Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən təşkil olunan “Muzey günləri” mühüm əhəmiyyətə malikdir. Artıq Naxçıvan şəhərində, eləcə də rayon mərkəzlərində fəaliyyət göstərən muzeylərə axın güclənib.
Aprelin 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində olmuşlar.
Bildirilmişdir ki, 48 il bundan əvvəl fəaliyyətə başlayan muzey görkəmli ədiblərimizin həyat və yaradıcılığının öyrənilməsi, elmi cəhətdən tədqiqi və təbliği sahəsində fəaliyyət göstərir.
Muzeyin ekspozisiyasında çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixi ilə yaxından tanış olmaq mümkündür. Burada saxlanılan və nümayiş etdirilən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, kitablar, qəzet və jurnallar, xatirə əşyaları, Azərbaycan ədəbiyyatının yaradıcıları haqqında məlumatlar, onların əsərləri bu baxımdan etibarlı mənbədir. Muzeyə gələnlər Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələrlə zəngin olan ekspozisiyada naxçıvanlı şair və yazıçıların yaradıcılıqları ilə də tanış ola bilirlər.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin, ixtisaslaşdırılmış məhkəmələrin də kollektivləri Ədəbiyyat Muzeyində olmuşlar.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin kollektivləri Heydər Əliyev Muzeyində, Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları Dövlət Bayrağı Muzeyində, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Hərbi Prokurorluğun kollektivləri Dövlət Tarix Muzeyində, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin kollektivləri Dövlət Xalça Muzeyində, Kənd Təsərrüfatı, Rabitə və Yeni Texnologiyalar, Səhiyyə nazirliklərinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, İqtisadiyyat və Sənaye, Nəqliyyat nazirliklərinin əməkdaşları isə Cəmşid Naxçıvanskinin ev-muzeyində olmuşlar.
Muzey bələdçiləri muzeylərin fəaliyyəti barədə ətraflı məlumat vermiş, kollektivləri burada mühafizə olunan eksponatlarla tanış etmişlər.
“Şərq qapısı”