Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində XX əsrdə ermənilərin İrəvan quberniyasında, Naxçıvan, Şərur-Dərələyəz, Ordubad və Zəngəzur qəzalarında törətdikləri soyqırımı siyasətinə dair çoxlu sənədlər aşkar edilərək üzə çıxarılmışdır. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı soyqırımından bəhs edən sənədlərlə yanaşı, həmin dövrün canlı şahidi olmuş insanların xatirələri də arxivdə mühafizə edilir.
Həmin xatirələrdən biri maarifçi Qasım Hacı oğlu Tağıyevə məxsusdur. Q.Tağıyev xatirələrində yazır:
– 1918-ci il aprel ayının 28-də Naxçıvan ərazisinə belə bir xəbər yayıldı ki, daşnakların lideri Andranik Ozanyanın vəhşi alayı İrəvandan Naxçıvan üzərinə hərəkət etməyə başlamışdır. 1918-ci il may ayının 28-də Andranik Ozanyanın vəhşi alayı Yaycı kəndini dağıtdı.
1918-ci il may ayının 29-dan iyun ayının 20-dək Əbrəqunus zonasında Ərəzin, Camaldın, Qızılca, Kırna, Bənəniyar, Saltaq, Noraşen (indiki Göydərə), Xoşkeşin, Xanağa (indiki Xanəgah) kəndlərini, Ordubad zonasında Düylün, Gilançay, Üstüpü, Sunbatan-Dizə, Kərimqulu-Dizə, Biləv, Tivi kəndlərini, Naxçıvan zonasında Qahab, Sirab, Zeynəddin, Qaraqala kəndlərini dağıtdılar.
Andranik həmin əraziləri xarabazara çevirdikdən sonra Naxçıvan şəhərinə gəldi. O, bütün qüvvəni toplayıb Nehrəm kəndində öz vəhşiliklərini davam etdirmək istəyirdi. Bu məqsədlə Nehrəmin yaxınlığında olan Güznüt kəndini özünə qərargah etdi.
1918-ci il iyun ayının 23-də sübh tezdən Andranikin vəhşi alayı Nehrəm üzərinə hücuma keçdi. Kərbəlayi Muxtarın başçılığı ilə nehrəmlilər Andranikə qarşı rəşadətlə vuruşdular, iyunun 23-dən 25-dək kənddə əlbəyaxa vuruşma oldu. Silahı olmayan 15 yaşından yuxarı cavanlar, habelə qocalar da balta, xəncər və şişlə vuruşurdular. Nəhayət, Andranik Nehrəmdə çox itki verdi və məğlub oldu.
Nehrəm məğlubiyyətindən sonra Andranik türklərin Naxçıvana gəlməsi ilə əlaqədar Zəngəzura doğru hərəkət etdi...
Daşnaklar Şərur və Vedibasar istiqamətlərində hücuma keçmişdilər. 1918-ci ilin oktyabr ayında döyüş başladı. Kalbalı xanın başçılığı ilə Dəhnədə, Abbasqulu bəy Şadlinskinin başçılığı ilə Vedi dağlarında daşnaklara ciddi müqavimət göstərildi. 1918-ci il oktyabr ayının 20-də başda general Tomson olmaqla, ingilislər Naxçıvana gəldilər. Antanta dövlətləri daşnak partiyasının müttəfiqi idi. Ona görə Antantanın başçısı olan ingilislər daşnakları müdafiə edirdilər.
1918-ci il oktyabr ayının 30-da Naxçıvan əhalisini “Xırda bağ”ın qabağına topladılar. General Tomson nitq söyləyib dedi ki, Naxçıvan danışıqsız daşnak hökumətinə təslim olmalıdır. Daşnakların baş valisi Varşamyan Naxçıvanda hökmranlıq etməyə başladı.
1919-cu il mart ayının 3-də Naxçıvanda daşnaklara qarşı mübarizə başlandı. Üsyanda ətraf kəndlərin silahlı dəstələri də iştirak edirdi. Bir neçə gün şiddətli vuruşma oldu. “Hümmət” qrupunun Naxçıvan “Ülfət” məclisi tərəfindən ayrıca drujina yaradılmışdı. Bu drujinanın əksəriyyəti gənclərdən ibarət idi. Lakin ingilis generalı Tomsonun əli ilə üsyan yatırıldı.
1919-cu il mart ayının 30-da Naxçıvanın bir sıra yerlərinə intibahnamələr yapışdırılmışdı. Bu intibahnamələr “Hümmət” qrupunun Naxçıvan “Ülfət” məclisi tərəfindən ingilislərə qarşı yazılmışdı. Burada deyilirdi: “Ey Naxçıvan əhli, ey naimlər! Bir qəflət cəhvarəsinin cəhalət yuxusundan ayılın, görün, qoca ananızın sinəsində kimlər at oynadır”.
1919-cu il aprel ayının 27-də ingilislər Naxçıvan ərazisindən tamamilə çıxıb getdilər. Lakin daşnakların vəhşicəsinə özbaşınalıqları davam edirdi.
1919-cu il iyun ayının 2-də daşnak ordusunun polkovniki Poqosov Nehrəm kəndinə gəlib nehrəmlilərin silahlarını tələb etdi. Nehrəmlilər nəinki silah verdilər, hətta polkovnik Poqosovu və onun 60 nəfər əsgərini tərk-silah edib saxladılar. Həmin gün nehrəmlilər Naxçıvan şəhərində daşnak hökumətinə qarşı mübarizəyə başladılar. Bu mübarizəyə bütün ətraf kəndlərin və Naxçıvan şəhərinin zəhmətkeşləri qoşuldu. Döyüş iyun ayının 2-dən 6-dək davam etdi. Nəhayət, daşnaklar Naxçıvan ərazisini tərk etməyə məcbur oldular.
Qasım Tağıyev xatirələrində daha sonra yazır ki, 1920-ci il aprel ayının 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Gəncədə bolşeviklərə qarşı vuruşmada məğlub olmuş cümhuriyyət generalı Həbib bəy Səlimov öz alayı ilə 1920-ci il may ayının 28-də Naxçıvana gəldi. O, əvvəl öz silahlı qüvvəsini Nehrəmdə yerləşdirdi. Daha sonra öz alayı ilə Naxçıvan şəhərinə daxil olub Kalbalı xanla birləşdi. Bunların hər ikisinin başlıca məqsədi bolşeviklərə müqavimət göstərmək idi.
1920-ci il iyun ayının 29-da Naxçıvan şəhərində mitinq təşkil edildi. Bu mitinqdə Kalbalı xan çıxış edərək dedi: “İndi daşnaklar bizim üçün o qədər də qorxulu deyil. Bizim üçün ən qorxulu düşmən Zəngəzur dağlarından gələn bolşeviklərdir – qızıl ordudur”.
Andranikin Nehrəmə hücumu haqqında Nehrəm taborunun iştirakçısı Heydərqulu Həsənov şahid olduğu hadisələr haqqında yazır:
– Andranikin qoşunları ilə əsas döyüş İmamzadə tərəfdə gedirdi. Andranik cəhd edirdi ki, Nehrəm kəndinin kənarından keçib Təzəkənddə toplaşan 300 nəfərlik daşnak silahlı dəstəsi ilə birləşsin. Lakin nehrəmlilər buna imkan vermirdi. Yaxşı silahlanmış dəstələrimizin komandanı Kərbəlayi Muxtar məhəllələri gəzir, əhalini döyüşə qaldırır, atəş nöqtələrinə patron, çörək, su çatdırırdı.
Erməni daşnaklarına qarşı 1918-1920-ci illərdə vuruşan Məmmədəli Mehdiyevin xatirələrindən:
– Andranik qoşunu ilə əvvəlcə Dərələyəz mahalından bu tərəfə hərəkət etdi. Naxçıvan ölkəsinə gəlməmişdən qabaq Sisyan rayonunda olan bütün Azərbaycan kəndlərinin əhalisini qırdı. Əldən qurtaran əhali Naxçıvana çatdı. Erməni daşnakları kəndləri dağıdıb evləri, mal-qaranı talan etdi. Sonra Andranik Naxçıvan ölkəsinə keçdi. Zəngəzurdan qayıdan Andranik mövqeyini Naxçıvanda möhkəmləndirdi. O, öz qərargahını Güznüt kəndində yerləşdirdi. Andranik dəstəsi ilə birgə Qoşadizə, Şəkərabad, Qahab, Zeynəddin, Sirab, Qaraqala və sair kəndlərə hücum edərək əhalini qətlə yetirir, kəndləri talan edir, evləri yandırırdı. Sirab dağına pənah gətirib ora toplaşan 460 nəfər kişi, qadın, uşaq daşnaklar tərəfindən öldürüldü.
Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində ermənilərin Naxçıvan, Şərur-Dərələyəz, Ordubad, Zəngəzur qəzalarında, həmçinin İrəvan quberniyasında vəhşilikləri ilə bağlı xatirələrlə yanaşı, Vedi taborunun komandanı Abbasqulu bəy Şadlinski və onun silahdaşlarının erməni daşnaklarına qarşı mübarizədə apardıqları qəhrəmanlıqlar barədə də xatirələr vardır.
Arxiv sənədlərindən, tarixi faktlardan, şahidlərin xatirələrindən aydın olur ki, ermənilər 1905-1907, 1918-1920-ci illərdə, eləcə də 1988-ci ildən sonra azərbaycanlılara qarşı soyqırımı törədiblər. Yarası hələ sağalmamış Xocalı soyqırımı haqqında həqiqətlər, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər neçə illərdir ki, real faktlarla Avropa ölkələrinin və qurumlarının diqqətinə çatdırılır. Buna baxmayaraq, Avropa ölkələri, Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar azərbaycanlılara qarşı törədilən soyqırımlar barədə heç bir qərar qəbul etməyiblər. Azərbaycanda milyonlarla dinc əhalinin Ermənistan tərəfindən pozulmuş hüquqlarına biganə yanaşan, bu ədalətsizliyə qarşı qətiyyətli addımlar atmayan, yüz minlərlə azərbaycanlının etnik təmizlənməyə məruz qalmasına, öz ata-baba torpaqlarından məcburi köçürülməsinə hələ də göz yuman Avropa Parlamentinin, guya “haqq-ədaləti” müdafiə edən Roma papasının “erməni soyqırımı” iddiasında olması dərin təəssüf doğurur. Əgər Avropa ölkələri və qurumları yüz il əvvəl “baş verən” qondarma soyqırımla məşğul olmağa vaxt tapırsa, o zaman yaxın tarixdə Azərbaycanın işğal olunmuş əraziləri, Xocalı soyqırımı və Ermənistanın terror təşkilatları tərəfindən qətlə yetirilən azərbaycanlılar və Türkiyə vətəndaşlarının taleyi barədə niyə məsələ qaldırmır? Türklərin taleyi bu ölkələri və təşkilatları ona görə düşündürmür ki, insan hüquq və azadlıqları onlar üçün ali məqsəd deyil.
Tarixi faktlar, sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıblar, türk ordusuna qarşı hücumlar təşkil ediblər, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədiblər. Türk ordusu dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb. Erməni partiya və komitələrinin 235 nəfər fəal üzvünün həbs edilərək hərbi məhkəməyə verilməsinin soyqırımı kimi qiymətləndirilməsi tarixi faktların təhrif olunmasıdır, Türkiyəyə qarşı qərəzli mövqedir. “Erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənib, antimüsəlman və antitürk meyillərinin güclənməsinin təzahürüdür. Bu həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların nəticəsidir.
Bildiyimiz kimi, Ermənistan Avropa Birliyinin üzvü deyil. Bəs Avropa Parlamentinin bu erməni sevgisi nədən qaynaqlanır? Əslində, Azərbaycan-Türkiyə birliyinin getdikcə güclənməsindən qorxuya düşən avropalılar “erməni soyqırımı” barədə qətnamə qəbul etməklə, bəyanat verməklə yenə ermənilərdən vasitə kimi istifadə edirlər. Tərəqqipərvər bəşəriyyət bilir ki, belə hadisə olmayıb, bu kimi qərarlar və qətnamələr yalnız ayrı-ayrı dairələrin öz maraqlarını təmin etmək cəhdlərinin nəticəsi olaraq meydana çıxır. Ancaq bir atalar məsəlində deyildiyi kimi: “Haqq nazilər, üzülməz”. Bu qərəzli beynəlxalq təşkilatların, ölkələrin, papaların məqsədi gec-tez ortaya çıxacaq və onlar öz məqsədlərinə çata bilməyəcəklər.
Fəxrəddin CƏFƏROV
Naxçıvan Muxtar Respublikası
Arxiv İdarəsinin rəisi, tarix üzrə elmlər doktoru