23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Naxçıvan Tibb Kollecinin tələbələrinə bu mövzuda açıq dərs keçilib.
Açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, ulu ­öndər Heydər Əliyevin bütün həyat və fəaliyyəti Azərbaycanla bağlı olub. Ölkəmizə rəhbərliyinin hər iki dövründə dahi şəxsiyyətin Vətənimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycanın müstəqilliyini təmin etməklə bərabər, həm də onun müasir inkişafını şərtləndirib.

Qeyd olunub ki, ötən əsrin sonlarında Sovetlər Birliyi iflasa uğradıqdan sonra respublikaya naşı adamların rəhbərlik etməsi ölkəmizdə özbaşınalıq yaradıb, daxili sabitlik pozulub, müstəqilliyimizə böyük təhlükə yaranıb. Həmin dövr Naxçıvan Muxtar Respublikasında da ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması muxtar respublikanın həyatına ciddi təsir göstərib. Bu dövrdə bütün Azərbaycanda, həmçinin Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün milli rəhbər lazım idi. Belə bir rəhbər xalqımızın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev idi. Ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvan torpağına gəlib. Bu dövrdən etibarən ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü başlayıb.
Vurğulanıb ki, 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilib. Həmin sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olunub. Naxçıvan Muxtar Respublikasının Аli Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. Ümummilli liderin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə qonşu İran və Türkiyə respublikaları ilə müxtəlif sahələrdə əməkdaşlıq müqavilələrinin imzalanması və bu əməkdaşlığın real müstəviyə çıxarılaraq inkişaf etdirilməsi muxtar respublikanın mədəni, iqtisadi, eləcə də siyasi həyatında mühüm rol oynayıb.
Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən ölkəyə rəhbərlik etməyə başlayan ulu öndər Heydər Əliyev yürütdüyü müdrik siyasət nəticəsində ölkədə daxili sabitliyin bərpa edilməsinə nail olub, torpaqlarımızın işğalının qarşısını alıb. Dahi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində çox qısa zamanda Azərbaycan öz iqtisadi, siyasi, mədəni gücü ilə dünya dövlətləri sırasında öz yerini aldı. Təbii ki, bütün bunlar heç də asan olmadı. Xalq öz liderinə, dahi şəxsiyyət isə öz xalqına arxalanaraq bütün bunları həyata keçirdi. Buna görə də müstəqil Azərbaycan dövləti var olduqca xalqımızın xoşbəxt gələcəyini təmin edən ümummilli lider Heydər Əliyevin adı da qəlbimizdə yaşayacaqdır.
Sonra tələbələr ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR