Son iki əsrdə Osmanlı türklərinin və azərbaycanlıların üzləşdiyi faciəli tarixi hadisələr birbaşa erməni amili ilə bağlıdır. Ötən əsrin əvvəllərində Aralıq dənizindən başlayaraq bütün Cənubi Qafqaza və hətta Şimali Qafqazın böyük bir hissəsinə sahiblik iddiasına düşən ermənilərin apardığı təcavüzkarlıq siyasəti türk-müsəlman əhalisinə çox böyük faciələr bahasına başa gəlmişdir.
Erməni millətçiləri üçün tarixə saxtakarcasına yanaşmanın yalnız bir yolu vardır: “böyük Ermənistan” məramına xidmət etmək. Erməni məntiqinə görə, həmin iddianın təsdiqi üçün fakt yoxdursa, onda haradan olursa-olsun, quraşdırmaq lazımdır. Erməni millətçiləri bu yolda istənilən mənfur hərəkətə, hətta terrora da əl atmağı məqbul hesab edirlər. Tədqiqatçı Jemçuynikov bunu nəzərə alaraq yazırdı ki, “Qışqıra-qışqıra danışmaq erməni xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər...”
Son günlər Roma Papası I Fransiskin “ötən əsrdə ilk soyqırımı ermənilərə qarşı həyata keçirilib” açıqlaması və bunun davamı olaraq Avropa Parlamentinin aprelin 15-də 12 maddəlik “erməni soyqırımı” qətnaməsini qəbul etməsi Jemçuynikovun fikirlərini bir daha təsdiq edir. Tarixi saxtalaşdırmaq cəhdinin daha bir acı nəticəsi olan bu qətnamə dünyaya demokratiya dərsi keçən Avropanın, sülhün və ədalətin “simvolu”na çevrilmiş rəsmi Vatikanın iç üzünü növbəti dəfə açıb göstərdi.
Daim havadarlarının kölgəsində gizlənən ermənilərin öz əməllərini ört-basdır etmələrinin yeni bir forması olan qondarma “soyqırımı” iddiası bu gün Avropa Parlamentində səslənirsə, hətta bununla bağlı qətnamə qəbul edilirsə, o zaman dünyaya ədalət carçısı kimi hayqıran həmin Avropa nə üçün ermənilər tərəfindən Türkiyə və Azərbaycanda törədilən soyqırımını görmək istəmir? Ərzincan, Van, Ərzurum qətliamlarını, Naxçıvan, Gəncə, Bakı qırğınlarını, Xocalı soyqırımını nə üçün dilinə gətirməyə qorxur?! Ona görə ki, qondarma erməni məsələsi çoxdandır, tarix üçün yox, siyasət üçün alətə çevrilib.
1915-ci ildə qalib dövlətlər türk millətini Yer üzündən silmək, onun dövlətçiliyini məhv etmək, ərazisini bölüşdürmək üçün hərəkətə keçmişdilər. Bu yolda erməni məsələsi alət kimi istifadə olundu. Çünki bu xalq dəfələrlə ona himayə duran Osmanlı hakimiyyətinə xəyanət etmişdir. Osmanlı imperatorluğu ərazisində dəfələrlə erməni üsyanları baş vermiş, erməni toplumu türk dövlətçiliyinə, türk soyuna qarşı rusların, fransızların və ingilislərin xeyrinə ən alçaq hərəkətlərə əl qoymuşdu. Nəticədə, çoxsaylı dinc türk əhalisi qətlə yetirilmiş, insanlar amansızcasına öldürülmüşdür. Lakin qəhrəman türk xalqı öz istiqlaliyyəti uğrunda həm daxildəki ermənilərə, həm də xarici qüvvələrə qarşı mübarizə aparmış, bu yolda milyonlarla şəhid vermişdir. Ermənilər isə mənfur planlarının baş tutmadığını anladıqda yenidən “yazıq millət” libasına bürünərək guya soyqırımına məruz qaldıqlarını iddia etməyə başlamışlar. Türkiyə hökuməti dəfələrlə arxivlərin açılmasını və tarixçilərin bu məsələni araşdırıb qiymət verməsini təklif etmişdir. Nə Ermənistan hökuməti, nə də Qərb dövlətləri bu günədək Türkiyə hökumətinin təklifini qəbul etmişlər. Bu fakt bir daha göstərir ki, “erməni soyqırımı” uydurmadan başqa bir şey deyil!
Bunun əksinə, yüz ildən çoxdur ki, türk xalqları ermənilərin işğalçılıq və soyqırımı siyasətindən əziyyət çəkirlər. XIX əsrin sonlarından etibarən erməni millətçiləri müasir Türkiyə Respublikasının ərazisində və Cənubi Qafqazda kütləvi terror aktları və qırğınlar törədərək əliyalın türkləri və azərbaycanlıları vəhşicəsinə qətlə yetirmiş, saysız-hesabsız yaşayış məntəqəsini viran qoymuş, qədim mədəniyyət abidələrini yerlə-yeksan etmişlər. 1905-1907-ci, 1918-1920-ci illərdə İrəvanda, Zəngəzurda, Bakıda, Naxçıvanda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, habelə Qarabağda, Muğanda və digər yerlərdə, Birinci Dünya müharibəsi illərində Şərqi Anadoluda – Ərzurumda, Qarsda, Ərdəhanda, Adanada ermənilər tərəfindən dinc əhaliyə amansızcasına divan tutulmuşdur.
Azərbaycanda 1914-1918-ci illərdə 150 min, 1918-1920-ci illərdə 250 min, qədim Azərbaycan torpağı olan İrəvan quberniyasında 132 min azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Ermənilərin soyqırımı siyasəti Naxçıvandan da yan keçməmiş, 1918-1920-ci illərdə burada 80-dən artıq yaşayış məntəqəsi dağıdılmış, on minlərlə insanın həyatına son qoyulmuşdur. Həmin vaxt Naxçıvan bölgəsində əhalinin 70 faizi (73 min 727 nəfər) erməni quldur dəstələri tərəfindən qəddarcasına qətlə yetirilmişdir. Amerika tarixçisi C.K.Makkartinin yazdığına görə, ümumilikdə, XX əsrin əvvəllərində baş verən bu qanlı hadisələr zamanı Türkiyə və Azərbaycan ərazisində 2,5 milyon türk əhali məhv edilmişdir.
1988-ci ildə ermənilər tərəfindən başlanan işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan çox azərbaycanlı yaşadığı tarixi ərazidən qovulub didərgin salınmış, 877 şəhər, kənd və qəsəbə dağıdılmış və yandırılmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Azərbaycanın Xocalı şəhərində soyqırımı törətmişlər. Ermənistanın ölkəmizə təcavüzünün başlandığı vaxtdan erməni terrorçu təşkilatlarının həyata keçirdikləri 32 terror aktı nəticəsində 2 mindən çox azərbaycanlı həlak olmuş, on minlərlə adam yaralanmışdır.
Bütün bunlar faktdır. Özü də 100 il bundan əvvəl yox, yaxın tarixdə Azərbaycan türklərinə qarşı törədilmiş erməni vəhşiliyinin dünya dövlətləri tərəfindən sükutla qarşılanması da faktdır. Avropa Parlamentinin və Vatikanın qərəzli mövqeyi qeyd olunanların daha bir təsdiqidir. Əslində, həm Avropa Parlamentinin uydurma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə, həm də dünyaya tolerantlıq dərsi keçən Vatikanın ermənilərə axıtdığı “göz yaşları” xristian təəssübkeşliyindən başqa bir şey deyil. Ermənistan bu gün Avropa Birliyinin üzvü deyil. Hətta bu ölkə öz xarici siyasətində Avropa Birliyinin əleyhinə addımlar da atır. Digər bir tərəfdən Ermənistan xristian ölkəsi olsa da, əhalisinin böyük əksəriyyəti Qriqorianlığa etiqad edir ki, bunun da Vatikanla heç bir bağlılığı yoxdur. Onda həm Avropa Parlamenti, həm də Vatikanın qondarma soyqırımı iddiasında bu qədər cəfakeşlik göstərmələri hansı məqsədə xidmət edir?!
Məqsəd aydındır. Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin sürətli inkişafı, regionda əsl söz sahibi olması, “Bir millət, iki dövlət” səviyyəsinə yüksələn strateji əlaqələri, hər iki ölkənin regional enerji layihələrinin icraçısı kimi bölgədə təhlükəsizliyin qarantına çevrilməsi Avropa Parlamenti və Vatikan tərəfindən birmənalı qarşılanmır. Bu gün Azərbaycan-Türkiyə dostluğunu təhdid kimi qəbul edən xarici qüvvələr yenidən erməni faktorundan alət kimi istifadə edirlər. Lakin bu dəfə başqa bir müstəvidə. Avropa Parlamentinin sözügedən qətnaməsinin 4-cü bəndində tələb olunur ki, Türkiyə Ermənistanla sərhədlərini açsın. Qətnamənin müəllifləri unudurlar ki, bu sərhədlər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına cavab olaraq bağlanmışdır.
Türkiyə-Ermənistan sərhədlərinin yalnız Qarabağ münaqişəsinin həll olunacağı və işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılacağı təqdirdə açılacağını bildirən, Türkiyə-Azərbaycan dostluğunun heç zaman sarsılmayacağına diqqət çəkən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bəyan etmişdir ki, “Türkiyə-Azərbaycan əməkdaşlığı, sadəcə, dövlətlərimiz arasındakı güclü həmrəyliyə deyil, eyni zamanda xalqlarımızın paylaşdığı köklü tarix və könül birliyinə söykənir. Türkiyə və Azərbaycan xalqları eyni dildə danışır, müştərək bir tarixi paylaşır. Türkiyə və Azərbaycan qarşılarına eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoymuşlar. Bu sağlam zəmin üzərində qurulan, “Bir millət, iki dövlət” prinsipi əsasında möhkəmlənən əlaqələrimiz siyasi və iqtisadi sahələrdə əldə olunan inkişaf prosesi ilə bugünkü mükəmməl səviyyəsinə çatmışdır”.
Həm Avropa, həm də Vatikan bilməlidir ki, eyni kökdən olan xalqları heç bir siyasi təzyiq ayıra bilməz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Xalqlarımızı birləşdirən ortaq tarix, ortaq mədəniyyətdir. Bunlar çox güclü əsaslardır. Ölkələrimizi birləşdirən insanların bir-birinə olan məhəbbətidir, qəlbindəki sevgidir. Bizi birləşdirən strateji müttəfiqliyimizdir... Türkiyə və Azərbaycan dünya miqyasında nadir müttəfiqlik münasibətlərini qura bilmişlər. Biz bütün sahələrdə dost, qardaş kimi bərabər hərəkət edirik. Bundan sonra da onilliklər ərzində Türkiyə və Azərbaycan daim bir yerdə olacaqlar... Ölkələrimiz daha da sıx birləşəcək, siyasi, iqtisadi və bütün başqa sahələrdə əməkdaşlıq daha da dərinləşəcəkdir”.
Aprelin 24-də qardaş Türkiyə Cümhuriyyəti Çanaqqala zəfərinin 100 illiyini qeyd edəcəkdir. Türkiyə-Azərbaycan birliyinin daha bir təntənəsi olan Çanaqqala zəfəri həm də hər iki xalqın tarixin çətin anlarında bir-birinin yanında olmasının, dostluq və qardaşlığının təcəssümüdür. 1915-ci ildə Çanaqqalada istiqlal bayrağına boyanan türk və azərbaycanlı qanı yeri gəlsə, Şuşada, Laçında, Xankəndidə də axıdılacaq, torpaqlarımız işğaldan azad olunacaqdır. Tarixi saxtakarlıq əsasında “erməni soyqırımı” iddiaları ilə çıxış edən Ermənistan isə gec-tez beynəlxalq ictimaiyyət qarşısında türk xalqlarına qarşı törətdiyi cinayətlərə görə cavab verəcək, daşıdığı siyasi, hüquqi və mənəvi məsuliyyəti etiraf edəcəkdir. “Qətnamə”lərlə özünü və dünyanı aldatmağa çalışan Ermənistanın bu gün düşdüyü acınacaqlı vəziyyətdən başqa çıxış yolu yoxdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti