Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ərazisidir. Bu gözəl səfalı region şimal-qərbdən Türkiyə, şimal və şərqdən Ermənistan, cənubdan isə İran ilə həmsərhəddir. Naxçıvanın ölkənin digər hissəsindən təcridi yalnız Stalinin 1920-ci ildə Zəngəzur mahalını Ermənistanın nəzarətinə verməsi ilə başlayıb. Dağlıq Qarabağ (bu Azərbaycan torpağı hal-hazırda Ermənistanın işğalı altındadır) münaqişəsi zamanı erməni qüvvələri Naxçıvanı da işğal etməyə çalışdılar, lakin Kərki kəndindən başqa, heç bir ərazini işğal edə bilmədilər.
Muxtar respublikanın paytaxtı Naxçıvan şəhəridir. Ərazisi 5500 kvadratkilometr, əhalisi 500 min nəfərə yaxındır. Ərazisinin, təxminən, 75 faizi 1000 metr və daha yuxarı yüksəklikdə yerləşir. Naxçıvan öz əzəmətli dağları ilə tanınır.
Naxçıvan haqqında ilk yazılı məlumata yunan coğrafiyaşünası Ptolomeyin “Coğrafiya” kitabında “Naksuana” kimi rast gəlinir. O yazır ki, bu şəhərin əsası eradan əvvəl 4400-cü ildə qoyulub. İmperiyalar, sultanlıq və xanlıqlar dövrünün əhatəsində Naxçıvan adı bir çox dəfə dəyişilib: “Nəxşicahan” (dünyanın bəzəyi), “Nuhçıxan” (Nuh Peyğəmbərin diyarı) və sair. “Naxçıvan” sözü ilkin mənbələrdə müxtəlif formalarda göstərilib. Yunanca “Naksuana”, pəhləvicə “Naxç”, ərəbcə “Nəşəva”. Naxçıvanın adı ilə bağlı bir çox tədqiqatçıların irəli sürdüyü müxtəlif fikirlərə baxmayaraq, bu diyarın adı daha çox Nuh Peyğəmbər və böyük Dünya tufanı ilə bağlıdır.
Bu faktı Nuh əfsanəsinin müqəddəs Quran və İncildə mövcudluğu, Bilqamıs dastanı və Kiçik Qafqaz dağlarının ən yüksək zirvələrində (Naxçıvanın Ordubad rayonu ərazisində yerləşir) – dəniz səviyyəsindən 3907 metr yüksəklikdə yerləşən Qapıcıq zirvəsində olan Gəmiqaya qayaüstü yazı və rəsmləri təsdiq edir. Nuh Peyğəmbərin qəbri Naxçıvan şəhərindədir. Onun şərəfinə burada məqbərə ucaldılıb.
Naxçıvan şəhəri qədim ticarət yollarının kəsişməsində yerləşir. Erkən orta əsrlərdə Naxçıvanın Kiçik Asiya, Orta Şərq və Zaqafqaziya ölkələri arasında əlaqələri xüsusilə yaxın olmuşdur. Şəhərin zənginliyi və onun geosiyasi mövqeyi qonşu ölkələrdən buraya tez-tez hücumların olmasına səbəb olmuşdur. Bizim eradan əvvəl I əsrin ortalarında Naxçıvan Bizans imperatoru II İraklinin hücumuna məruz qalmış və dağıdılmışdır. Tez-tez monqol hücumları zamanı talanmış, Bizans imperiyası və Ərəb xilafəti arasında daimi münaqişələrə səbəb olmuşdur. Bütün vaxtlarda Naxçıvan Sacilər və Salarilər dövlətlərinin əsas şəhərlərindən biri, Azərbaycan dövləti olan Eldəgizlərin isə paytaxtı olmuşdur. Nəhayət, XVIII əsrdə müstəqil xanlıq olmuş və XIX əsrdə Rusiyaya birləşdirilmişdir. 1991-ci ildə SSRİ dağılmağa başlayanda Naxçıvan Litvadan sonra ilk olaraq müstəqilliyini elan etdi. Bu gün Azərbaycanın tərkibində muxtar respublikadır. Naxçıvanın öz Ali Məclisi və Nazirlər Kabineti vardır. Ali Məclisin Sədri Ali Vəzifəli Şəxsdir.
Qədim dövrlərdə şəhər həm də yüksək səviyyədə ticarət mərkəzi kimi öz rəssam, eləcə də sənətkarları, xalçaçıları və zərgərləri ilə məşhur olmuşdur. Lakin şəhər xüsusilə də Naxçıvan memarlıq məktəbinin memarları ilə tanınırdı. Fransız səyyahları Pierre Chardine, Dubois de Monpierre və ingilis səyyah Porter qeyd edirdilər ki, Naxçıvan yaxşı qorunub saxlanılan qədim memarlıq abidələri ilə gözəl və dəbdəbəli şəhərdir. Türk səyyah Övliya Çələbi yerli hamamlarda hovuzların suyunun hər gün səbətlər dolu qızılgül ilə ətirləndirildiyindən ovsunlandığını deyirdi.
Bu gün Naxçıvanda elm və təhsilin inkişafına xüsusi diqqət yetirilir. Burada hal-hazırda iki universitet, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Müəllimlər İnstitutu fəaliyyət göstərir. Məktəblər də diqqətdən kənar qalmır – köhnə məktəblər yenisi ilə əvəz edilir, son texnologiyalar və avadanlıqlarla tam təchiz olunur. Şəhərdə mədəniyyət sarayı, dram teatr, kukla teatrı, xalça muzeyi, tarix muzeyi və sair fəaliyyət göstərir. Tam təchizatlı olimpiya kompleksi tikilib istifadəyə verilmişdir. Burada iqtisadiyyat sürətlə inkişaf edir, yeni zavodlar, fabriklər və müəssisələr açılıb və çoxlu iş yerləri yaradılmışdır.
Naxçıvanın turizm potensialı çox yüksəkdir. İl ərzində yerli və xarici turistlərə mədəni irs, tarix, botanik, ekoloji, tibbi sağlamlıq və sair kimi bir çox turizm sahələrində xidmətlər göstərilir. Xarici turistlər Naxçıvana İstanbuldan Türk Hava Yollarının təşkil etdiyi mütəmadi təyyarə reysləri vasitəsilə çata bilərlər. Bundan əlavə, Azərbaycan Hava Yolları Bakıdan Naxçıvana gündə ən az 4 uçuş təşkil edir. Siz buraya həmçinin Rusiyanın Moskva şəhərindən də uça bilər, İrandan və Türkiyədən avtomobil və ya avtobusla gələ bilərsiniz.
Naxçıvan dünyaya Möminə xatın məqbərəsi (XII əsr), Yusif Küseyir oğlu türbəsi (XII əsr), iki minarəli Qarabağlar türbəsi (XIII əsr), Əlincəçay Xanəgahı (XII-XIII əsrlər), Əshabi-Kəhf (müqəddəs Quranda adı keçir), Aza körpüsü (XVI əsr), Gülüstan türbəsi (XIII əsr), İmamzadə kompleksi (XVI əsr), Əlincə qalası, Gilan şəhərinin qalıqları və sair kimi zəngin memarlıq irsi təqdim edir.
Naxçıvanın həm də qədim sağlamlıq tarixi vardır. Zəngin təbii dərman bitkiləri sayəsində müxtəlif xəstəliklər müvəffəqiyyətlə müalicə edilmiş və bu praktika nəsillərdir davam etməkdədir. Duz mağaralarında yerləşən Duzdağ Fizioterapiya Mərkəzi astma və bronxial sistemi xəstəliklərinin müalicəsində ixtisaslaşmış ən mühüm tibbi mərkəzlərdən biridir. Darıdağ Balneoloji (arsenli su) Xəstəxanası Culfa şəhərindən 8 km məsafədə arsenli su yatağının ərazisində yerləşir və 1978-ci ildə yaradılmışdır. Darıdağ arsenli mineral su ilə müxtəlif ürək xəstəlikləri, dayaq-hərəkət aparatı orqanları xəstəlikləri, periferik əsəb sistemi, dəri xəstəlikləri, qadın xəstəlikləri, qanazlığı və bir çox digər xəstəliklər müalicə edilir. Dünyanın bütün nöqtələrindən bu müalicə mərkəzlərinə üz tutan çoxlu xəstələr tez bir zamanda sağalır. Naxçıvanın bu yerləri tarixi-mədəniyyət və ekoloji turizmin potensial mənbəyi kimi təşviq edilir.
Sonda qeyd etmək istərdik ki, Naxçıvan çoxlu tanınmış dövlət xadimləri, siyasi və hərbi liderlər, alimlər, yazıçılar, tarixçilər, filoloq və sair yetirib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də Naxçıvanda anadan olub.
Naxçıvan dünyanın sizi təəccübləndirəcək dərəcədə hər şeyi yerli-yerində, mütərəqqi və iftixarlı bir guşəsidir. Burada yerli orqanik-təbii məhsulların istehsalına, alternativ təbabətə, sağlamlıq turizminə xüsusi diqqət verilir. Bütün məhsullar ekoloji baxımdan təmizdir. Burada istifadəçilər həmçinin genişzolaqlı sürətli internetə çıxışla da təmin olunublar.
Peter Tase
Amerika Birləşmiş Ştatları
“Foreign Policy News” jurnalı, 17 aprel 2015-ci il