Aprelin 28-də Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın poliklinikanın foyesindəki büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə həsr olunmuş guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Sona Məmmədova açıb.
Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Xuraman Hacızadə qeyd edib ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib. Zərifə xanımın adını daşıyan səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisi üçün böyük məsuliyyətdir. Milli oftalmologiyanın banisi akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasının baş həkimi Səidə Hüseynova “Akademik Zərifə xanım Əliyevanın həyatı və həkimlik fəaliyyəti”, Naxçıvan Şəhər Poliklinikası baş həkiminin müavini Tamella Bayramova “Akademik Zərifə xanım Əliyevanın səhiyyənin təşkili və inkişafında rolu”, Şərur Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Araz İbrahimov “Akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyəti”, Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasının həkim-oftalmoloqu Samiq Sadıqov “Akademik Zərifə xanım Əliyeva Azərbaycanın parlaq, ziyalı qadınlarındandır” mövzularında çıxışlar ediblər.
Çıxışlarda bildirilib ki, ömrünü tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb. Zərifə xanımın vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunub. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Vurğulanıb ki, akademik Zərifə Əliyevanın çoxşaxəli elmi fəaliyyəti hələ sağlığında öz qiymətini alıb. Zərifə xanım Əliyeva bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun zəngin pedaqoji və elmi təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapıb. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün əsas elmi mənbədir.
Zərifə xanım təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Onun işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Sonda Naxçıvan Qızlar Liseyinin şagirdləri görkəmli alimə həsr olunmuş şeirləri bədii qiraət ediblər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti
* * *
Dünən akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə görkəmli alimin adını daşıyan Kəngərli rayonunun Şahtaxtı kənd tam orta məktəbində də tədbir keçirilib.
Əvvəlcə akademik Zərifə xanım Əliyevanın məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyulub, görkəmli alimin həyat və fəaliyyətini əks etdirən eksponatların nümayiş olunduğu Xatirə muzeyinə baxış olub.
Tədbiri Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev açaraq bildirib ki, görkəmli alim Zərifə Əliyevanın mənalı ömür yolu, mənəvi ucalığı özündə əks etdirən zəngin irsi hər birimiz üçün dəyərli və əhəmiyyətlidir. Məhz Zərifə xanımın böyük zəhməti nəticəsində Azərbaycanda tibb elmində, xüsusilə oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər əldə olunub.
Şahtaxtı kənd tam orta məktəbinin direktoru Zal Rüstəmov oftalmoloq-alimin həyat və fəaliyyətindən söhbət açaraq bildirib ki, Zərifə xanım Əliyeva 92 il bundan əvvəl Şahtaxtı kəndində görkəmli dövlət xadimi, Azərbaycan səhiyyəsinin qurucusu və təşkilatçısı olan Əziz Əliyevin ailəsində anadan olub. Həkimlik peşəsinə hələ uşaq yaşlarından böyük maraq göstərən Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub. 1947-ci ildə ali təhsilini müvəffəqiyyətlə bitirərək Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib. Tibb sahəsində elmi tədqiqatlara hədsiz marağı Onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarıb. 1950-1953-cü illərdə Zərifə xanım Əliyeva aspiranturada təhsil alıb və elmi tədqiqatla məşğul olub. Taleyini tibb elminə həsr edən bu böyük alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb. Onun Azərbaycanda traxomanın kökünün kəsilməsində, bir sıra göz xəstəliklərinin müalicəsində, eyni zamanda xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətindəki elmi araşdırmaları oftalmologiya sahəsində mühüm elmi nəticələrin əldə olunmasına şərait yaradıb.
Tədbirdə məktəbin müəllimlərindən Pərnaz Bayramova və Arifə Əhmədova akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən bəhs edərək vurğulayıblar ki, görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elmdə yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoyub. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları Zərifə xanıma böyük şöhrət gətirib və dünya tibb elmi ədəbiyyatında nadir tədqiqatlar sırasında yer tutur. Buna görə də oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi böyük alimin adı ilə bağlıdır.
Sonra məktəbin şagirdləri Zərifə xanım Əliyevaya həsr olunmuş şeirləri bədii qiraət ediblər. Sonda tədbir iştirakçıları oftalmoloq-alimin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.
Səbuhi Həsənov