Naxçıvan Qızlar Liseyində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə liseyin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva açaraq görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışıb. Qeyd olunub ki, dünya şöhrətli alim və ictimai xadim, akademik Zərifə xanım Əliyevanın adı və elmi-ictimai fəaliyyəti zəriflik və işıqla bağlıdır. Bu böyük elm xadiminin keçdiyi ömür yolu, yaşadığı şərəfli həyat, mənalı həkimlik fəaliyyəti, yazdığı qiymətli əsərlər yüksək insanlıq meyarlarına və müqəddəs həkimlik andına parlaq və ibrətamiz bir örnəkdir. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyevanın tibb elmində öz dəst-xətti olan novator bir alim olduğunu qeyd edən Aidə Allahverdiyeva bildirib ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Göz həkimi olan Zərifə xanım bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmişdir.
Bu ömrün mənası zülmət və qaranlıqla mübarizə aparmaqdan ibarət olmuş, işığını itirmiş gözlərə nur vermək istəyi onun parlaq obrazını qeyri-adi bir nəcibliyə qovuşdurmuşdur. İnsanları zülmət pəncəsindən qoparıb nura qovuşduran bu böyük şəxsiyyətin ömür yolu müasir Azərbaycan gəncliyi üçün də əvəzsiz bir örnəkdir. Akademik Zərifə xanım Əliyeva yazıb-yaratdığı dəyərli əsərləri, qoyub getdiyi elmi nailiyyətləri ilə birgə ideal bir həkim, alim və insan kimi xatirələrdə yaşayır və daim yaşayacaqdır.
Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, dünya şöhrətli alim Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, geniş vüsət alır, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, yüksək səviyyəli elmi irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Zərifə xanım insanları çox sevirdi. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyəti ilə bağlı idi. Bütün fəaliyyətində yüksək vətənpərvərlik hissi özünü büruzə verir, bu xüsusiyyət ətrafındakılara münasibətində də aydın görünürdü. Mənsub olduğu əsl azərbaycanlı ailəsinin bütün mənəvi dəyərlərini özündə cəmləşdirən, gözlərə işıq, qəlblərə nur bəxş edən Zərifə xanım Əliyevanın işıqlı və nurlu əməlləri bu gün də yaşayır və xatırlanır. Ölkəmizdə onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə Əliyevanın adını daşıyır. Onun xatirəsinə ucaldılan büst və abidələr xalqımız tərəfindən görkəmli alimə və əsl İnsana olan ehtiramın və məhəbbətin tükənməz təzahürüdür.
Sonra liseyin müəllimlərindən Səkinə Allahverdiyeva, Rəxşəndə Rüstəmova və başqaları çıxış etmişlər. Çıxışlarda bildirilmişdir ki, Azərbaycan tibb elminin korifeylərindən olan akademik Zərifə Əliyeva qayğıkeş insan, böyük alim, əsl ziyalı kimi bütün elm və tibb ictimaiyyətinin yaddaşına əbədi həkk olunmuşdur. Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə görə xalqımızın, gözlərinə nur verdiyi insanların yaddaşında şəfqətli həkim, səmimi və sədaqətli vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi daim yaşayacaqdır. Həyat fəlsəfəsi və mənəvi dünyası kifayət qədər zəngin olan, oftalmologiya elminin inkişafına böyük töhfələr verən akademik Zərifə xanım Əliyevanın xatirəsi bu gün də insanların qəlbində yaşayır, əziz tutulur. Hamının mehriban, istiqanlı, bilik və bacarığını xalqına xidmətə yönəldən böyük bir insan, ətrafına nur saçan ziyalı kimi tanıdığı akademik Zərifə xanım Əliyeva bu gün də yaddaşlarda ilahi duyğulara malik qadınlıq meyarı kimi yaşayır. O, baharda doğuldu, baharda da dünyasını dəyişdi. Adındakı zərifliyə uyğun olaraq, kövrək, duyğulu, əbədi bahar nağılına bənzər bir ömür yaşadı. O nağıl bu gün də insanlara sonsuz işıqdan, gözəllikdən, səadətdən danışır.
Tədbirin sonunda liseyin şagirdləri Zərifə xanım Əliyevaya həsr olunan şeirləri bədii qiraət etmiş, mahnılar səsləndirmiş, slayd nümayiş etdirilmişdir.
Xəbərlər şöbəsi