28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması tarixindən və bu sahədə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən danışıb. Bildirilib ki, 2001-ci ildə Beynəlxalq Əmək Təşkilatının qərarı ilə aprelin 28-i “Ümumdünya Əməyin Mühafizəsi Günü” kimi təsis olunub. Dünyada hər il istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində minlərlə insanın həyat və sağlamlıqlarını itirməsi əməyin mühafizəsi işini günün aktual məsələlərindən birinə çevirib. Bu günün dünyada hər il qeyd olunmasında da məqsəd ictimaiyyətin diqqətini iş yerlərində əməyin mühafizəsinə, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmalarına yönəltməkdir.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması, eləcə də tikinti sektorunda işlərin keyfiyyətlə aparılması, əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı keçirilən müşavirələr mühüm əhəmiyyətə malikdir. Həmin müşavirələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aidiyyəti orqanlara verdiyi konkret tapşırıqların icrası istiqamətində ötən müddət ərzində sənaye, energetika, nəqliyyat, rabitə, tikinti sektorları üzrə fəaliyyət göstərən müəssisələrdə müəyyən olunmuş təhlükəsizlik tədbirlərinin görülməsinə, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təminatına, o cümlədən əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət gücləndirilib. Bu gün muxtar respublikamızda əməyin mühafizəsi istiqamətində aparılan ardıcıl və məqsədyönlü tədbirlər, təhlükəsiz əmək şəraitinin təmin olunması prosesində dövlət qurumlarının, işçilərin və işəgötürənlərin iştirak etməsi təqdirolunası amillərdir.
Tədbirdə əməyin mühafizəsi sahəsində qarşıda duran vəzifələrin icrası istiqamətində görülən işlər barədə ətraflı söhbət açılıb.
Xəbərlər şöbəsi