Bu gün dünyada qloballaşma proseslərinin sürətləndiyi bir dövrdə dünya xalqlarının sülh və qardaşlıq şəraitində yaşaması, dünya xalqları arasında qarşılıqlı faydalı əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir. Artıq beynəlxalq münasibətlər özünün inkişaf mərhələsində elə bir səviyyəyə gəlib çatmışdır ki, təkcə ayrı-ayrı ölkələr arasında deyil, müxtəlif ölkələrin regional idarəçilikləri arasında əlaqələrin inkişafı labüddür və bu proses dünya xalqları arasında əlaqələrin daha da sıxlaşmasına şərait yaradır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da ölkəmizin müəyyən olunmuş vahid xarici siyasət xəttinə uyğun müxtəlif ölkələrin regionları ilə iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrini genişləndirir.
Hələ XX əsrin 90-cı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan xalqımızın ümummilli lideri Heydər Əliyev muxtar respublikamızın həmsərhəd ölkələrlə, bu ölkələrin ayrı-ayrı regionları ilə əlaqələrinin inkişaf etdirilməsini vacib məsələ kimi dəyərləndirmişdir. O zaman Türkiyə və İran İslam Respublikası ilə əlaqələrin qurulması sayəsində Naxçıvan Muxtar Respublikasını blokada şəraitində düşdüyü ağır vəziyyətdən çıxarmaq mümkün olmuşdur.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra da Naxçıvan Azərbaycanın xarici əlaqələrində mühüm rol oynamışdır. Son 17 il ərzində muxtar respublikanın xarici iqtisadi, mədəni, humanitar əlaqələrinin miqyası xeyli genişlənmişdir. Gürcüstanın Acarıstan Muxtar Respublikası ilə qurulan qarşılıqlı əlaqələr də mühüm əhəmiyyət daşıyır. Naxçıvanla Acarıstanın qardaşlıq və əməkdaşlıq münasibətləri qonşu və dost ölkələr olan Azərbaycanla Gürcüstanın hərtərəfli əlaqələrinin inkişafına təkan verir.
Acarıstan Gürcüstanın cənub-qərbində yerləşən muxtar respublikadır. Muxtar respublikanın ərazisinin böyük hissəsi Qara dənizin sahilində yerləşir. Əhalisinin əksəriyyətini gürcü müsəlmanları olan acarlar təşkil edir. Paytaxtı Batumi şəhəridir. Batumi limanı regiondakı iri transmilli layihələrin, o cümlədən Avropa-Asiya nəqliyyat dəhlizinin əsas qovşaqlarından biridir.
Qədim dövrlərdən bəri Kolxida və Qafqaz İberiyası dövlətlərinin tərkibində olmuş ərazi təxminən eramızdan əvvəl V əsrdə yunanların koloniyasına çevrilmiş, sonrakı dövrlərdə Roma, İran və Bizans imperiyalarının, Ərəb xilafətinin tərkibində olmuşdur.
Coğrafi baxımdan strateji əhəmiyyətə malik Acarıstan əsrlər boyu iki böyük imperiyanın – Osmanlı dövlətinin və çar Rusiyasının mübarizə meydanına çevrilmişdir. XVI əsrin ortalarından 1878-ci ilədək indiki Acarıstan ərazisi Osmanlının nəzarətində idi.
Naxçıvanla Gürcüstan və onun Acarıstan Muxtar Respublikası arasında tarixən müxtəlif əlaqələr, xüsusən də ticarət, təhsil və mədəniyyət əlaqələri olmuşdur. Tarixi mənbələrdə qeyd olunur ki, Naxçıvan xanlığının yaradıcısı olan Heydərqulu xan Kəngərli Gürcüstanın Kartli-Kaxetiya çarlığı ilə hərbi münasibətlər qurmuş, Acarıstanla Naxçıvan arasında mövcud olmuş siyasi-mədəni əlaqələr XVIII əsrin ortalarında daha da inkişaf etməyə başlamışdır.
Tarixçi alim, tədqiqatçı Musa Quliyev qeyd edir ki, 1916-cı ilə aid sənədlərdə naxçıvanlı yazıçı Əli Səbri Qasımovun Batumidə müsəlman-qaçqın cəmiyyətinin üzvü kimi çox fəal iştirakı öz əksini tapmışdır. Hətta yazıçı öz xatirələrində yazır ki, Batumidən Trabzona qədər ərazidə yaratdığımız xeyriyyə cəmiyyətinin fondundan müsəlman qaçqınlarına müxtəlif yardımlar göstərirdik. Naxçıvanlı digər bir şair – Ələkbər Qərib də bu cəmiyyətdə təmsil olunmuşdur.
Araşdırmalardan məlum olur ki, həmin illərdə həmyerlimiz polkovnik İbrahim bəy Qədimov Ərdəhan və Batumidə hərbi fəaliyyət göstərmiş, zorakılığa məruz qalan dinc müsəlmanların mənafeyini qorumuşdur. Eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəllərində naxçıvanlı milyonçu Mirzə Heydər Nəsirbəyovun Batumi ilə yaxından ticarət əlaqələri olmuşdur. Həmin vaxt Acarıstanın pambığa olan tələbatının bir hissəsi Naxçıvan pambığı ilə ödənilmiş, bu və digər məhsullarımız Batumidən Trabzona aparılmaqla Avropa bazarlarında da satılmışdır. Zaqafqaziya statistik məlumatlar toplusuna əsasən, 1909-1913-cü illərdə Batumi gömrükxanası vasitəsilə Naxçıvandan xaricə 359804 pud əmtəə ixrac edilmişdir.
Bütün bunlar və bu kimi sadalanmayan digər faktlar bir daha onu göstərir ki, Gürcüstan, Tbilisi və Batumi ilə Azərbaycan, Bakı və Naxçıvan arasında ictimai-mədəni əlaqələr tarixən yüksək səviyyədə və dəyərdə olmuşdur.
Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikasının tarixində bir sıra oxşar məqamlar da vardır. Hər iki muxtar respublikanın yerləşdiyi ərazi strateji cəhətdən əlverişli olduğundan müxtəlif imperiyaların mübarizə meydanı olmuş, lakin yerli əhalinin qəhrəmanlığı və mübarizliyi sayəsində yerli idarəçilik qorunub saxlanılmışdır.
İki muxtar respublikanın tarixində ən böyük oxşarlıq isə 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələridir. Belə ki, Gürcüstanın tərkibində Acarıstan Muxtar Respublikası da 1921-ci il martın 16-da Moskvada imzalanmış Türkiyə-Rusiya müqaviləsinin və həmin il oktyabrın 13-də Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında imzalanmış Qars müqaviləsinin müddəalarına əsasən yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu barədə demişdir: “Həm Azərbaycan, həm də gürcü xalqı oxşar siyasi talelər yaşamış, 1918-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə həm Gürcüstan, həm də Azərbaycan xalqları ilk demokratik respublikalarını elan etmişlər. Bundan sonra – 1921-ci ildə imzalanmış beynəlxalq Moskva və Qars müqavilələrinə əsasən, Gürcüstanın muxtar qurumu olan Acarıstan Muxtar Respublikası və Azərbaycanın muxtar qurumu olan Naxçıvan Muxtar Respublikası yaradılmışdır. Hazırda Naxçıvanla Batumi, Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələrin bütün sahələr üzrə genişləndirilməsi üçün yaxşı əsaslar vardır”.
Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələr bu gün yüksələn xətlə inkişaf edir. 2012-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Gürcüstanın Acarıstan Muxtar Respublikasına 3 günlük işgüzar səfəri ikitərəfli əlaqələrin inkişafının başlanğıcı olmuşdur.
Acarıstan Muxtar Respublikasına işgüzar səfəri zamanı ortaq tarixi yaddaşa nəzər salan Ali Məclisin Sədri xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluğun, qardaşlığın mahiyyətini ortaya qoymuş, mövcud əlaqələri daha da irəliyə aparmaq üçün yaxşı əsasların olduğunu qeyd etmişdir.
Acarıstan Muxtar Respublikasında olarkən tarixi Azərbaycan-Gürcüstan əlaqələrinə, dostluğuna toxunan Ali Məclisin Sədri demişdir: “Gürcüstanla Azərbaycanı tarixi əlaqələr birləşdirir. Bizim ulu babalarımız qonşuluq və qardaşlıq şəraitində yaşamışlar. Qədim bir gürcü məsəlində deyilir ki, “Tataritis şeni dzmaa”, yəni azərbaycanlı sənin qardaşındır. Azərbaycan xalqına mənsub “Koroğlu” dastanındakı Gürcüoğlu obrazı xalqlarımızın qədim dostluğunun təcəssümüdür. Bəşəri dəyərləri özündə birləşdirən “Əli və Nino” əsəri gürcü-azərbaycanlı dostluğuna daha bir nümunədir... Nizami Gəncəvi Gürcüstanın barlı-bərəkətli torpağını, cəsur oğullarını vəsf etmiş, Şota Rustaveli “Pələng dərili cəngavər” əsərində mədəniyyət və ticarət mərkəzi kimi Naxçıvandakı Gilan şəhərini göstərmişdir”.
Keçirilən görüşlərdə səhiyyə sahəsində əlaqələrin inkişafı barədə də fikir mübadiləsi aparılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səhiyyə sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd etmiş, onun tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı aztəminatlı ailələrin uşaqlarının Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunması barədə təklifi razılıqla qarşılanmışdır.
Ötən ilin iyun ayında Acarıstan Muxtar Respublikasında astma-bronxit xəstəliyindən əziyyət çəkən uşaqların bir qrupu Batumidən Naxçıvana yola salınmışdır. Naxçıvan Muxtar Respublikasına Batumidən yola salınmış 14 uşaq Naxçıvandan göndərilən avtobusla muxtar respublikaya gəlmişdir. Acarıstan Muxtar Respublikasından gələn uşaqların Duzdağ Fizioterapiya Mərkəzində yüksəksəviyyəli müalicəsi təşkil edilmişdir.
2012-ci ilin iyun ayı Acarıstan Hökumətinin Sədri Levan Varşalomidzenin rəhbərlik etdiyi Gürcüstanın Acarıstan Muxtar Respublikasının nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri ilə də yaddaqalan olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən görüş zamanı ikitərəfli əlaqələrin daha sürətlə inkişafı üçün bir çox sahələr üzrə müzakirələr aparılmışdır.
Görüşdə Naxçıvanla Batumi, Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişaf perspektivləri müzakirə edilmiş, mədəniyyət, turizm, kütləvi informasiya vasitələri, təhsil sahəsində əlaqələrin inkişafı üçün imkanların olduğu vurğulanmış, gələcəkdə Naxçıvan-Batumi avtobus və təyyarə reyslərinin açılması barədə fikir mübadiləsi aparılmış, iş adamları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunmuş, qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirilmişdir. Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin dərinləşməsi istiqamətində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xatırladan Ali Məclisin Sədri demişdir ki, müasir şəraitdə Azərbaycan və Gürcüstan rəhbərlərinin – cənab İlham Əliyevin və cənab Mixeil Saakaşvilinin səyləri ilə əlaqələrimiz daha da genişlənmiş, strateji xarakter almışdır. Bu gün ölkələrimizi tarixi mədəni əlaqələrlə yanaşı, həm də qlobal enerji, nəqliyyat və kommunikasiya layihələri birləşdirir. Xalqlarımız və dövlətlərimiz arasında əlaqələr təkcə iqtisadi münasibətlərlə məhdudlaşmır. Ölkələrimiz regional və beynəlxalq müstəvidə də uğurlu əməkdaşlıq edirlər.
Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Levan Varşalomidze blokada vəziyyətində olmasına baxmayaraq, Naxçıvanın hərtərəfli inkişaf etməsinin məmnunluq doğurduğunu vurğulayaraq demişdir ki, Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında qurulan əlaqələr qısa müddətdə uğurlu inkişaf yolu keçərək yeni mərhələyə yüksəlmişdir. Acarıstanlı aztəminatlı ailələrin uşaqlarının Naxçıvan Muxtar Respublikasının hesabına Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunmasını humanist addım kimi dəyərləndirən Levan Varşalomidze dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı naminə bütün təklifləri dəstəklədiklərini bildirmiş, bu istiqamətdə qarşılıqlı səylərin göstəriləcəyinə əminliyini ifadə etmişdir.
Həmin görüşdə Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum” imzalanmışdır. Səfər çərçivəsində Acarıstan Hökumətinin Sədri Naxçıvan Muxtar Respublikasının tarixi yerləri, istehsal və sənaye müəssisələri, turizm obyektləri ilə yaxından tanış olmuşdur.
Naxçıvan və Batumi arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf etmiş, rəsmi nümayəndələrlə yanaşı, muxtar respublikamızdan iş adamlarının daxil olduğu nümayəndə heyətinin Batumiyə səfəri təşkil edilmişdir.
Həmin səfər zamanı Batumi şəhərində “Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların sərgi-satış yarmarkası” təşkil olunmuşdur.
Sərgi-satış yarmarkasında Naxçıvan Muxtar Respublikasında istehsal olunan müxtəlif çeşidli məhsullar – “NAZ Lifan” avtomobilləri, mebel avadanlıqları, tikinti sektorunda geniş istifadə olunan travertin, mərmər və daş məmulatları, yerli sənətkarlar tərəfindən hazırlanmış misgərlik məmulatları, meyvə şirələri, içkilər, konservləşdirilmiş qida məhsulları, şirniyyatlar, mürəbbələr, bal, çay və tütün məmulatları nümayiş etdirilmiş, sərgiyə gələn qonaqlara bu məhsullar haqqında ətraflı məlumat verilmişdir.
Qarşılıqlı səfərlərdən sonra bütün digər sahələr kimi, təhsil sahəsində də əlaqələr inkişaf etməyə başlamışdır. Naxçıvan Dövlət Universiteti ilə Batumi Dövlət Universiteti arasında təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın həyata keçirilməsi və əlaqələrin inkişafına dair müqavilə imzalanmışdır. Qurulan faydalı əməkdaşlığın davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri fəxri doktoru olduğu Batumi Dövlət Universitetinin tələbələrinin istifadəsi üçün ali təhsil ocağına yeni kompyuter dəstləri, noutbuklar, elektron lövhələr və proyektorlar hədiyyə etmiş, universitetdə Azərbaycan dilinin tədrisi üçün ayrıca auditoriya yaradılmışdır.
Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstan Respublikasının Acarıstan Muxtar Respublikası arasında əlaqələrin sürətli inkişafı iki ölkə arasında tarixən mövcud olmuş dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, strateji əməkdaşlıq çərçivəsində hər iki tərəfin faydalı inkişafına xidmət edir. Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycan Respublikasına səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasına gəlməsi bu əlaqələrin yeni müstəviyə çıxmasına təkan verəcək.
Elnur KƏLBİZADƏ