Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin təşkilatçılığı ilə Culfa rayonunun Əbrəqunus kəndində “Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyələrin reqlamenti ilə bağlı məsələlərin tənzimlənməsi və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.
Kənd mərkəzində keçirilən tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlil Ağayev açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanov “Yerli özünüidarəetmə orqanlarında qanunvericiliyin tələblərinə riayət olunması və bələdiyyə qərarlarının qəbul edilməsi proseduru” mövzusunda məruzə edib.
Məruzəçi yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunların müntəzəm olaraq təkmilləşdirilməsindən danışıb, ölkə Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilən “Bələdiyyələrin Nümunəvi Reqlamenti”nin onların fəaliyyətinin qanunauyğun təşkilində müstəsna əhəmiyyətini qeyd edib.
Bildirilib ki, nümunəvi reqlament “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən hazırlanıb və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bələdiyyələrə tövsiyə olunur. Bu reqlament bələdiyyə iclasının çağırılması, əhali ilə görüşlərin təşkili qaydalarını və bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələləri tənzimləyir. Reqlamentə əsasən, bələdiyyə iclası, ayda bir dəfədən az olmayaraq, bələdiyyənin sədri tərəfindən və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Bələdiyyə ərazisində yaşayan, səsvermə hüququ olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir və bu barədə iclas gününə azı 10 gün qalmış bələdiyyənin sədrinə və ya icra aparatına məlumat verilir.
Səttar Zamanov bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə artıq əldə olunmuş müsbət nəticələrdən, yeni qəbul edilmiş qanun və dəyişikliklərin bələdiyyələrin işinin təşkilində önəmli rolundan danışaraq mövcud problemlərə də toxunub, yerli özünüidarəetmənin inkişafının əsas istiqamətlərinin həyata keçirilməsində bələdiyyələrin üzərinə düşən vacib məsələləri qeyd edib.
Sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Səfərovun, nazirliyin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun çıxışları olub. Çıxışlarda bələdiyyə iclasının çağırılması və əhali ilə görüşün təşkili qaydalarının tənzimlənməsi, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təşkilində kargüzarlığın rolu və bu sahəni tənzimləyən qanunvericilik barədə söhbət açılıb. Çıxış edənlər yerli büdcəyə vergilərin hesablanması və ödənilməsi, maliyyə hesabatlarının hazırlanması, bələdiyyələrdə mühasibat uçotunun təşkili, yerli büdcənin formalaşması məsələlərindən danışaraq bu proseslərin müvafiq qanunların tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etməklə bələdiyyələrin inkişafına nail olmağın mümkünlüyünü bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Səbuhi HÜSEYNOV