23 Dekabr 2024, Bazar ertəsi

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu muxtar respublikaya səfərinin ikinci günündə Naxçıvan şəhərinin qədim tarixi abidələri və mədəniyyət obyektləri ilə tanış olub, bir neçə sənaye-istehsal müəssisəsində istehsal prosesi ilə maraqlanıb.
Dünən rumıniyalı səfirin ilk tanış olduğu ünvan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi olub. Burada səfirə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasında tarixi, mədəni, dini abidələrin qorunmasına xüsusi diqqət göstərilir. Belə abidələrin bərpası və qorunması gələcək nəsillərə Azərbaycanın qədim tarixinin çatdırılması, eyni zamanda Naxçıvana turistlərin marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdi. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.

Rumıniyalı səfir “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksi, Naxçıvan Dövlət Xalça Muzeyi, Dövlət Bayrağı Meydanı və Muzeyi ilə də tanış olub.
Sonra rumıniyalı diplomat Naxçıvan Biznes Mərkəzinə gəlib. Məlumat verilib ki, mərkəzdə muxtar respublikada istehsal olunan məhsullar sərgilənir. Burada hazırda 90 müəssisənin 129 növdə və 652 çeşiddə məhsulu nümayiş olunur. 1995-ci ildən ötən dövr ərzində muxtar respublikada 812 yeni istehsal müəssisəsi yaradılıb. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 ildə Naxçıvanda ümumi daxili məhsul istehsalı 10,3 dəfə, sənaye məhsulunun həcmi 34,9 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 11,5 dəfə, xarici ticarət dövriyyəsi 13,2 dəfə, o cümlədən ixracın həcmi 78 dəfə artıb. Təkcə 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında 47 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.
Səfir həmin gün “Naxçıvan Avtomobil Zavodu”, “Gəmiqaya Mineral Sular”, “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli cəmiyyətlərinin istehsal sahələrində olub, bu müəssisələrin mövcud imkanları ilə maraqlanıb.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR