Qardaş Türkiyədə və Azərbaycanda Çanaqqala zəfərinin 100-cü ildönümü böyük təntənə ilə qeyd olunur. Çanaqqala döyüşləri türk xalqının və Türkiyə hərb tarixinin ən şərəfli səhifələrindəndir. 1915-ci ildə Mustafa Kamal Paşanın başçılığı ilə türk əsgəri Antanta birliyi kimi güclü donanmaya malik dövlətlərlə qeyri-bərabər döyüşlərdən qalib çıxmış, türk xalqının Vətən sevgisi, qətiyyəti və cəsarəti qarşısında diz çökən düşmən geri çəkilmişdir.
Osmanlı imperiyası XX əsrin əvvəllərində süquta doğru gedirdi. Xaricdə və ölkə daxilində baş verən proseslər Osmanlını çökdürür, onun iqtisadi, siyasi, hərbi gücünü zəiflədirdi. Trablis və Balkan savaşlarındakı məğlubiyyət isə Avropadakı bütün torpaqların əldən çıxmasına səbəb olmuşdu. Rusiya boğazları ələ keçirib “isti dənizlərə” çıxmağı hədəfləyərkən, İngiltərə Süveyş kanalı və Hind okeanına gedən yolun təhlükəsizliyi üçün Fələstini ələ keçirmək planını hazırlayır, Fransa Livan, Suriya və Kilikiyanın idarəçiliyini arzulayır, almanlar Şərqə yiyələnmək niyyəti güdür, italyanlar isə Antalyaya sahib olmaq istəyirdilər. Çanaqqala zəfəri məhz hərbi-siyasi vəziyyətin gərgin olduğu, imperiya maraqlarının toqquşduğu belə bir şəraitdə qazanılmışdı. Ona görə bəzi tarixçilər bu zəfəri Birinci Dünya müharibəsinin məhvərini dəyişdirən qələbə kimi də qiymətləndirirlər.
Osmanlı dövləti 1914-cü il avqustun 21-də Almaniya ilə qarşılıqlı hərbi yardım və müttəfiqlik haqqında müqavilə imzalamışdı. Bu müqavilədən dərhal sonra ölkədə ittifaq dövlətlərinə qarşı müharibəyə hazırlıq başlanmışdı. Çünki hələ 1914-cü il avqustun 10-da Aralıq dənizində ingilis donanması qarşısında geri çəkilən iki alman gəmisinin Çanaqqala boğazını keçərək İstanbula gəlməsi böyük gərginlik yaratmışdı. 1914-cü il oktyabrın 27-də qəsdən “Yavuz” və “Midilli” adlandırılan həmin gəmilər alman admiral Sukonun əmri ilə Qara dəniz sahillərindəki Rusiya limanlarını bombalamış və bununla da, Osmanlı dövləti özü istəmədən Birinci Dünya müharibəsinə qoşulmuşdu.
1915-ci il fevralın 19-da Fransa və Britaniyaya aid 16 döyüş gəmisindən ibarət nəhəng donanma Osmanlı sahil qüvvələrini bombalayaraq Çanaqqala boğazına doğru irəliləyirdi. Lakin Gelibolu yarımadasına yerləşdirilən Osmanlı artilleriyası da düşməni göz açmağa qoymurdu. Müttəfiqlərin Aralıq dənizi qüvvələri kamandanı admiral Carden Çanaqqala boğazını keçərək İstanbula girmək üçün üçmərhələli hücum planı hazırlamışdı və belə hesab edirdi ki, bir ay ərzində İstanbulu alacaqdır. O, planın gedişini sınaqdan çıxarmaq üçün 7 zirehli gəmi ilə kəşfiyyat xarakterli hücum həyata keçirdi və sahil qüvvələrinə zərər vurdu. Türklər güclü müdafiə olunduqlarından ikinci hücum gecikdirilərək 19-25 fevral 1915-ci il tarixləri arasında, 7 gün fasilələrlə davam etdirildi. Onlar ancaq türk toplarının atış mənzilindən kənardan edilən atəşlərlə Türkiyənin müdafiə qüvvələrinin 19 topunu sıradan çıxarmaqla müəyyən müvəffəqiyyət qazandılar və fevralın 26-da boğaza girdilər. Müvəqqəti müvəffəqiyyətdən başı dumanlanan Carden Londona teleqraf göndərərək 14 gün müddətinə İstanbula girəcəyini bildirdi. Üçüncü mərhələ ciddi hazırlıqdan sonra, martın 18-də həyata keçirildi. Düşmən boğaza yaxın məsafədə topladığı 36 müxtəlif döyüş, 7 təyyarə gəmisi, 7 dənizaltı, 14 minatəmizləmə gəmisi və 6 yardımçı gəmilərin böyük bir hissəsi ilə hücuma başladı. Bu döyüşlərdə türk müdafiəsinin ən önəmli yeri Müstahkəm mövqeyi idi. 1915-ci ilin ilk aylarında burada 27 bölük halında qurulmuş bir mina qrupu ilə 104 top vardı. 6 saatlıq döyüşdə düşmənin 3 gəmisi batırıldı, 3 ağır zərbə alaraq döyüş qabiliyyətini itirməklə geri çəkildi. Beləliklə, düşmənin dəniz hərəkatı tam iflasa uğradı, İstanbulu bir aya tutmaq xəyalı bir donanmanın maddi və mənəvi məhvinə səbəb oldu.
Dəniz döyüşlərində ağır zərbə alan müttəfiq ordular qurudan əməliyyat keçirmək məqsədilə sahilə qoşun çıxarmaq qərarına gəldilər. Bunun üçün bir aydan artıq hazırlıq görüldü. Aprelin 24-dən başlayaraq müttəfiq donanması müəyyən məsafəyə qədər boğaza yaxınlaşdı. Səhər tezdən gəmilər sahildəki müdafiə xətlərini atəşə tutmağa başlasalar da, quruya qoşun çıxara bilmədilər. Aprelin 28-də Kirtə ətrafındakı döyüşlərdə böyük itki verən ingilislər geri çəkildilər. Quruda ağır döyüşlərdən biri də aprelin 24-də və 25-də başlanıb fasilələrlə davam edən Arıburnu döyüşü idi. Döyüşdə Mustafa Kamalın komandanlıq bacarığı nəticəsində ciddi müvəffəqiyyətlər əldə edilmiş, Arıburnu, Anafartlar, bütövlükdə, Gelibolu yarımadasında böyük müvəffəqiyyətlər qazanılmışdır. Dəniz döyüşlərində olduğu kimi, Çanaqqala ətrafında gedən quru döyüşləri də müttəfiqlərin ordularını geri çəkməsi və türk ordusunun zəfəri ilə bitdi.
Çanaqqala müasir silahlarla silahlanmış ordunun qarşısında günlük yeməyi bir tikə çörək olan, bəzən bunu da tapa bilməyən, ayaqyalın vətən oğlunun dünyaya meydan oxuyan ingilis-fransız ordusu üzərində zəfəridir. Bu döyüşlər türkün yenilməzliyini göstərdi, milli mücadilənin öndəri Mustafa Kamalı tarix səhnəsinə çıxardı. Bəzi mənbələrə görə, o ildə ölkənin bir sıra yüksək təhsil sahələrinin buraxılışı olmamışdır. Çünki orada oxuyanların əksəriyyəti Vətən üçün şəhid olmuşdur. İngilis baş komandanı general Hamilton türk ordusunun və əsgərinin döyüş şücaətinə çox böyük dəyər verərək yazırdı: “Türk ordusunun və polkovnik Mustafa Kamal kimi dahi bir komandirin qarşısında dayanırıq. Bunu heç zaman unutmayaq”.
Əslində, ittifaq dövlətlərinin əsas məqsədi Çanaqqala boğazını keçərək İstanbul şəhərinə gedən yolu açmaq, bütün Anadolu torpaqlarını işğal etməklə türkün buradakı varlığına son qoymaq idi. Lakin bu istəklərinə nail ola bilmədilər. Osmanlı ordusunun qətiyyətlə müqavimət göstərməsi, daha sonra əks-hücuma keçərək düşmənin ordu birləşmələrini darmadağın etməsi bir daha təsdiq etdi ki, millətin iradəsini qırmaq mümkün deyil. Çanaqqala zəfəri bunun tarixi sübutudur.
Çanaqqalada və digər ərazilərdə qanlı döyüşlərin getdiyi bir dövrdə ermənilər türk xalqına arxadan zərbə vuraraq “ikinci cəbhə” açdılar. Hərbi əməliyyatlar başlayan kimi Türkiyə Böyük Millət Məclisinə Ərzurumdan deputat seçilən Qaro Basdırmacan ermənilərdən ibarət hərbi hissələrlə birlikdə rusların tərəfinə keçdi. Qaronun başçılıq etdiyi dəstələr türk kəndlərini dağıdır, əhalini amansızcasına qırırdılar. Tək bir gündə – 21 fevral 1914-cü ildə Qarsda və Ərdahanda erməni quldur dəstələri tərəfindən 30 min türk qətlə yetirilmişdi. Ermənilərin türk-müsəlman əhalisinə qarşı soyqırımı 1915-ci illə bitmədi, əksinə, sonrakı illərdə daha da şiddətləndi, 1916-cı il mayın 11-də Malazgird şəhərində 20 min türk vəhşicəsinə öldürüldü.
İstər Çanaqqala zəfərinin əldə edilməsində, istərsə də ermənilərin törətdikləri soyqırımının qarşısının alınmasında Azərbaycan xalqının qəhrəman övladları da yaxından iştirak etmişlər. Çanaqqala döyüşlərində türk ordusu 253 min şəhid vermişdir. Arxiv sənədlərindən məlum olur ki, şəhid olanların 3 mini azərbaycanlı idi. Azərbaycan xalqı qan və can qardaşlarını cəbhədə tək qoymamış, qəhrəman oğullarımız türk əsgərləri ilə çiyin-çiyinə yağı düşmənə qarşı rəşadətlə vuruşmuşdur. Birinci Dünya müharibəsi dövründə, xüsusilə 1915-ci ildən başlayaraq Osmanlı ərazilərində Azərbaycan könüllülərindən ibarət dəstələr təşkil edilirdi. Bu taburlara daxil olan könüllülər Qafqaz və Cənubi Azərbaycandan olduqları üçün bölgəni yaxşı tanıyırdılar və onlardan cəbhədə istifadə etmək haqqında Osmanlı hökuməti tərəfindən xüsusi qərar qəbul edilmişdi.
Birinci Dünya müharibəsi ərəfəsində və ondan sonrakı dövrlərdə azərbaycanlıların Türkiyəyə göstərdiyi yardımlar haqqında tədqiqatçı, jurnalist Abdulhamit Avşar yazırdı: “Milli mübarizənin başlanması ilə Azərbaycan türkləri Anadoluya mənəvi dəstəyi ilə birlikdə, müxtəlif maddi dəstəklər də göstərmişdir. Bu maddi dəstək mövzusu çox önəmlidir. Çünki Azərbaycan Xalq Cümhuriyyəti o tarixlərdə hələ bir yaşında dövlət idi. Hələ öz varlığını qəbul etdirmək, yaşamaq uğrunda mübarizə aparmaqda idi. Bu vəziyyətə və yardımına ehtiyac duyduğu güclərin Anadolu milli mübarizəsinin düşmənləri olduğuna baxmayaraq, əlindən gələn yardımı göstərməyə çalışmışdır”.
Daha sonra müəllif Türk Silahlı Qüvvələri Baş Qərargahının Arxiv İdarəsindəki sənədlərə istinadən yazır ki, Azərbaycan ordusundan alay böyüklüyündəki bir birlik Albay Səməd bəyin komandanlığında Cənubi Azərbaycan üzərindən Ərzuruma gələrək Anadolu milli mübarizəsi sıralarına qoşulmuşdur. Azərbaycan hərbi birliklərinin Türkiyə ordusuna qoşulacağı xəbərini ilk olaraq Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsmət İnönü vermişdir. Belə ki, 8 iyul 1920-ci il tarixdə Türkiyə Böyük Millət Məclisində ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət bəy Azərbaycandan kömək məqsədilə əlavə bir qüvvə gəldiyini açıqlamışdır. Bir piyada taburu və bir süvari alayından ibarət olan birlik dərhal şərq cəbhəsinə göndərilmişdir. 15-ci süvari alayına qoşulan birlik Şərqi Anadolunun ermənilərdən geri alınması ilə sona çatan Doğu hərəkatında olmuş, Sarıqamışın, Qarsın, Gümrünün ermənilərdən geri alınmasında mühüm xidmətlər göstərmişdir.
Azərbaycan türklərindən ibarət 15-ci süvari alayının bu qələbəsinə görə onun nəzdində 6-cı süvari tüməni təşkil edilmişdir. Bu tümən şərq cəbhəsində İstiqlal savaşının sonuna qədər vəzifəsini yerinə yetirmişdir. Bu hərbi birlikdən başqa, milli mübarizənin müxtəlif cəbhələrində də xeyli azərbaycanlı zabit və əsgər könüllü xidmət etmişdir. Bu şəxslərin əksəriyyəti İstiqlal savaşından sonra orduda qalmış və yüksək rütbələrədək yüksəlmişlər.
Türkiyəyə çətin müharibə şəraitlərində daim kömək əlini uzadan Azərbaycanda yaradılmış Xeyriyyə Cəmiyyətinin də fəaliyyətini qeyd etmək yerinə düşər. Bu cəmiyyət tərəfindən Birinci Dünya müharibəsi zamanında rus işğalı altında olan ərazilərə – Oltu, Həsənqala, Hınıs, İspir, Van, Muş, Bəyazid, Ərzincan, Ərzurum, Qars, Trabzon və digər yerlərə ərzaq, pul, geyim, yanacaq və sair yardımlar göndərilmişdir. Bunun nəticəsidir ki, Qurtuluş savaşında Türkiyə yanacaqla bağlı çətinlik çəkməmişdir.
Xatırlamaq lazımdır ki, ötən əsrin əvvəllərində Azərbaycanın qərbində, Zəngəzurda, habelə Qarabağ, Naxçıvan və Bakı şəhərində erməni hərbi birləşmələri azərbaycanlılara qarşı soyqırımı törədirdi. Məhz belə bir dövrdə türk əsgərlərinin Azərbaycana gəlməsi, burada yerli müdafiə qüvvələri ilə birlikdə vuruşması, Osmanlıların beşinci piyada diviziyası ilə Azərbaycanın milli müsəlman korpusunun döyüşçülərindən ibarət Qafqaz İslam Ordusunun yaradılması və bu ordunun Bakının erməni daşnaklarından təmizlənməsindəki rolu Türkiyə və Azərbaycan qardaşlığının əsrlərə söykənən həmrəyliyini bir daha ortaya qoyur.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanla Türkiyə arasında əlaqələrə daim üstünlük vermiş, bu əlaqələri “bir millətin iki dövləti” səviyyəsinə qaldıraraq demişdir: “Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri böyük və zəngin tarixə malikdir. Bizim keçmişimiz də, bu günümüz də dostluq, qardaşlıq əlaqələri ilə səciyyəvidir”.
Böyük öndərlər – Heydər Əliyev və Mustafa Kamal Atatürkün Azərbaycan və Türkiyə üçün arzuları bu gün hər iki ölkədə reallaşdırılır. Bu gün iki qardaş ölkə arasında bütün sahələr üzrə qurulan əməkdaşlıq dünyaya nümunədir. Sıx əlaqələrə malik olan Azərbaycan ilə Türkiyənin iqtisadi, siyasi, hərbi gücü, beynəlxalq aləmdəki nüfuzları hər il daha da artır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Türkiyə və Azərbaycan xalqları öz gələcəyini müştərək tarix üzərində qururlar”.
Aprelin 24-ü – Çanaqqala Zəfəri Günü bütün Türk dünyasının qələbə günü, iftixar mənbəyi, qürur tarixidir. Çanaqqalada düşmən üzərində qazanılan zəfərin 100 illiyinin qardaş ölkələr olan Türkiyə və Azərbaycanda böyük təntənə ilə qeyd olunması iki ölkə arasındakı birliyin və sarsılmazlığın daha bir ifadəsidir.
"Şərq qapısı"