır vəziyyətdə yaşamağa məcbur oldular.
Torpaqlarından didərgin düşmüş vətəndaşların güzəranının yaxşılaşdırılması yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə əsas problem kimi diqqət mərkəzində olmuşdur. Həmin kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin laçınlılara göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq, Taxtakörpü qəsəbəsində və məcburi köçkünlərimizin sıx məskunlaşdığı digər ərazilərdə genişmiqyaslı tikinti-quraşdırma, abadlıq işləri görülüb.

Biz o torpaqlara zəfərlə qayıdacağıq...

Tarixdə heç bir qəsbkar, işğalçı, zalım öz “qələbəsini” sonadək qoruyub saxlaya bilməyib. Bu baxımdan da işğalçı Ermənistanın heç bir şansı yoxdur. Əslində, onlar heç zaman Azərbaycanın hansısa ərazisini işğal etmək iqtidarında olmayıblar. Sadəcə, güclü himayədarlarının dəstəyi nəticəsində həmişə qonşu torpaqlarından faydalanıblar.
Amma işğalçıların “dövranı” artıq bitib. İndi zaman müstəqil, qüdrətli Azərbaycan Respublikasının xeyrinə işləyir. Bu gün azərbaycanlıların güclü dövləti, qətiyyətli lideri, yüksək döyüş qabiliyyətinə malik ordusu var. Buna görə də son dövrlər cəbhə xəttində baş verən hadisələrdən sonra Ermənistanda ciddi təşviş yaranıb. Azərbaycanda isə vəziyyət tamam başqadır, əhali qüdrətli ordumuzun düşmənin təxribatçı qüvvələrinə qarşı apardığı uğurlu hərbi əməliyyatları görür və insanlarda yüksək əhval-ruhiyyə yaranır. Bu gün gənclər, hətta yaşlı nəslin nümayəndələri də, keçmiş Qarabağ döyüşçüləri, veteranlar da ölkə başçısına, Ali Baş Komandana müraciət edərək onun əmrini gözlədiklərini inamla bildirirlər. Bu barədə danışan dövlət başçısı deyib: “Azərbaycan xalqının səbri artıq tükənir. Bizim imkanımız, bizim güclü ordumuz vardır. Cəmiyyətdə çox gözəl ab-hava, vətənpərvərlik ruhu vardır. Mən deyirəm, yüzlərlə gənc indi cəbhə bölgəsində əməliyyatlarda könüllü kimi gedib iştirak etmək istəyir. Ehtiyac yoxdur. Ordumuz vardır. Ordumuz öz vəzifə borcunu layiqincə yerinə yetirir. Amma bu, cəmiyyətin duyğularını, vəziyyətini göstərir. Bu gün Azərbaycan vətəndaşları fəxr edirlər ki, Azərbaycan dövlətində yaşayırlar. Bu dövlətin vətəndaşlarıdır. Çünki Azərbaycan müstəqil siyasət aparır. Bu siyasətin mərkəzində Azərbaycan xalqının maraqları dayanır. Xalqın maraqları hər şeydən üstündür. Biz bu siyasəti bütün istiqamətlər üzrə davam etdirəcəyik”.
Azərbaycan cəmiyyətinin bu inamı, dövlət başçımızın güclü siyasi iradəsi, qüdrətli ordumuzun yüksək döyüş qabiliyyəti düşmən tapdağında olan bütün torpaqlarımızın, o cümlədən Laçının da işğaldan azad ediləcəyinə tam əminlik yaradır. Tezliklə biz o torpaqlara zəfərlə qayıdacağıq. Bizim üçrəngli, aylı-ulduzlu dövlət bayrağımızın Şuşada, Xankəndidə, Laçında dalğalanacağı gün uzaqda deyil.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR