23 Dekabr 2024, Bazar ertəsi

Taqım komandiri Qara Fərzəliyev düşmənlərə qarşı necə döyüşüb?

Tarixin ən böyük savaşlarından biri kimi tarixə çevrilən II Cahan müharibəsində alman faşizminə qarşı mübarizədə xeyli sayda qəhrəman Azərbaycan övladları da iştirak ediblər. Bu ölüm-qalım mübarizəsində naxçıvanlılar da igidlik və şücaətləri ilə seçiliblər. Onlardan biri də Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qara Abbas oğlu Fərzəliyevdir.

Qara Fərzəliyev 1923-cü ilin oktyabr ayında Naxçıvan şəhərində anadan olub. Alman faşistlərinin SSRİ-yə hücumu başlayanda o da digər həmyaşıdları kimi müharibəyə yollanıb. Həmyerlimiz ­402-ci Azərbaycan diviziyasının 678 saylı istehkamçı batalyonunda xidmətə başlayıb. İlk döyüşdəcə ağır yaralanıb. Qroznı və Bryansk şəhərlərində yerləşən hərbi xəstəxanalarda müalicə olunan Qara Fərzəliyev yenidən cəbhə xəttinə, odlu-alovlu döyüş meydanlarına yollanıb. Bu dəfə o, 77-ci Azərbaycan diviziyasının 105-ci atıcı polkunda Krasnodar və Rostov vilayətlərindəki şəhər və kənd­lərin düşməndən azad edilməsi uğrunda rəşadətlilik nümunəsi göstərib. Cəsur həmyerlimiz bu döyüşlərdə cəsarət və igidliyi ilə fərqlənib. Məhz hərbi bacarığına görə onu 1943-cü ildə zabitlər hazırlayan xüsusi kursa göndəriblər. Altıaylıq kursda hərbi biliklərə yiyələnən və kursu əla qiymətlərlə bitirən Qara Fərzəliyevə kiçik leytenant rütbəsi verilib. Bundan sonra o, döyüş yolunu 417-ci diviziyanın 1372-ci alayında 5-ci bölüyün taqım komandiri kimi davam etdirib. Öz taqımı ilə birinci Pribaltika cəbhəsində Latviya və Litva respublikalarının şəhər və kəndlərinin alman faşistlərindən təmizlənməsində fəal iştirak edib. Bu döyüşlərdə göstərdiyi şücaətə görə o, “Qırmızı Bayraq” ordeni ilə təltif olunub.

Qara Fərzəliyev keçmiş SSRİ ərazilərinin bir çoxunun azad edilməsində iştirak edib. Belə ki, Krım torpağı uğrunda gedən döyüşlərdə əsl komandir kimi özünü göstərib, Sapunqaranın və Sevastopolun azad edilməsində cəsurluğu ilə fərqlənib. Sonra taqımı ilə birlikdə Belarusun Qomel şəhərinin və bir sıra yaşayış məntəqələrinin azad edilməsində iştirak edib. 1944-cü ilin iyununda Litvanın Skoudas şəhəri uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik isə həmyerlimizi daha da şöhrətləndirib. Belə ki, həmin döyüşdə onun taqımının irəliləməsinə imkan verməyən alman pulemyotçunu silahı ilə birlikdə əsir götürərək döyüşçülərin yolunu açıb. Bunun nəticəsində düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Faşistlər bu itkinin əvəzini çıxmaq üçün dəfələrlə əks-hücuma keçsələr də, cəsur komandirin rəhbərlik etdiyi taqımın məğlub­edilməzliyi qarşısında bütün səyləri puça çıxıb. Onlar hər hücumda daha çox itki verərək geri çəkilməyə məcbur olublar.
Sonralar 1372-ci atıcı alayın 3-cü batalyonunun 5-ci bölük komandiri olmuş V.Krivenko müharibənin odlu-alovlu döyüşlərini yada salaraq “Pravda Lubensine” qəzetində “Cəbhə dostluğu yaşayır” adlı məqaləsində Qara Fərzəliyevin bir qəhrəmanlığından bəhs edir. Məqalədə qeyd olunur ki, 1944-cü ilin avqust ayında Latviyanın Elqava şəhərini düşməndən azad edərkən Qara Fərzəliyevin komandirlik etdiyi taqımın döyüş xidmətləri çox olub. Sonra Tukums şəhəri uğrunda gedən döyüşlərdə azərbaycanlı komandir Qara Fərzəliyev döyüşün ağırlığını, məsuliyyətini qiymətləndirərək şəxsən özü pulemyotun arxasına keçib düşmənin əks-hücuma keçməsinə imkan vermədi. Nəticədə, faşistlər çox sayda canlı qüvvə itirərək 2 ədəd zirehli transportyoru döyüş meydanında qoyub geri çəkilməyə məcbur oldular. Bu döyüşdə Qara Fərzəliyevin özü və taqımından 8 nəfər əsgər ağır yaralansa da, axıradək döyüş meydanını tərk etmədilər.
Həmyerlimiz Qara Fərzəliyevin qəhrəmanlıqlarla dolu döyüş yolu alayın komandir heyəti tərəfindən də yüksək dəyərləndirilib, haqqında xoş sözlər söylənilib. Qara Abbas oğluna 1372-ci atıcı polkunun komandiri, polkovnik-leytenant Markov tərəfindən 10 may 1945-ci il tarixdə verilən xasiyyətnamədə qeyd edilir ki, atıcı taqımının komandiri Qara Fərzəliyev özünü savadlı, bacarıqlı, təşəbbüskar, hərbi texnikanı mükəmməl bilən komandir kimi göstərib, Baltikyanı respublikaların azad edilməsi uğrunda döyüşlərdə həlak olan bölük komandirini çox bacarıqla əvəz edib, iki dəfə yaralansa da, döyüş meydanını tərk etməyib, şəxsi heyət arasında yüksək nüfuz qazanıb. Buna görə Qara Fərzəliyevin fotoşəkli alayın şərəf lövhəsində vurularaq hərbi hissəyə yeni gələn gənc əsgərlərə onun kimi xidmət etmək tövsiyə edilib.
Cəsur komandir alman faşistlərinə qarşı döyüşlərdə göstərdiyi çoxsaylı şücaət və igidliklərə, yüksək vətənpərvərliyə görə, o dövrün ən yüksək ordenlərindən sayılan “Qırmızı Bayraq”, iki dəfə isə birinci dərəcəli “Vətən müharibəsi” ordeni və 15 medalla təltif edilib, dəfələrlə Ali Baş Komandanın təşəkkürünü alıb.
Qara Fərzəliyev döyüşlərdə dəfələrlə yaralanmasına, hətta bir böyrəyini itirməsinə baxmayaraq, bacarıqlı, savadlı, təcrübəli hərbçi kimi müharibə başa çatdıqdan sonra da orduda saxlanılıb, xidmətini məxfi, mürəkkəb sahələrdə davam etdirib. Nəhayət, 1957-ci ilin sentyabrında öz ərizəsi əsasında hərbi xidmətdən ehtiyata buraxılaraq doğulub böyüdüyü Naxçıvan şəhərinə qayıdıb.
Vətənə qayıtdıqdan sonra müxtəlif vəzifələrdə də vicdanla çalışıb, 1961-ci ilədək Naxçıvan Şəhər Mülki Müdafiə İdarəsinin rəisi, həmin ildən 1995-ci ilin mart ayına kimi isə Naxçıvan Mülki Müdafiə Qərargahının məxfi işlər üzrə rəisi vəzifələrində işləyib. 1995-ci ildən isə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri vəzifəsində çalışır.
Qara Fərzəliyev istər hərbi, istərsə də mülki həyatda ona tapşırılan vəzifələrin öhdəsindən layiqincə gəlib. Buna görə də harada işləyibsə, kollektivin dərin hörmətini qazanıb. 92 yaşlı qocaman veteranın ən böyük arzusu işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasıdır. Ordumuzun güclü, Azərbaycan gənc­lərinin isə vətənpərvər gənclər olduğunu söyləyən veteran döyüşçü tezliklə milli qələbəmizi də qazanacağımızı söyləyir. Biz də Qara müəllimin bu arzusuna qoşulur və tezliklə bu qələbənin sevincini birgə qeyd etməyimizi diləyirik.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR