22 Dekabr 2024, Bazar

Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini mülki müdafiə xidmətlərinə, insanların və onların əmlakının xilas edilməsinə, təhlükəsizliyin təmin edilməsinə və ətraf mühitin qorunmasına yönəltməkdir.
Müasir dövrdə bəşəriyyət öz təsərrüfat fəaliyyəti ilə ətraf mühitin tarazlığını pozmaqla təbii fəlakətlərin təkrarlanmasını, gücünü və miqyasını artırır. Təkcə son 10 ildə təbii fəlakətlərin sayı 3 dəfə, iqtisadi itkilər isə 9 dəfə artmışdır. Bu mənada dünyanın 50-dən artıq ölkəsinin daxil olduğu Beynəlxalq Mülki Müdafiə Təşkilatı ən mürəkkəb fövqəladə hallarda cəmiyyətə yardım göstərir, əhatə etdiyi ölkələrdə mühafizə xidmətini inkişaf etdirir, mülki müdafiə təlimləri keçirir, bu sahədə tədqiqat işləri aparır və mülki müdafiə üzrə kadrlar hazırlayır. 1993-cü ildən bu nüfuzlu qurumun üzvlüyünə qəbul edilən Azərbaycan Respublikası təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Şübhəsiz ki, bu, ölkəmizin beynəlxalq nüfuzuna, dünyanın inkişaf etmiş dövlətlərində mühafizə sahəsində əldə olunmuş qabaqcıl təcrübəyə yiyələnməsinə, mülki müdafiənin maddi-texniki bazasının möhkəmləndirilməsinə müsbət təsir göstərmişdir.

Hazırda dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da mülki müdafiə sisteminin qarşısında iki mühüm məsələnin həlli durur. Birincisi, əhalini və iqtisadiyyatı təbii fəlakətlərin, habelə istehsalatda, nəqliyyatda və məişətdə baş verən dəhşətli qəzaların nəticələrindən xilas etmək, ikincisi isə müharibə dövründə dinc əhalini və imkan daxilində iqtisadiyyatı qorumaqdır. 
Ölkəmizdə mülki müdafiə sisteminin müasir tələblər səviyyəsində formalaşması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra təbii və texnogen fəlakətlərdən əhalinin etibarlı surətdə mühafizəsinin təşkili üçün konkret addımlar atılmış, xilasedici mütəxəssislərin hazırlanması diqqət mərkəzində saxlanılmış, bununla bağlı mühüm qərarlar qəbul edilmişdir. Mülki müdafiə sisteminin maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, onun qanunvericilik bazasının möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanmış, 1997-ci il iyunun 10-da “Yanğın təhlükəsizliyi haqqında”, 1997-ci il dekabrın 30-da “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Ümummilli liderimizin diqqət və qayğısı sayəsində yanğın təhlükəsizliyi xidməti üçün milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilmiş, 1996-cı ildə Yanğından Mühafizə Tədris Mərkəzinin bazasında Bakı Yanğın Texniki Məktəbi yaradılmışdır.
Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin təhlükəsiz şəraitdə yaşaması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Respublikamızın seysmik zonada yerləşməsi, təbii fəlakətlərin başvermə ehtimalının yüksək olması, həmçinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması prosesinin vahid mərkəzdən idarə olunmasını təmin etmək üçün ölkə başçısının müvafiq fərmanı ilə 2005-ci il dekabrın 16-da Azərbaycan Respublikasında Fövqəladə Hallar Nazirliyi təşkil olunmuş, onun maddi-texniki bazası gücləndirilmişdir.
Son illər muxtar respublikamızda da ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğınların söndürülməsinin təşkili və mülki müdafiə işinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inkişafına xüsusi diqqət göstərilmiş, onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir.
Nazirlik sistemində struktur islahatlarının aparılması, idarəetmənin təkmilləşdirilməsi, peşəkar kadr potensialının yaradılması, müasir texnika və texnologiyaların iş prosesində tətbiqi də diqqət mərkəzində saxlanmış, bununla bağlı kompleks tədbirlər həyata keçirilmişdir. Son illər Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun Naxçıvan Şəhər Şöbəsinin inzibati binası əsaslı təmir işlərindən sonra istifadəyə verilmiş, Kəngərli, Şahbuz və Ordubad rayon şöbələri üçün yeni inzibati binalar və texniki qarajlar tikilmiş, Culfa, Sədərək şöbələrinin inzibati binalarında təmir işləri aparılmışdır. Rayon və şəhər şöbələrinin hər birinə müasirtipli minik və xüsusitəyinatlı avtomobillərin, xilas­etmə avadanlıqlarının verilməsi, Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin əsaslı təmir olunmuş inzibati binada fəaliyyət göstərməsi, Xüsusi Riskli Xilasetmə Xidməti üçün inzibati binanın istifadəyə verilməsi, Mülki Müdafiə Alayının maddi-texniki bazasının möhkəmləndirilməsi bu sahənin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Ötən il də Fövqəladə Hallar Nazirliyinin kollektivi üçün yaddaqalan olmuş, 2012-ci il mayın 30-da nazirliyin yeni inzibati binası istifadəyə verilmişdir. Binanın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmiş, görülən işləri yüksək qiymətləndirmişdir.
Nazirliyin inzibati binasında yaradılan Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin idarəetmə zalı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı müvafiq qurumlarla birlikdə baş vermiş hadisənin təhlil edilməsi və həlli üzrə qərarların qəbulu üçün nəzərdə tutulmuşdur. İdarəetmə zalı hadisə yerini birbaşa izləmək üçün monitorla təchiz edilmiş, burada videoəlaqə cihazları, baş verən hadisəni monitorda izləmək üçün fərdi monitorlar, səs sistemi, rabitə cihazı və elektron kürsü quraşdırılmışdır. Əməliyyat zalındakı elektron xəritədə muxtar respublikanın bütün infrastrukturu haqqında məlumat bazası yerləşdirilmişdir.
Muxtar respublikada təbii fəlakətlərin, texnogen qəzaların proqnozlaşdırılması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması vacib məsələlərdən biridir. Bu mənada çirklənmə nəticəsində Araz çayının gələcəkdə doğura biləcəyi fəsadlara daha çox diqqət yetirilir. Belə ki, Araz çayı Ermənistan tərəfindən məqsədli şəkildə çirkləndirilir. Hazırda çaya Ermənistanın 10-dan artıq sənaye şəhərinin məişət və sənaye çirkabları axıdılır. Muxtar respublikanın sərhədlərindən 90 kilometr uzaqlıqda Ermənistanın Oktemberyan rayonu ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti də bilavasitə Araz çayı ilə əlaqədardır və sutka ərzində çaya 12-16 min kubmetr çirkab axıdılır. Eyni zamanda istismar dövrü çoxdan başa çatan Metsamor Atom Elektrik Stansiyası potensial təhlükə mənbəyi olmaqla, təkcə Azərbaycan üçün yox, bölgə və Xəzəryanı dövlətlər üçün də təhlükəlidir. Stansiyanın tullantıları həm Azərbaycanın işğal edilmiş ərazilərində basdırılır, həm də Araz çayı vasitəsilə Xəzər dənizinə axıdılır. Yararsız halda olmasına baxmayaraq, hələ də istifadə edilən bu Atom Elektrik Stansiyası Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən böyük təhlükə və fəlakət mənbəyi kimi qəbul edilir. Göründüyü kimi, işğal olunmuş Azərbaycan ərazilərində meşə yanğınları törədən, ekoloji mühiti məhv edən ermənilər qonşu ölkələr üçün də böyük təhlükə yaradaraq köhnə AES-dən istifadəni davam etdirirlər.
Bütün bunlar muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallara çevik reaksiyanın verilməsini, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilas­etmə əməliyyatlarının aparılmasını, zərərçəkmişlərə ilkin yardımın və təxirəsalınmaz tibbi yardımın göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsinin təmin edilməsini zəruri edir.
Fövqəladə Hallar Nazirliyinin kollektivi göstərilən qayğıya, şəxsi heyət üçün yaradılan şəraitə cavab olaraq, bundan sonra da muxtar respublikamızın yeraltı və yerüstü təbii sərvətlərinin, bütün mülkiyyət formalarının, ən başlıcası isə insanların həyatının fövqəladə hallardan qorunması üçün qüvvə və səylərini əsirgəməyəcək, mülki müdafiə işinin nümunəvi təşkilinə çalışacaqdır.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR