23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Tibb Kollecində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar  lektoriya keçirilib.

Tədbiri giriş sözü ilə kollecin direktoru İlhamə Mustafayeva açaraq bildirib ki, insan, vətəndaş və alim anlayışları Zərifə xanım Əliyeva şəxsiyyətində birləşərək bölünməz bir vəhdət təşkil edib. Zərifə xanımın elm aləminə qədəm qoyması, öz zəngin yaradıcılığı ilə Azərbaycan və dünya elminə dəyərli töhfələr verməsi təsadüfi deyildi. Ona işıqlı yol göstərən atası Əziz Əliyevin Zərifə xanımın həkim-oftalmoloq peşəsini seçməsində böyük təsiri olub. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiya­sı”nın əsasını qoyub. Bu mənada oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə ­xanımın adı ilə bağlıdır.
Vurğulanıb ki, Zərifə xanım ­Əliyeva monumental əsərləri, elmi nailiyyətləri, pedaqoqluq səriştəsi ilə ideal bir həkim, böyük alim kimi xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır. O, həmişə bizimlədir, bizim aramızda, bizim sıramızdadır. Zərifə xanım gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, işığında, nurunda əbədi yaşayır.

Görkəmli alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas məqamları haqda danışan İlhamə Mustafayeva deyib ki, bu böyük insanın fəaliyyətini araşdırdıqca maraqlı məqamlara rast gəlirik. Zərifə xanımın elmi axtarışları monoqrafiyalarda, müxtəlif kitablarda əks olunub. Bu əsərlər oftalmologiya sahəsində çalışan, təhsil alan insanlar üçün böyük elmi mənbədir. O, səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun bila­vasitə rəhbərliyi ilə həkim-oftalmoloqların böyük bir nəsli yetişib.
Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasının baş həkimi Səidə Hüseynova çıxış edərək bildirib ki, Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, büllur çeşməyə bənzər mənəvi təmizlik və paklıq nümunəsi, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatını almış ilk azərbaycanlı Zərifə xanım Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ­qadınlarındandır. Zərifə xanım Əliyevanın qaynar həyat və yaradıcılıq fəaliyyəti Azərbaycan Tibb Universiteti, Moskvada Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutu, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olub. Akademik Zərifə ­Əliyeva 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitinin müəllifidir. Görkəmli alim Zərifə Əliyeva gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin, layiqli vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. O, onlarla elmlər doktoru və elmlər namizədi alimlik dərəcələri almaq üçün müdafiə edilmiş dissertasiyaların elmi məsləhətçisi və ya rəhbəri olub.
Vurğulanıb ki, akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi tutarlı nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. O həmçinin çoxillik elmi, pedaqoji, ictimai fəaliyyəti nəticəsində qazandığı uğurlara görə bir sıra orden və medallarla, fəxri fərmanlar­la təltif edilib. Akademik Zərifə Əliyevanın əsərləri ilə yaxından tanış olan dünya alimləri onun elmi-tədqiqat işlərinə yüksək qiymət veriblər.
Sonra tədbir iştirakçıları görkəmli akademikin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıb, onun tibbi fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR