23 Dekabr 2024, Bazar ertəsi

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən lektoriyanı Gənclər və İdman nazirinin müavini Məcid Seyidov açıb.
Lektoriyada çıxış edən Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov Zərifə xanım Əliyevanın elmi-pedaqoji fəaliyyətindən bəhs edərək bildirib ki, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri olmuş Zərifə xanım Əliyevanın adı həm alim, həkim, ictimai xadim, həm də pedaqoq kimi hər bir insanın qəlbində yaşayacaqdır. Zərifə xanım görkəmli alim-oftalmoloqdur. O, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri ilə bağlı oxuduğu mühazirələr bunu bir daha sübut edir.

Qeyd olunub ki, Zərifə xanım mətbuatda həkim etikası problemlərinə dair maraqlı məqalələr də dərc etdirib. Bunlardan birində oxuyuruq: “Yalnız o şəxs həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq: sənin ağ xalat geyinməyə haqqın varmı?”
Vurğulanıb ki, Zərifə xanım təkcə öyrətmirdi, həm də müəllimlik fəaliyyəti dövründə canlı peşəkarlıq və müdriklik siması təbliğ edirdi. Görkəmli alim bir çox sanballı tədqiqatların, o cümlədən 12 mono­qrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun zəngin pedaqoji və elmi təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapıb. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün əsas elmi mənbədir. Zərifə xanım nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə də ciddi məşğul olub, həmin sahəyə dair iki monoqrafiya hazırlayıb. Bu mono­qrafiyalardan “İridodiaqnostikanın əsasları” Bakıda, “İridodiaqnostika” isə Mos­kvada nəşr olunub. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoyub. Bu mənada oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları görkəmli alimə böyük şöhrət gətirib və onu dünya oftalmologiya məkanında məşhurlaşdırıb. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənib və bu xəstəliklərin profilaktikası üsullarını işləyib hazırlayıb. Onun bu sahədəki ciddi axtarışları dünya tibb elmi ədəbiyyatında nadir tədqiqatlar sırasındadır. Akademik uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb, “Şin istehsalatında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstə­liyinin profilaktikası” adlı qiymətli monoqrafiyalar yazıb.
Sonra lektoriya iştirakçıları­­­nı maraqlandıran suallar ətraflı cavablandırılıb.
Lektoriyaya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR