23 Dekabr 2024, Bazar ertəsi

Əlahiddə Ümumqoşun Ordusunun təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib.
Əvvəlcə “Bir millət, iki dövlət” adlı videoçarx və “Böyük savaş” sənədli filmi nümayiş etdirilib. Çanaqqala döyüşləri və Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov bildirdi ki, Türk dünyasının möhtəşəm qələbəsi kimi tarixə qızıl hərflərlə yazılan Çanaqqala zəfəri türk tarixinin şərəfli səhifəsini təşkil edir. Bu döyüşlərdə azərbaycanlıların da iştirakı iki qardaş xalqın ən çətin məqamlarda birlikdə olduğunun əyani göstəricisidir. Çanaqqalada Osmanlı ordusunun şəhidləri arasında 3 minədək azərbaycanlının olması bu gün qardaş ölkə tərəfindən böyük ehtiramla xatırlanır.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacıqadir Qədirzadə çıxışında dedi ki, Çanaqqala zəfəri bütün Türk dünyasının qələbə günü, iftixar mənbəyi, qürur tarixidir. 1915-ci ildə qazanılmış bu qələbə türk millətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Mustafa Kamal Paşanın başçılığı ilə türk əsgəri Antanta İttifaqı kimi güclü donanmaya malik dövlətlərlə qeyri-bərabər döyüşlərdən qalib çıxdı, türk xalqının Vətən sevgisi, qətiyyəti və cəsarəti qarşısında diz çökən düşmən geri çəkildi. Düşmən üzərində qazanılan zəfərin 100 illiyinin qardaş ölkələr olan Türkiyə və Azərbaycanda böyük təntənə ilə qeyd edilməsi iki ölkə arasındakı birliyin və sarsılmazlığın əyani ifadəsidir.
Türkiyənin Naxçıvandakı Baş konsulunun vəkili Əhməd Özkan belə tədbirin təşkilini iki qardaş ölkə arasında günü-gündən güclənən birliyin ifadəsi kimi qiymətləndirdi. Bildirildi ki, Çanaqqala döyüşlərində şəhid olanların qəlbindəki Vətən sevgisi qələbənin qazanılmasında başlıca rol oynayıb. Əhməd Özkan Çanaqqala zəfərinin qardaş Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında yüksək səviyyədə qeyd olunmasına görə minnətdarlıq etdi.
Tədbirdə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli diqqətə çatdırdı ki, Antanta İttifaqı dövlətlərinin əsas məqsədi Çanaqqala boğazını keçərək İstanbul şəhərinə gedən yolu açmaq, bütün Anadolu torpaqlarını işğal etməklə türkün buradakı varlığına son qoymaq idi. Lakin bu istəklərinə nail ola bilmədilər. Osmanlı ordusunun qətiyyətlə müqavimət göstərməsi, daha sonra əks-hücuma keçərək düşmənin ordu birləşmələrini darmadağın etməsi bir daha təsdiq etdi ki, türk millətinin iradəsini qırmaq mümkün deyil. Çanaqqala zəfəri bunun tarixi sübutudur. Bu qələbə türkün yenilməzliyini göstərdi, milli mücadilənin öndəri Mustafa Kamalı tarix səhnəsinə çıxardı.
Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyinin kursantlarının, Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdlərinin ifasında Çanaqqala zəfərini, Azərbaycan və Türkiyənin birliyini tərənnüm edən şeirlər səsləndirildi, “Çanaqqala zəfəri” adlı kompozisiya nümayiş etdirildi.
Hərbi qulluqçulardan ibarət bədii özfəaliyyət kollektivi üzvlərinin ifasında səsləndirilən vətənpərvərlik mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Sonda “Azərbaycan-Türkiyə birgə hərbi təlimi” adlı videoçarx nümayiş etdirildi.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR