Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Tibb Kollecinin tələbələrinin iştirakı ilə açıq dərs keçilib. Açıq dərsdə kollecin tarix müəllimi Rəna Vəliyeva tələbələrə ümummilli liderimiz Heydər Əliyevin milli-tarixi yaddaşımızın bərpasındakı əvəzsiz xidmətlərindən danışıb.
Bildirilib ki, XX əsrdə xalqımızın yetişdirdiyi ən böyük tarixi şəxsiyyət – ümummilli liderimiz Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq onu praktik surətdə gerçəkləşdirmiş dahi strateqdir.
Ulu öndərimiz Azərbaycan xalqının tarixində şanlı səhifələr açmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması ulu öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin 40 ildən artıq bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu Azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Açıq dərs zamanı tələbələrin diqqətinə çatdırılıb ki, xalqları dünya miqyasında tanıdan, məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi-mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynamış fenomenal tarixi şəxsiyyətləridir. Məhz belə fenomenal şəxsiyyətlərin müəyyənləşdirdiyi mütərəqqi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun beynəlxalq aləmdə özünəlayiq yer tutmasını təmin edir. Bu mənada ulu öndərin Azərbaycanla, xalqımızla bağlı arzuları bitib-tükənməz idi. Məhz bu istəklə dövlətimizin gələcəyi üçün misilsiz əhəmiyyəti olan böyük layihələrin, nəhəng işlərin təməli qoyulmuşdur.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Səbuhi HÜSEYNOV