23 Dekabr 2024, Bazar ertəsi

Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ilin sentyabr ayında Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasının qərarı ilə təsis edilmişdir. Ölkəmizdə 2001-ci ildən başlayaraq hər il aprelin 26-sı “Beynəlxalq Əqli Mülkiyyət Günü” kimi qeyd edilir.
Əqli mülkiyyət sahəsi qlobal inkişafın əsas hərəkətverici ünsürlərindən biridir. Hər bir ölkənin davamlı inkişafında əsas rol oynayan əqli mülkiyyət məsələlərinin milli qanunvericiliyə inteqrasiyası vacib şərtdir. Azərbaycan Respublikasında əqli mülkiyyətlə bağlı münasibətlərin tənzimlənməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə bu istiqamətdə mühüm işlər görülmüş, əqli mülkiyyətin qorunması və inkişafına diqqət artırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”, 1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya və Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurmuşdur.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda əqli mülkiyyət sistemi daha da təkmilləşdirilmiş, müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsi prioritet istiqamətlərdən birinə çevrilmişdir. Azərbaycan əqli mülkiyyət hüquqlarının qorunması sahəsində beynəlxalq sistemə uğurla inteqrasiya olunmuş, yaradıcı­lıq fəaliyyətinin nəticəsi olan elm, ədəbiyyat və incəsənət əsərlərinin qorunmasına hüquqi zəmin yaradılmışdır. Ümumilikdə, əqli mülkiyyət sahəsi, ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər ölkəmizdə Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmış normativ-hüquqi sənədlərlə tənzimlənir. 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması isə bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir.
Əqli mülkiyyətin qorunması və inkişafı sahəsində aparılan dövlət siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin intellektual mülkiyyətin stimullaşdırılmasına böyük diqqəti və qayğısının nəticəsidir ki, muxtar respublikada əqli mülkiyyətin və əqli mülkiyyət obyekti olan ənənəvi biliklərin mühafizəsi təmin olunur və davamlı inkişaf etdirilir.
Naxçıvanda əqli mülkiyyəti formalaşdırmaq və muxtar respublikanın regional inkişafına uyğunlaşdırılaraq sənayedə tətbiqini təmin etmək istiqamətində Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin üzərinə böyük vəzifələr düşür. Komitə tərəfindən sənaye mülkiyyəti obyektlərinin mühafizəsi üçün əqli mülkiyyətin qorunması sahəsində müvafiq tədbirlər həyata keçirilir, əqli mülkiyyətin və patent sahəsinin inkişafına stimul verən tədbirlər təşkil olunur.
Komitəyə bu günə kimi ixtiraya dair iddia sənədinin qeydiyyata alınması üçün 63, sənaye nümunəsinə dair 115, faydalı modelə dair isə 6 müraciət daxil olmuş və dövlət ekspertizası aparılmışdır. Ekspertiza zamanı qüvvədəolma müddəti 20 il olmaqla, 22 ixtiraya, qüvvədəolma müddəti 10 il olmaqla, 32 sənaye nümunəsinə və 1 faydalı modelə patentin verilməsi təmin edilmişdir. Həmçinin ötən dövrdə əmtəə nişanlarına və coğrafi göstəricilərə mühafizə sənədi almaq üçün 1548 iddia sənədi daxil olmuşdur ki, bunlardan qüvvədəolma müddəti 10 il olmaqla, əmtəə nişanlarına dair 826, coğrafi göstəricilərə dair 4 şəhadətnamə dövlət reyestrində qeydiyyata alınaraq sahibkarlara verilmişdir. Komitənin tərkibində fəaliyyət göstərən elmi-texniki kitabxanada patent fondu komplektləşdirilmişdir. Hazırda kitabxananın fondunda xarici ölkələrə məxsus 3 min 655, muxtar respublikanın rezidentlərinə məxsus 22 ixtira üzrə patentlər və bundan əlavə, əmtəə nişanları, coğrafi göstəricilər, ixtiralar, faydalı modellər, sənaye nümunələrinə dair rəsmi bülletenlər və yeni ədəbiyyatlar toplanmışdır.
Muxtar respublikada xarici dildə yazılan qanunsuz reklam üsullarından istifadənin, reklamına yol verilməyən dərman vasitələrinin reklam lövhəsindən istifadənin, əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması diqqət mərkəzində saxlanılır. Komitə tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidenti­nin Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razı­lıq) verilməsi Qaydaları”na və Azərbaycan dilinin orfoqrafiya qaydalarına əsasən, müstəsna hüququ olmayan əmtəə nişanlarından, xarici dildə yazılan reklamlardan istifadənin qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir və buna uyğun müvafiq tədbirlər görülür.
Əqli mülkiyyətin inkişaf etdirilməsi, ixtiraların sənayedə tətbiqi və alınmış patent­lərin beynəlxalq mühafizəsi istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir. Texniki və iqtisadi siyasət istiqamətində intellektual kapitaldan istifadənin genişləndirilməsi və texnoloji inkişafın stimullaşdırılması, kontrafakt malların dövriyyəsinə qarşı mübarizə tədbirlərinin genişləndirilməsi davamlı qaydada təşviq olunacaqdır.

Naxçıvan Muxtar Respublikası
Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR