23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan xalqının tarixi yaddaşında silinməz izlər qoyan novator ədib, publisist, dramaturq, nasir, “Molla Nəsrəddin” (1906-1931) jurnalının baş redaktoru Cəlil Məmmədquluzadənin yaradıcılığında erməni amili türk xalqlarının əzəli düşməni kimi dəyərləndirilib.

“Molla Nəsrəddin” jurnalı 1906-cı ildə nəşrə başlayanda 1905-ci ildə, sonrakı nömrələrində isə 1906 və 1907-ci illərdə ermənilərin törətdikləri vəhşilikləri, insan adına sığmayan qəddarlıqları xatırlatmaya, bu hadisələri tarixin ədəbi-bədii yaddaşına həkk etməyə bilməzdi. Mirzə Cəlil bu hadisələrin unu­dulmaması üçün həm karikatura, həm satirik şeir, həm də atalar sözləri, tapmaca, xəbərlər və poçt qutusu satirik-publisistik janrlarla o dövrün salnaməsini yaratmışdır. 1905-ci ildə ermənilərin silahlandığı, müsəlmanların isə əliyalın olduğu bu ədalətsiz, qeyri-bərabər qarşıdurmadakı ölüm həyəcanını Tiflisdə ermənilərin yaşadığı məhəllədə yerləşən redaksiyada yaşayıb fəaliyyət göstərən ədib özü də şəxsən yaşamışdı. Məhz bu hiss idi “Kamança” əsərində Mirzə Cəlili ağladan, göz yaşlarını çölə yox, içinə axıtmağa məcbur edən...

Böyük ədib “Xatiratım” memuarında, çox doğru olaraq, xalq danışıq dilində olduğu kimi silahlı toqquşma, qarşıdurma və ya müharibə mənasını verən erməni-müsəlman davasından, onun yaranma səbəblərindən və nəticələrindən ətraflı bəhs edib. Ədib bu qeydlərinin Azərbaycan tarixini yazanlar üçün “xeyli lüzumlu bir material ola biləcəyini” düşünərək gələcək nəsillər üçün qələmə alıb: “Bu vaxtlar rus-yapon davası axıra yetişdi. ...Az qalırdı ki, əhalinin qulağı müharibənin top və tüfəng söhbətlərindən və tökülən minlərcə qanların müsibətindən xilas olsun. Bu heyndə erməni-müsəlman davası başlandı. Dünya yenə bir-birinə dəydi və ələlxüsus ki biz. Çünki mətbəəmiz, məktəbimiz və mənzilimiz erməni məhəlləsində idi, xeyli rahatsızlıq çəkdik”.
Ədib qeyd edir ki, erməni-müsəlman davasına o, mətbuat vasitəsilə öz münasibətini bildirib. Burada istedadlı sənətkar “Molla Nəsrəddin” jurnalının ilk nömrəsindəcə bu mövzuda verilmiş karikaturanı xatırladır: “... sənə min doqquz yüz altıncı ildə aprel ayının altısında, erməni-müsəlman davasının qızğın vaxtlarında biz belə bir şəkil çəkmişik: bir müsəlman kəndlisi öz inəyini bir rus soldatına təklif edir və əvəzində onun tüfəngini istəyir. Buradaca bir erməni yenə haman tüfəngli soldata bir paçka əskinas pul təklif edir və onun tüfəngini istəyir. Bu şəkil özü bu il tayfanın bu davaya hazırlaşmaq həvəsini eyni mizanda göstərir”.
“Molla Nəsrəddin” jurnalında dərc olunan “Atalar sözləri”ndə, “Bilməli xəbərlər”də (Bu nə sirdir ki, erməni-müsəlman vuruşması düşən kimi hökumət əsgərləri elə şiddətli azara mübtəla olundular ki, təbiblər onların çölə çıxmağını rəva görmürdülər?), eyni zamanda “Lisan bəlası” felyetonu və eyniadlı satirik şeirdə erməni-müsəlman davasından bəhs edilir. Cəlil Məmmədquluzadənin “Kamança” (1920), “Lisan bəlası” (1906), “Oyanmadım” (1906) əsərlərində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğınlar öz əksini tapıb. “Lisan bəlası” və “Oyanmadım” satirik şeirlərində XX əsr Azərbaycan həyatında baş verən mühüm ictimai hadisələr öz bədii əksini tapıb. Bu hadisələrin içində Mirzə Cəlili daha çox düşündürən və narahat edən ədibin məhşər qiyamətinin qopmasına bənzətdiyi “müsəlmanların bir-birini qırması”dır. Vaxtilə akademik Tofiq Hacıyevin çox doğru olaraq qeyd etdiyi kimi, bu ifadə ilə böyük satirik, əslində, ermənilərin müsəlmanları qırmasını nəzərdə tutub. Baş verən bu hadisələrə, ermənilərin günahsız insanların qanlarını tökmələrinə və özlərini məzlum, yazıq, günahsız kimi göstərmələrinə Mirzə Cəlil kəskin münasibət bildirməyi özünün vətəndaşlıq borcu hesab edib. Ermənilərin özbaşınalıqları, cinayətlərinin miqyası o dərəcədə genişdir ki, istedadlı sənətkar bu hadisələri dünyanın yerlə yeksan olacağı və bütün ölülərin dirilib haqq-hesab olunacaqları qiyamət günü ilə müqayisə edib. Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalında çap olunan karikaturalar vasitəsilə, felyeton və məqalələrində, satirik şeirlərində, bədii yaradıcılığında da tez-tez bu mövzuya toxunması onun hadisələrə uzaqgörənliklə münasibət bildirdiyini göstərməkdədir. “Yoldaş” (1907) məqaləsində ədib yazır: “Bunu uşaq da bilir ki, erməninin düşməni müsəlmandır, müsəlmanın düşməni də ermənidir. Allah erməni və müsəlman davasına bərəkət versin. Əgər erməni-müsəlman davası olmasaydı, ermənilər Qarabağda Xankəndini dağıdıb müsəlmanın var-yoxuna sahib ola bilməzdilər”. “Qarnıyoğunlar” (1906) felyetonunda Mirzə Cəlil bu barədəki fikirlərini daha kəskin ifadə edir: “Erməni ləfzi bizlərdə söyüş kimi bir sözdür, bir müsəlmana erməni demək onu bihörmət eləmək kimidir”.
“Usta Zeynal” (1905) hekayəsində erməninin küpəsində su gətirərək aləmi murdarlayan Qurbanı ustanın bağışlaya bilməməsi, “Kişmiş oyunu”nda (1904) tarixin müxtəlif dönəmlərində onların etdiklərinin, bir növ, əvəzini çıxmaq, dərslərini verərək yerlərində oturtmaq arzusunun ifadəsi, “Kamança”da (1920) isə erməninin mahir çalğıçısından öz intiqamını ala bilməyərək onu bağışlayan Qəhrəman yüzbaşının humanizmi bu əsərlərin müəllifinin bu iki xalqın xüsusiyyətlərini çox yaxşı bildiyini sübut edir. “Molla Nəsrəddin” jurnalında dərc edilmiş “Düşmən səni daş ilə, sən düşməni bozbaş ilə”, “At at ilə boğuşar, hökumətin işi rast gələr”, “Qonşun pisdir, vur, öldür” kimi satirik atalar sözlərində də düşmən, namərd qonşu kimi ifadələrlə Mirzə Cəlil məhz erməniləri nəzərdə tutub.
Jurnalın birinci nömrəsindəki “Teleqramlar”da da bu mövzuya toxunulub: “Naxçıvan: 30 mart. Kazaklar general-qubernatordan təvəqqə edirlər ki, onlara patron əvəzinə çoxluca işpiçka göndərilsin”. Bu teleqramın mənasını böyük ədib belə izah edir: “Bunun mənası budur ki, o vədə erməni-müsəlman davasında iki ...qonşu bir-birini qırmaqda ikən rus kazakları da bir tərəfdən şəhəri yandırmağa mübaşir olurmuşlar”.
“Xatiratım” memuarından aydın olur ki, Tiflisdə o zaman erməni azğınlıqları o dərəcəyə çatıbmış ki, müsəlmanlar hətta öz ev-eşiklərini tərk etməyə məcbur olublar. Həm də Mirzə Cəlil bu hadisədən təkcə erməni-azərbaycanlı qarşıdurması kimi yox, daha geniş miqyas almış erməni-müsəlman davası kimi bəhs edir.
Beləliklə, böyük vətənpərvər ədib Cəlil Məmmədquluzadənin yuxarıda qeyd etdiyimiz əsərləri ermənilərin müsəlmanlara qarşı törətdikləri cinayətləri araşdırmaq və bir çox yeni məqamları ortaya qoymaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Aygün ORUCOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR