23 Dekabr 2024, Bazar ertəsi

Kəndlərin inkişafı muxtar respublikada həyata keçirilən quruculuq siyasətinin əsas istiqamətlərindən biridir. Muxtar respublika əhalisinin, təqribən, 70 faizi kəndlərdə yaşadığı üçün belə yaşayış məntəqələrində aparılan quruculuq işləri mühüm əhəmiyyət daşıyır. Görülən işlərin nəticəsidir ki, Naxçıvanın əksər kəndləri müasir yaşayış məntəqəsinə çevrilib. Sistemli və düşünülmüş şəkildə aparılan bu işlərin əsas məqsədi kənd sakinlərinin rahat yaşayışını təmin etmək, kəndlə inkişaf etmiş şəhər arasındakı fərqi aradan qaldırmaqdır. 

Naxçıvanda kəndlərin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bir neçə cəhətdən özünəməxsusluğu ilə seçilir. Muxtar respublikanın kənd­lərində kompleks quruculuq işləri aparılır. Yəni kəndlərdə tikinti-quruculuq işləri aparılarkən məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası inşa olunur, həmin yaşayış məntəqəsinin yolu abadlaşdırılır, mövcud infrastrukturu müasirləşdirilir. Son 20 ildə muxtar respublikanın 120-yə yaxın kəndində belə kompleks quruculuq işləri aparılıb. Kəndlərin inkişafı, əhalisinin rahatlığının təmin olunması, rifah halının yaxşılaşdırılması üçün görülən işlər yalnız yeni binaların tikilməsi ilə məhdudlaşmır. Muxtar respublikanın bütün kəndləri fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur, əhaliyə keyfiyyətli rabitə xidməti göstərilir. Bundan başqa, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülür, torpaq mülkiyyətçilərinə aşağı faizlə kredit, lizinq yolu ilə kənd təsərrüfatı texnikaları, pulsuz mineral gübrələr verilir.

Naxçıvanda kəndlərin inkişaf etdirilməsinin özünəməxsus cəhətlərindən biri də odur ki, kəndlərdə şəhər infrastrukturu yaradılır, tikinti-qurucu­luq işləri aparılarkən heç bir yaşayış məntəqəsinə fərq qoyulmur. Məsələn, Şərur rayonunun aran kəndi olan və muxtar respublikanın böyük yaşayış məntəqələrindən biri hesab edilən Dəmirçidə hansı quruculuq işləri aparılıbsa, rayonun ucqar Şahbulaq kəndində də eyni binalar tikilib, eyni infrastruktur yaradılıb. Bu müqayisəni Kəngərli rayonunun Şahtaxtı və Çalxanqala, Şahbuz rayonunun Sələsüz və Ağbulaq, Ordubad rayonunun Aşağı Əylis və Nəsirvaz, Culfa rayonunun Yaycı və Ləkətağ kəndləri arasında da aparmaq olar. İndi Naxçıvanın ən ucqar dağ kəndlərində belə, müasir məktəb binaları, kənd və xidmət mərkəzləri, səhiyyə ocaqları fəaliyyət göstərir, onların yolu şəhər yolundan seçilmir. Ucqar dağ kənd­lərində həyata keçirilən quruculuq işləri o yurdun insanlarının doğma torpağa daha sıx tellərlə bağlanmasına, məskunlaşmanın artmasına səbəb olub. Yeri gəlmişkən qeyd edək ki, Naxçıvanda həyata keçirilən kənd quruculuğu bir sıra dünya ölkələri üçün nümunədir. Məsələnin mahiyyətinə varmaq üçün bəzi məqamlara diqqət yetirək. Bu gün bütün dünyada kəndlərdən şəhərlərə doğru bir axın var. Bəzi ölkələrin şəhərlərində əhalinin sıxlığı müşahidə olunur. Həmin ölkələrdə kəndlərin boşalması bir sıra problemlər yaradıb. Kənd təsərrüfatı sahəsi iflic vəziyyətə düşüb, nəticədə isə o ölkələr zəruri ərzaq məhsullarını idxal etmək məcburiyyətində qalıblar və hansısa ölkədən asılı vəziyyətdədirlər. Naxçıvan Muxtar Respublikasında biz tamam başqa mənzərənin şahidi oluruq: muxtar respublikada 5 şəhər olduğu halda, əhalinin 70 faizi kəndlərdə yaşayır. Kəndlərdə əhali məskunluğunun artması, kənd təsərrüfatının inkişafı ona gətirib çıxarıb ki, Naxçıvan, demək olar ki, bütün zəruri kənd təsərrüfatı məhsulları ilə təminatını daxili istehsal hesabına ödəyir və heç bir xarici ölkədən asılı vəziyyətdə deyil. Kəndlərdə aparılan quruculuq işləri, şəhər rahatlığının yaradılması şəhərə axının qarşısını alıb.
Vaxtilə elektrik enerjisi və təbii qazı, məktəb binası, yolu olmadığından əhalisi köçən nə qədər kəndimiz var. Əgər kəndlərdə kompleks quruculuq işləri həyata keçirilməsəydi, bu gün Şahbuz rayonunun Ağbulaq, Yuxarı Qışlaq, Gömür, Biçənək kəndləri Zərnətünün, Xinzirəyin, Ordubad rayonunun Tivi, Nəsirvaz, Kotam, Bist, Ələhi kənd­ləri Kilitin, Şərur rayonunun Şahbulaq, Yuxarı Yaycı, Havuş kəndləri Billavanın acı taleyini yaşayacaqdı. Qədim yurd yerlərimizin sahibsiz qalmaması üçün 1995-ci ildən sonra “Şəhərdə nə varsa, kənddə də o olacaq” devizi ilə kəndlər abadlaşdırıldı, müasirləşdirildi, əhalinin rifah halı yaxşılaşdırıldı. Abad yolu, müasir məktəbi, kitabxanası, mədəniyyət evi, ticarət mərkəzi, sürətli interneti olan, fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilən kəndlinin səs-küylü, bir az da atmosferi çirklənən şəhərdə nə işi var?
Əvvəldə də qeyd etdiyimiz kimi, muxtar respublikanın kəndlərində aparılan quruculuq işləri özünəməxsusluğu ilə seçilir. Belə yaşayış məntəqələrində inşa olunan kənd və xidmət mərkəzləri məzmun və mahiyyətcə yeni obyektlərdir. Bu obyektlərin adı həm də son illər dilimizin leksikonuna daxil olan yeni sözlərdir. Bu yeni obyektlər və sözlər artıq elmi tədqiqata cəlb olunub. AMEA-nın müxbir üzvü Adil Bağırov “Naxçıvanın urbanonimləri” kitabında yazır: “Azərbaycan dilinin onomastik leksikonuna son illərdə daxil olmuş kənd mərkəzlərinin adları urbanonimlərin tərkib hissələrindən biridir. Bu adlar yaşayış məntəqələrinin topoqrafik obyektinə məxsus xarakterik xüsusiyyətləri özündə əks etdirir. Kənd mərkəzləri kəndin ümumi və müasir meydanının ünvanını bildirir. Belə mərkəzlər kəndin bir hissəsində yerləşir. Kənd mərkəzləri və onların adları ilk dəfə Naxçıvan Muxtar Respublikası ərazisində meydana gəlmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun şəxsi təşəbbüsü, böyük qayğısı və uzaqgörənliyi sayəsində həyata vəsiqə almış, muxtar respublikanın dinamik inkişafı nəticəsində formalaşdırılmışdır”.
Alim yazır ki, kənd mərkəzləri öz məzmununa və formasına, orada yerinə yetirilən işlərin xarakterinə görə kəndin əsas mədəniyyət mərkəzidir. Bu mərkəzlər keçmiş kənd meydanlarını xatırlatsa da, öz məzmunu və formasına görə keçmiş meydanlardan tamamilə fərqlənir. Keçmiş kənd meydanları kiçik, darısqal, tozlu-torpaqlı məhəllələrdə yerləşirdi. Kənd meydanları əhaliyə mədəni-məişət, səhiyyə, poçt, rabitə və sair kimi xidmətlər göstərməkdən uzaq idi, indiki kənd mərkəzlərinin yerinə yetirdiyi funksiyaları əhatə edə bilmirdi. Kənd meydanlarından fərqli olaraq, kənd mərkəzləri kəndin idarə olunmasında, mədəni tədbirlərin keçirilməsində, əhaliyə rabitə, poçt xidmətlərinin yerinə yetirilməsində mühüm rol oynayır. “Kənd mərkəzi” adı görülən işin profilinə uyğun seçilmişdir. Bu ad yerinə yetirilən işin mahiyyətini özündə əks etdirə bilir.
Kənd mərkəzlərinin tikilməsi ilə Naxçıvanın kəndlərində əhalinin bir sıra problemləri öz həllini tapıb. Belə mərkəzlərin yaradılmasından əvvəl kəndlərdə fəaliyyət göstərən ayrı-ayrı qurumlar yaşayış məntəqəsinin müxtəlif yerlərində köhnə, uyğunlaşdırılmış binada yerləşirdi. Əhalisi çox olan kəndlərdə mövcud vəziyyət insanların çətinliklərlə qarşılaşmasına səbəb olurdu. Əhali müəyyən yerli məsələlərin həlli üçün xeyli vaxt sərf edirdi. Kənddə fəaliyyət göstərən qurumların – inzibati ərazi dairəsi üzrə nüma­yəndəliyin, bələdiyyənin, mədəniyyət evinin, kitabxananın, polis sahə və baytarlıq məntəqələrinin, poçt bölməsinin kənd mərkəzində yerləşdirilməsi əhalinin rahatlığını təmin edib. Kənd sakinləri hansısa problemini həll etmək üçün artıq rayon mərkəzinə getmək məcburiyyətində deyil. Onların bütün problemləri elə bu kənd mərkəzlərində həll olunur. Bu da vaxt itkisinin qarşısını alır ki, bu barədə biz az sonra danışacağıq.
Naxçıvanın kəndlərində mahiyyət və məzmunca yeni olan obyektlərdən biri də xidmət mərkəzləridir. Belə mərkəzlərdə mağaza, bərbərxana, qadın gözəllik salonu, ət satışı dükanı fəaliyyət göstərir ki, bu da əhalinin gündəlik tələbatını elə yaşadığı kənddə ödəməsinə, vaxt itirmədən öz problemlərini həll etməsinə imkan verir.
Yeri gəlmişkən qeyd edək ki, dünyanın müxtəlif ölkələrində xidmət obyektləri sahibkarlar tərəfindən yaradılır. Dövlət vəsaiti hesabına xidmət obyekti yaradıb pulsuz-parasız sahibkarın istifadəsinə verməyin yeganə nümunəsi Naxçıvanın kəndlərindəki xidmət mərkəzləridir.
Kənd adamı ona yaradılan şərait müqabilində qazandığı vaxtını təsərrüfatına sərf edir. Beləliklə, həm təsərrüfatını inkişaf etdirir, həm də rayon mərkəzinə və ya paytaxt Naxçıvan şəhərinə gəlib-gedərkən xərclədiyi vəsaiti başqa ehtiyaclarının ödənilməsinə yönəldir.
Muxtar respublikanın kənd yaşayış məntəqələrində aparılan qurucu­luq işlərinin özünəməxsus cəhətlərindən biri də odur ki Naxçıvanın ucqar dağ kəndlərində belə, ən müasir məktəb binaları istifadəyə verilib. Bütün bunlara asanlıqla nail olunmayıb. Naxçıvanlılar bu işlərin necə böyük çətinliklə başa gəldiyini çox yaxşı bilirlər. Ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikanın əksər kənd yaşayış məntəqələrində məktəblər uçuq-sökük, heç bir şəraiti olmayan binalarda fəaliyyət göstərirdi. Vaxtilə jurnalist həmkarlarımız Naxçıvanın o çətin günlərini ürək­ağrısı ilə qələmə alıblar. Yaşlı və orta nəslin yaddaşını təzələmək, o dövrü görməyən bugünkü yeniyetmə və gənc­lərə ötən əsrin 90-cı illərinin əvvəllərindəki çətinlikləri göstərmək üçün “Şərq qapısı” qəzetinin 16 iyul 1994-cü il tarixli sayında dərc olunan “Ümidlər doğrulacaqmı?” sərlövhəli məqalənin bir hissəsini təqdim edirəm: “Muxtar respublikanın düşdüyü blokada şəraitində yarımçıq qalmış tikililərin taleyindən söhbət açmaq, bəlkə də, yersiz görünür. Amma elə məsələlər var ki, onlar barədə susmaq, söz deməmək olmur. Axı bu problemlər çoxlarının hər gün üzləşdiyi çətinliklərdir. Məsələn, Güznüt kənd məktəbinin (Babək rayonu) müəllim və şagirdlərinin illərdən bəri həsrətini çəkdikləri məktəb binası. O məktəb binası ki, təməli 7-8 il bundan əvvəl qoyulub. O vaxtlar nə blokada var idi, nə də ki, material qıtlığı. Nədənsə, hansı biganəliyin ucbatındansa 164 yerlik məktəb binasının tikintisi ildən-ilə keçirildi və nəhayət, indiki şəraitdə tama­milə unuduldu. Vaxtilə köhnə, yöndəmsiz məktəb binasının yanında, idman meydançasının ərazisində yerləşəcək məktəb binasının özülü qazı­landa çoxları sevindi. Məktəblilər inandı ki, nəhayət, 2 min nəfərə yaxın əhalisi olan Güznüt kəndində də məktəb binası tikiləcəkdir. Amma əfsuslar olsun ki, bu sevinc, bu arzu illər uzunu şagirdlərin ürəyində qaldı. İllər ötdükcə çoxları məktəbi qurtardı, yaşa doldu, peşə, sənət, ev-eşik sahibi oldu, özülü qazılmış məktəb binasının isə ancaq çuxuru qaldı. Hal-hazırda şagirdlər vaxtilə süd emalı məqsədilə tikilmiş, sonra isə tütün qurutmaq üçün istifadə edilən köhnə, yöndəmsiz binada dərs keçirlər. Binanın tavanından boylanan paslı mismarlar tütünçülərdən qalan yadigarlardır. Məktəbə yolu düşənlər yaxşı bilir ki, bu uyğunlaşdırılmış binada dərs keçmək, uşaqlara elm öyrətmək olduqca çətindir. Darısqal, döşəməsinə torpaq tökülmüş, divarları bir neçə yerdən cadarlamış qaranlıq otaqlarda dərs keçmək hansı səmərəni verəcək?”
Hörmətli oxucu! Bu hələ, necə deyərlər, Naxçıvan şəhərinin bir addımlığında yerləşən kəndin məktəbi haqqında deyilən fikirlərdir. Təsəvvür edin ki, ucqar yerlərdə olan məktəb binaları hansı səviyyədə imiş. Muxtar respublikanın digər kəndlərinin sakinləri kimi, Güznütün də məktəblilərinin arzuları son 20 ildə reallığa çevrildi. İndi Naxçıvanın hər kəndində sanki bir universitet binası, müasir, işıqlı sinif otaqları, kompüter, elektron lövhəli sinfi, fənn laboratoriyaları olan məktəblər ucaldılıb.
Bu inkişaf və tərəqqi son 20 ilin bəhrəsidir. Tarix üçün o qədər də uzun dövr olmayan 20 ildə muxtar respublikada blokada şəraitində intibaha nail olundu, Naxçıvanın kəndlərində şəhər infrastrukturu yaradıldı.

Muxtar respublikamızın kəndlərində şəhər rahatlığının yaradılması insanların qurub-yaratmaq əzmini də yüksəldir. Təəssüflər olsun ki, bəzi insanlar dövlətin yaratdığı şəraitdən düzgün istifadə etmir, ümumi inkişafımıza öz töhfələrini vermirlər. Əgər kənd təsərrüfatının inkişafına göstərilən bu qədər böyük qayğının müqabilində bəzi kəndlərdə torpaqlar əkilməmiş qalırsa, insanların rahatlığı üçün tikilmiş xidmət mərkəzlərində qadın gözəllik salonları, bərbərxanalar, ət satışı dükanları anbarlara çevrilirsə, kənd mərkəzlərindəki müasir kitabxanalara oxucu cəlb olunmursa, belə mərkəzlərdəki mədəniyyət evlərində, heç olmasa, ayda bir mədəni tədbir keçirilmirsə, bunun bir adı var – biganəlik.
Gəlin papağımızı qoyaq qabağımıza, əlimizi də vicdanımızın üstünə və fikirləşək. Dövlət bizim üçün nə edir və biz nə edirik?
Naxçıvan ümumi evimizdir. Onun qeydinə qalmaq hamımızın vətəndaşlıq borcudur. Naxçıvanın təmizliyini, abadlığını qorumaq hamı­mızın, əhaliyə nümunəvi xidmət göstərmək isə bütün müəssisə və təşkilatların borcudur. İnanırıq ki, kənd yaşayış məntəqələrindəki bu kiçik problemlər də qısa zaman ərzində öz həllini tapacaq, Naxçıvanın kəndlərində yaradılan şəhər rahatlığından insanlar dövlətin istədiyi kimi faydalanacaqlar.

Tural Səfərov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR