Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Əlahiddə Ümumqoşun Ordusunun birgə təşkilatçılığı ilə Culfa rayonunda yerləşən “N” hərbi hissədə gənclərin zabit və əsgərlərlə görüşü təşkil edilib.
Görüşün keçirilməsində məqsəd əsgərlərdə ruh yüksəkliyinin artırılması, gənclərə vətənpərvərlik hissinin aşılanması, çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması və onların Vətənə sevgi, dövlətə sədaqət ruhunda tərbiyə olunmasından ibarətdir.
Görüşdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik-leytenant Ziyarəddin Baxşəliyev və Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycanda güclü, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin birinci dövründə milli hərbi kadrların hazırlanması məqsədilə həyata keçirdiyi tədbirlər, xüsusilə bunun tərkib hissəsi kimi Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması mühüm tarixi əhəmiyyətə malikdir. İmperiya tərkibində azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması, əslində, gələcək müstəqillik üçün atılan addım idi. O dövrdə dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə hazırlanan hərbi kadrlar ölkəmiz müstəqillik qazandıqdan sonra Milli Ordumuzun komandan heyətini təşkil etmişdir. 1990-1993-cü illərdə ulu öndərin muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla yanaşı, bütövlükdə, müstəqil Azərbaycanda Milli Ordu quruculuğu prosesinin başlanğıcı olmuşdur.
Sonra gənclər “N” hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, xəstəxana, uşaq bağçası və təlim-tədris mərkəzi ilə tanış olublar. Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin bədii kollektivinin təqdim etdiyi konsert proqramı alqışlarla qarşılanıb.
Sonda gənclər əsgər yeməkxanası ilə tanış olub, əsgərlərlə birlikdə nahar ediblər.
Ceyhun Məmmədov