1941-1945-ci illər Böyük Vətən müharibəsi. SSRİ-də yaşayan xalqların, o cümlədən azərbaycanlıların 1941-1945-ci illərdə dünyanı bürüməkdə olan faşizmə qarşı apardığı savaş tarixə bu adla düşüb. Düz 70 il əvvəl başlanan və 1418 gün davam edən döyüşlər dünyanın faşizm bəlasından xilas olunması ilə nəticələndi. Bu müharibədə qazanılmış qələbədə Azərbaycan xalqının övladlarının da özünəməxsus payı danılmazdır.
1941-1945-ci illər müharibəsi başlanan günü keçmiş SSRİ-nin tərkibinə daxil olan bütün müttəfiq respublikaların əhalisi kimi, Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının igid oğul və qızları ordu sıralarına yollandı. Azərbaycandan 700 minə yaxın, o cümlədən muxtar respublikamızdan 30 min nəfərə yaxın ləyaqətli oğul və qızlarımız Vətənin müdafiəsinə getdi. Azərbaycanlılardan ibarət 77-ci “Simferopol”, 223-cü “Belqrad”, 416-cı “Taqanroq” və 402-ci “Azərbaycan” adlı diviziyalar döyüş əməliyyatlarında mərdlik və cəsarət nümunəsi göstərərək keçmiş SSRİ-nin alman faşist ordusu tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsində yaxından iştirak etmiş, şirin canını düşmən gülləsinə sipər edən ləyaqətli oğul və qızlarımızın hər iki nəfərdən biri qəhrəmancasına həlak olmuşlar.
416-cı diviziya Şimali Qafqazdan Berlinədək ağır döyüş yolu keçmiş, düşmənin 23 minə yaxın canlı qüvvəsini məhv etmiş, 5474 əsgər və zabitini əsir götürmüşdür. Taqanroq şəhərinin azad olunmasındakı xidmətlərinə görə, 416-cı “Taqanroq” diviziyası fəxri ad almışdır. Diviziyanın əsgərləri Berlində Brandenburq darvazasına qələbə bayrağını sancmışlar. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdə Rostov vilayətinin Taqanroq şəhərində diviziyanın şərəfinə monumental abidə ucaldılmışdır.
Misilsiz qəhrəmanlıq göstərdiklərinə görə, 128 soydaşımız, o cümlədən muxtar respublikamızdan Abbas Quliyev, Nəcəfqulu Rəfiyev və Qəzənfər Əkbərov ən yüksək mükafata – “Sovet İttifaqı Qəhrəmanı” adına, Rəhim Rəhimov “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşlər. Baloğlan Rüstəmov, Yaqub Zalov, İsa Hüseynov, Zərifə Camalbəyova, Qadir Rəcəbov kimi igid döyüşçülər isə “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə təltif edilmişlər.
Sovet İttifaqı marşalı Fyodor Tolbuxin “Azərbaycan xalqına eşq olsun” adlı məqaləsində yazırdı: “Qızıl Ordu bir çox qələbələri üçün hücum edən hissələrə vaxtında və keyfiyyətli yanacaq verdiyinə görə Azərbaycan xalqına və qəhrəman Bakı neftçilərinə borcludur. Stalinqrad ətrafında, Don çayı üzərində və Donbasda, Dnepr və Dnestr sahillərində, Belqradda, Budapeşt və Vyana ətrafında bizim cəbhənin döyüşçüləri Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayır və neft Bakısının qəhrəman əməkçilərini alqışlayırdılar”.
Azərbaycanlılardan ibarət 77-ci “Simferopol” diviziyasının tərkibində vuruşaraq igidlik, qəhrəmanlıq göstərən Kamil İbrahimov, Cəfər Qasımov, Qara Fərzəliyev, Cəfər Cəfərov kimi həmyerlilərimiz də cəbhədən doğma Naxçıvana yüksək dövlət mükafatları ilə qayıtmışlar. Azərbaycanlılardan ibarət olan 416-cı “Taqanroq” diviziyasının 8 nəfər döyüşçüsü “Sovet İttifaqı Qəhrəmanı” adına, 258 nəfəri “Qırmızı Bayraq” ordeninə layiq görülmüşlər. Döyüş ordenləri alanlar arasında həmyerlilərimiz də çoxdur. Qərib Abbasov, Cəlal Axundov, Xeyrənsə Abdullayeva, Ağakişi Abbasov, Hüseyn Ağayev, Xalıqverdi Behbudov, Qasım Qasımov da onların sırasındadır.
Müharibədə qələbəni təmin etmək üçün arxa cəbhədə çalışan zəhmətkeşlər də döyüşən orduya yaxından və hərtərəfli köməklik göstərmişlər. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, müharibə illərində döyüşən orduya nə qədər neft və neft məhsulları lazım idisə, onun 80-85 faizi Azərbaycanda istehsal olunmuşdur. Muxtar respublikamızın zəhmətkeşləri də müdafiə fonduna xeyli köməklik göstərmişlər. Belə ki, 1941-1945-ci illərdə bu fonda 180 milyon 89 min manat nağd pul, 12 kiloqram qızıl, gümüş, 160 min dəstdən artıq isti paltar, 10 mindən artıq bağlama göndərilmişdir. Şərur rayonunun Çərçiboğan kəndindən Bəhman Cəfərov, Qarabağlar kəndindən Vəli Mədətov, İbadulla kəndindən Məmməd Əliyev, Vərməziyar kəndindən Vəli Muxtarov və başqaları öz halal zəhmət haqlarından 300-350 min manat pul toplayaraq qələbənin tezləşməsi üçün tank dəstəsinə yardım göstərmişlər.
Həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərən igid oğul və qızlarımızın əməyinə yüksək qiymət verən ümummilli liderimiz Heydər Əliyev demişdir: “...Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.
Səbuhi Həsənov