Dünən Ordubad rayonunda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı seminar keçirilib.
Seminarda rayonun şəhər, qəsəbə və kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açıb.
Seminarda Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, hazırda Ordubad rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən doğumun, nikahın, ölümün qeydiyyatı və bir sıra notariat hərəkətləri aparılır ki, bu əməliyyatlar 29 icra nümayəndəliyi tərəfindən rəsmiləşdirilir. Rayonun inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vəziyyətinin öyrənilməsi məqsədilə 2009-2014-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 12 dəfə yoxlama keçirilib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün onlara hərtərəfli metodik köməklik göstərilib. Lakin bütün maarifləndirmə tədbirləri və yoxlamalara baxmayaraq, adıçəkilən qurumların vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsindəki fəaliyyətlərində nöqsanlar qalmaqdadır. 2014-cü ildə və 2015-ci ilin I rübü ərzində keçirilən yoxlamalar zamanı Gənzə, Yuxarı Əndəmic və Düylün kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin işində nöqsanlar aşkara çıxarılıb.
Bildirilib ki, hər bir inzibati ərazi dairəsi üzrə nümayəndə fəaliyyətini qanunvericiliyə uyğun təşkil etməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, kargüzarlıq qaydalarını müəyyən edən təlimatın tələblərinə əməl etməli və vətəndaşlıq vəziyyəti aktları qeydə alınmasına görə dövlət rüsumu ödənildikdən sonra müvafiq əməliyyatı rəsmiləşdirməlidir.
Tədbirdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı məsələlər barədə ətraflı bəhs edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov yekun vurub.
Xəbərlər şöbəsi