23 Dekabr 2024, Bazar ertəsi

Bu gün sizə qədim və tarixi bir diyarda – Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən müalicə və turizm mərkəzi Duzdağ haqqında bəzi məlumatları təqdim edirik. Burada tənəffüs yolları xəstə olan insanlar uğurla müalicə olunurlar.
Dünyada allergiya xəstəliklərinin sayının artması XX əsrin ortalarından həkimləri ciddi şəkildə narahat etməyə başlayır. Uzun axtarışlardan sonra aşkar edilir ki, belə xəstəliklər duz şaxtalarında müalicə oluna bilir. İlk dəfə 1871-ci ildə İtaliyanın Florensiya şəhəri yaxınlığındakı Toskaniya əyalətinin Monsammam yaşayış məskənində şaxta şəraitində – stalaktitli və stalaqmitli şaxtalarda revmatik poliartrit xəstələrinin müalicəsi aparıldı. Bu qəbildən olan şaxtalar Almaniya, Macarıstan, Belarus və Ukrayna kimi ölkələrdə fəaliyyət göstərir. Belə şaxtalar karst mağaralarına çevrilir, onların mikromühiti isə kalsium ionları ilə zəngin olur.

Elə şaxtalar da var ki, orada natrium və xlorun ionları olan mikromühit üstünlük təşkil edir. Belə şaxtalar 1968-ci ildən Polşanın Krakov şəhərində, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində, 1979-cu ildən isə Azərbaycana məxsus Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri yaxınlığındadır.
Fizioterapiya Mərkəzi Naxçıvanın “Duzdağ” mehmanxanasının 2 kilometrliyində yerləşir. Müalicəxananın özü yerüstü və yeraltı hissələrdən ibarətdir. Birinci hissə Duzdağda və “Duzdağ” otelində, ikinci isə dağın altında yerləşir. Bu, duz mədənlərinin 2-ci əsas dağ sexinə girişdən 300 metrlik məsafədə yerləşən dərinlikdədir. “Duzdağ” otelində yerləşən müalicəxana 5 qalereya-lağımdan ibarətdir. Burada 128 çarpayısı olan 47 palata, kafeteri, tele­viziya salonu, kitabxana vardır.
“Duzdağ” otelinin müalicə mərkəzində həkimlər sizin daima xidmətinizdədir, gecə-gündüz mühafizəsi və qaldığınız nömrənin səliqə-sahmanda saxlanılması təmin edilir. Xəstələrin müalicəsi tibbi heyətin nəzarəti altında həyata keçirilir. Gündüz vaxtlarında komfortlu nömrələrdə istirahət edə bilərsiniz. Akvapark, açıq və örtülü hovuzlar, basketbol, futbol meydançaları, tennis kortları və idman-sağlamlıq mərkəzlərində stress və yorğunluqdan yaxa qurtara bilərsiniz.
Sağlamlıq ocağının bölmələri dəniz səviyyəsindən 1173 metr yüksəklikdə, Naxçıvan şəhərindən 12,2 km məsafədə yerləşən şaxtalarda, duz mədənlərinin ikinci əsas dağ sexində, girişdən 300 metrlik məsafədə, 110 metr dərinlikdə, 9 işlənilmiş əsas qatlarda fəaliyyət göstərir. Naxçıvan şəhərindən Fizioterapiya Mərkəzinə qədər məsafə 9,8 km, mərkəzdən şaxtaya isə 2,4 kilometrdir. Şaxtaların yeraltı şöbələrinin mikromühiti aşağıdakı kimidir:
1. Dəniz səviyyəsindən hündürlük – 1173 m
2. Temperatur – 18-20 dərəcə 3. Atmosfer təzyiqi – 740 mm c.s. 4. Nisbi rütubət – 24-50% 5. Hava hərəkətinin sürəti – 0,1 m/s 6. Yüksək dispersiyalı ionlar Na+, Cl-
- xəstələr olmadıqda – 17,5 mq/m3
- xəstələr olduqda – 12,5 mq/m3 7. Oksigen – 20 % 8. Səs-küyün səviyyəsi – 15-20 Db 9. Dəm, metan, azot qazlarının səviyyəsi – mövcud deyil
10. Gemolitik növlü mikrokoklar, kif göbələkləri yoxdur
11. Bakteriyaların miqdarı – 650-850 m3 (Yerüstü səthin havasında mikrobların miqdarı 8-10 dəfə azdır).

Duzla örtülü çaylar dünyanın sirri açılmamış möcüzələrindəndir

Azərbaycanın gözəl tarixi diyarı olan Naxçıvanın rəmzlərindən biri də 90 milyon ton təbii ehtiyata malik Duzdağdır.
Azərbaycanın bu dağı təkcə şəffaf və təmiz duzu ilə deyil, həm də müalicəvi xüsusiyyəti ilə məşhurdur. Məlumatlara görə, hələ 6 min il bundan əvvəl – Nuh-Nəbi əyyamından da burada duz çıxararmışlar. Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə uzanıb gedən “Duz yolu” dünyada məşhur “İpək Yolu”na qovuşurdu. Həmin ölkələrə duz buradan daşınırdı.
Qədim Naxçıvan diyarının ən möcüzəli yeri olan Duzdağın hər qayası, hər daşı, hər qarışında sirli və ecazkar tarixin izləri gizlənmişdir. Bu barədə çoxlu elmi və publisistik əsərlər yazılıb, lakin bu yerin sirri hələ tam açılmayıbdır. Buna görə də biz istədik ki, füsunkar Duzdağ möcüzəsini öz gözlərimizlə görək.

Duzdağ Fizioterapiya Mərkəzi haqqında

Dünyanın bir çox ölkələri müalicə üçün “Duzdağ” sanatoriyasına müraciət edirlər. Burada bronxial-astmadan müalicə olunurlar. Bu diaqnozlu xəstələr üçün saat 1700-dən sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasından Duzdağ Fizioterapiya Mərkəzinə avtobus yola düşür. Saat 1800-də xəstələr yeraltı sanatoriyanın otaqlarına daxil olurlar. Onlar gecəni divarları şəffaf duzla örtülü otaqlarda keçirirlər. Səhər bu yerləri yaxşı əhvalla da tərk edirlər. Qeyd etmək lazımdır ki, bu sanatoriyaya müraciət edən xəstələrin sayı ilbəil artır.

“Duzdağ” oteli


Gözə ilk dəyən “Duzdağ” oteli olur. Dağlar qoynunda tikilmiş beş-ulduzlu bu otel müasirliyi ilə seçilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılmış bu oteldə həm xəstələr qalır, həm də turistlər istirahət edirlər.
Otel zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir və o, qonaqların istirahəti üçün hər cür şəraitə malikdir.

Yeraltı Duzdağ Fizioterapiya Mərkəzi

Bu dağlıqda, təqribən, 2-3 kilometrlik məsafəni qət edən adam duzun iyini hiss edir.
50 çarpayısı olan yeraltı Duzdağ Fizioterapiya Mərkəzi 1979-cu ildən xəstəxana kimi fəaliyyət göstərməyə başlayıb. 1980-ci ildə çarpayıların sayı 100-dək artırılıb. Yeraltı müalicə mərkəzi girişdən 300 metrlik məsafədə 110 metr dərinlikdə yerləşir.
Burada qadın və kişi palataları, bir uşaq otağı və bir istirahət foyesi fəaliyyət göstərir.
Yeraltı duz layının qalınlığı 8,2 metrdir, havanın temperaturu 18-20 dərəcədir, havanın rütubəti isə 24-50 faiz arasında dəyişilir.
Dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşən yeraltı Duzdağ Fizioterapiya Mərkəzində duz təbəqələri arasındakı havadakı oksigen 20 faiz təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar üçün təbiətin bəxş etdiyi ən yaxşı məlhəmdir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin minerallar ağciyərləri müalicə edən hava yaradır, o da bronxial-astma və xroniki xəstəliklərin müalicəsində mühüm rol oynayır.
Qeyd edək ki, burada hər arzu edən xəstə müalicə ala bilər. Amma müalicə kursları müxtəlifdir. Belə ki, uşaqlar 12-15, yaşlılar 14-18 gün yerin altında qalıb müalicə olunurlar. Burada ilin bütün fəsillərində müalicə qəbul etmək olar.

Duz mədənləri

Naxçıvan duzu dəniz duzundan fərqlənir. Əsl Naxçıvan duzu ekoloji cəhətdən təmizdir, tərkibində ağır minerallar yoxdur və bir çox xəstə­liklərin dərmanıdır. Naxçıvan duzunun tərkibindəki maqnezium ürək-damar xəstəlikləri olan insanların ondan istifadə etməsinə imkan verir.
Duzdağ yatağını istismar etməyə insanlar hələ eradan əvvəl üçüncü minilliyə qədər başlamışdılar. Bu diyarda indiyə kimi qədim dövr şaxtaları qalmaqdadır. Orada duzu əllə çıxarır və atlarla daşıyırdılar.
Duzdağda duzun sənaye üsulu ilə əldə edilməsinə 1927-ci ildən başlanılmışdır. İndi bu ərazidə duz ehtiyatları 90 milyon ton təşkil edir. Burada illik istehsal 6-8 min tondur.

Duzun çıxarılması

Yataqlardan duz qazma üsulu ilə çıxarılır. Əvvəlcə yeraltı tunel qazılır, sonra dinamitlə partladılır. Partlayışdan əmələ gələn duz parçaları kiçik vaqonlara yığılaraq yer səthinə çıxarılır. Burada o, növlərə ayrılır və işlənilir.
Qeyd edək ki, istifadə olunan tunelin uzunluğu 1500 metrdir. İşlənilmiş duz kristal və üyüdülmüş formada satılır. Sexlərdə üyüdülmüş bir ton duza 66 qram yod əlavə edilir. Bu, qalxanabənzər vəzin xəstələnməsinin qarşısını almaq üçün edilir.

Duzdağın görünməyən tərəfləri

Duzdağın yamacları ilə dolaşarkən dağın füsunkar təbii gözəlliyi insanı valeh edir. Enişli-yoxuşlu yollarla aşağı düşərkən fikirləşirsən ki, görəsən, bizi daha nələr gözləyir?
Günəş şüaları altında torpağın, duz kristallarının rənglərinin sayrışması gözlərimizi qamaşdırır və bizi daha da həyəcanlandırır. Günəş şüaları altında rənglərin dəyişməsindən əmələ gələn naxışlar öz cəlbediciliyi ilə böyük bir xalını xatırladır. Boz, qəhvəyi, qırmızı, qumlu və gilli libası ilə yer öz bətnində minlərlə sirlər və xəzinələr gizlətməkdədir. Addımladıqca ayaq altında xırçıldayan qum, duzdan çatlamış yer mənə qış günlərini, ayaq altda qalmış qarı xatırladır. Piramidaya və kurqana bənzəyən bu minillik tarixə malik dağ öz şöləsi ilə neçə-neçə görünməmiş, haqqında eşidilməmiş sirləri işıqlandıracaqdır. Bizim də “yeməyimizə duz səpəcək” – yazılı səhifələrimizə çevriləcəkdir. Rastlaşdığımız onlarla daş bizə bu dağın qədim mədəni abidələrindən xəbərlər verəcəkdir.

Dünyanın qəribə möcüzələri haqqında

“Bunun özü elə dünyanın qəribə möcüzəsidir”. Soyuq qış günlərində biz buz bağlamış çoxlu çaylar görmüşük. Lakin heç zaman “duz bağlamış”, yəni duzla örtülmüş çaylar barəsində eşitməmişik. Belə fikirdəyik ki, heç siz də bu barədə bir şey eşitməmisiniz. Elə isə Naxçıvana gəlin və onları öz gözlərinizlə görün. Görün ki, duzla örtülmüş, duza bülənmiş bu çaylar və şəlalələr qarşısında insanı necə heyrət bürüyür. İnsan bu yerlərin əsrarəngiz gözəlliklərindən, bu vaxtacan görmədiyi və haqqında eşitmədiyi möcuzələrindən ayrılmaq istəmir.
Qeyd edək ki, bu ərazidə duzla örtülü 10-a qədər çay vardır. Onların hamısı öz başlanğıcını Duzdağdan götürür.
Azərbaycan sivilizasiyasının tarixi diyarı və beşiyi olan Naxçıvan “Badamlı”, “Sirab”, “Vayxır” kimi müalicəvi və mineral suları ilə də tanınır. Növbəti məqalədə bu mövzunu işıqlandıracaq və sizə ətraflı məlumat verəcəyik.

Özbəkistanın “Podrobno.uz”
informasiya portalı
21 aprel 2015-ci il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR