Rusiya imperatoru I Pyotrun vəsiyyətlərinə uyğun olaraq, XVIII yüzilliyin sonlarından başlayaraq, xüsusilə 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinin şərtlərinə əsasən, Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər öz yerlərini möhkəmləndirdikdən sonra ölkəmizə qarşı ərazi iddialarına başlamışlar. Bu iddiaları, xüsusilə xəyali “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün ermənilər bir sıra soyqırımı aktları həyata keçirmişlər.
Tarixən heç bir dövlətçilik ənənələrinə malik olmayan ermənilər Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin 1918-ci il mayın 29-da daşnaklara güzəştə getdiyi qədim Azərbaycan şəhəri İrəvanı paytaxt etməklə Qərbi Azərbaycan ərazisində 1920-ci ilin noyabrında özlərinin dövlətlərini yaratmışlar. Bununla kifayətlənməyən ermənilər bütün XX əsrboyu Azərbaycana qarşı ərazi iddialarını davam etdirmiş, xalqımıza qarşı soyqırımlar və deportasiyalar həyata keçirmiş, günahsız insanların qanını axıtmış, dəhşətli qırğınlar və qətliamlar törətmişlər.
XX yüzillikdə xalqımıza qarşı ermənilər tərəfindən törədilən soyqırımları sırasında 1918-1920-ci illərdə həyata keçirilmiş qırğınlar öz ağırlığına, miqyasına və nəticələrinə görə xüsusilə seçilir. Bu soyqırımlar bəşər tarixində ən qanlı və misligörünməmiş faciələrdən biridir. Həmin vaxt Bakını azərbaycanlılarsız şəhərə çevirmək məqsədini qarşıya qoymuş ermənilər şəhərdə kütləvi qırğınlar törətmiş və on minlərlə azərbaycanlıya divan tutaraq onları vəhşicəsinə qətlə yetirmişlər. 3 gün (30 mart-1 aprel) ərzində Bakı Kommunası, xüsusilə onun rəhbəri Stepan Şaumyan tərəfindən müdafiə edilən və istiqamət verilən ermənilər Bakıda 15 mindən artıq günahsız insanın həyatına son qoymuşlar. Bu qanlı hadisələr təkcə Bakı şəhəri ilə məhdudlaşmamış, Azərbaycanın digər bölgələrində də böyük faciələr törədilmişdir. Məsələn, təkcə Şamaxı şəhəri və qəzasının 72 kəndi Bakı Sovetinin bolşevik-daşnak qoşunları tərəfindən dağıdılmış, 8 min nəfərə qədər azərbaycanlı öldürülmüşdür.
Həmin vaxt Qarabağda 157, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Şamaxıda 58, Qubada 122, Qarsda 92, İqdır və Üçkilsədə 60, Göyçədə 22, Dərələyəzdə 74, Vedibasarda 118, Yeni Bəyaziddə 84 kənd viran edilmiş, əhaliyə qanlı divan tutulmuşdur. Bir sıra tarixi sənədlər sübut edir ki, həmin vaxt Azərbaycanda 250 min, Qərbi Azərbaycanda 132 min azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. 1914-cü ildən 1918-ci ilə qədər Cənubi Azərbaycanda soyqırımına məruz qalan 150 min, Şərqi Anadoluda qətlə yetirilən 200 min azərbaycanlı da bu siyahıya əlavə edilsə, onda ermənilərin qısa müddətdə (1914-1920-ci illər) törətdikləri vəhşiliklərin mənzərəsi tam aydın olar.
1918-1920-ci illərdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti qədim və əzəli Azərbaycan torpağı olan Naxçıvandan da yan keçməmiş, azğınlaşmış ermənilər burada da qanlı faciələr törətmişlər. Arxiv materialları, tədqiqat əsərləri, müasirlərin xatirələri təkzibolunmaz faktlarla təsdiq edir ki, 1918-ci il Naxçıvan əhalisi üçün böyük müsibətlərlə başlanmışdır. Rus ordusundan aldıqları döyüş sursatı ilə silahlanmış erməni quldur dəstələri artıq mart ayında Naxçıvan bölgəsinin müxtəlif yerlərində dəhşətli hadisələr törətmişlər. Onlar Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə basqınlar edir, əhaliyə divan tutur, qadınları, uşaqları, qocaları belə öldürür, heç kimə rəhm etmirdilər.
Belə bir vaxtda Naxçıvan ərazisi Azərbaycan xalqının qəddar düşməni, Türkiyədə hərbi andına xəyanət etdiyinə görə cəzalandırılan Andranik Ozanyanın hücumlarına məruz qalmışdır. 1918-ci il iyul ayının 24-də Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andranik öz qoşunları ilə Culfa bölgəsinin Yaycı kəndi yaxınlığında Arazı keçərək Naxçıvan ərazisinə daxil olmuşdur. Həmin vaxt Yaycıda 2500 nəfər öldürülmüşdür. Beləliklə, ağır vəziyyətdə olan Naxçıvan əhalisinin vəziyyəti daha da pisləşmişdir.
Naxçıvan şəhərini tutmağı qarşısına məqsəd qoyan Andranik qərbə doğru irəliləyərək Aza, Düylün, Dizə kəndlərinin əhalisini qılıncdan keçirmişdir. Qısa müddət ərzində o, Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir sıra kəndləri işğal etmişdir. Dövri mətbuat materialları təsdiq edir ki, həmin vaxt Andranik Gilançay və Əlincəçay vadilərində çoxlu kəndi dağıdıb viran qoymuş, əhalinin əksəriyyətini vəhşicəsinə qətlə yetirmişdir. Baş verən bu hadisələrlə əlaqədar Ordubad şəhərinin bir qrup sakini Bakıya vurduqları teleqramda bildirirdilər ki, Andranikin quldur dəstəsi burada amansız qırğın aparır və talançılıqla məşğul olur.
Andranik Ozanyan Culfanı işğal etdikdən sonra Bakıya, Stepan Şaumyana göndərdiyi xüsusi teleqramda yazırdı: “Culfa mənim əlimdədir, istədiyiniz vaxt onu sizin sərəncamınıza verə bilərəm”. Şaumyan isə cavab teleqramında onu xalq qəhrəmanı adlandırır və bildirirdi ki, mən şəxsən sizi, həqiqi milli qəhrəmanı təbrik edirəm. Əgər Kaçaznuni və başqaları sizin kimi olsaydılar, erməni xalqı indi belə çətinliklə yaşamazdı. Əgər türk bəyliyinə və xanlığına, gürcü hakimiyyətinə, erməni burjuaziyasına qalib gəlsək, o zaman bütün Cənubi Qafqazın birliyinə nail olarıq.
Buradan aydın olur ki, Andranik S.Şaumyanla sıx əlaqədə olmuş, onun tapşırıqlarını yerinə yetirmişdir. Teleqramdan görünür ki, onlar bütün Cənubi Qafqazı erməniləşdirmək fikrində olmuşlar.
Nehrəm kəndinə və Naxçıvan şəhərinə uğursuz hücumdan quduzlaşan erməni quldurları Naxçıvançayın sol sahilində yerləşən kəndlərdə, xüsusilə “Sirab dərəsi” adlanan yerdə qanlı qətllər törətmiş, ətraf kəndlərdən qaçıb buraya toplanmış əhalini qılıncdan keçirmişlər. Həmin vaxt yaxın ərazilərdən Sirab kəndinə pənah gətirmiş və kənddəki üç məsciddə gizlənmiş 1000-dən artıq günahsız insanı od vurub məsciddə yandırmışlar. Ermənilərin hücumları zamanı Naxçıvanın 80-dən artıq yaşayış məskəni dağıdılmış, on minlərlə insanın həyatına son qoyulmuşdur. Həmin vaxt Naxçıvan bölgəsində 100 mindən bir az artıq adam yaşayırdı. Andranikin vəhşilikləri zamanı və sonrakı iki il ərzində bu adamların, təxminən, 70 faizi (73727 nəfər) qəddarcasına qətlə yetirilmişdir. Bu günahsız insanların böyük bir hissəsi azyaşlı uşaqlar, qadınlar və qocalar olmuşdu.
Beləliklə, 1918-ci ilin ortalarında Naxçıvan bölgəsində yerli türk-müsəlman əhalisinin erməni quldur dəstələri tərəfindən tamamilə məhv edilməsi təhlükəsi yaranmışdı. Ona görə də Naxçıvan və Şərur-Dərələyəz qəzalarının əhalisi 1918-ci il may ayının sonunda Türkiyəyə xüsusi nümayəndə heyəti göndərmişdir. Kərim xan İrəvanlının rəhbərlik etdiyi bu heyət Mehmet Vehib paşa ilə görüşmüş və erməni quldur dəstələrini dağıtmaq üçün Naxçıvana qoşun göndərməyi xahiş etmişdir. Nümayəndə heyətinin xahişi müsbət qarşılanmış və 1918-ci il iyun ayının əvvəllərində 9-cu və 11-ci türk diviziyalarına Naxçıvana doğru hərəkət etmək haqqında əmr verilmişdir. Həm yerli əhalinin müqaviməti, həm də türk qoşunlarının bura gəlməsi nəticəsində Andranik qoşunları ilə birlikdə Naxçıvanı tərk etməyə məcbur olmuşdur. Naxçıvan bölgəsi həmin vaxt erməni təcavüzündən xilas olsa da, ermənilərin bu bölgəyə qarşı ərazi iddiaları bütün XX yüzillikboyu davam etmişdir.
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan keçmişdə olduğu kimi, bu gün də ermənilərin diqqət mərkəzindədir. Onlar bu məqsədə çatmaq, öz mənfur niyyətlərini həyata keçirmək – Naxçıvana yiyələnmək üçün bütün vasitələrə, ən iyrənc üsullara əl atır, hətta silahlı qruplaşmalar yaradırlar. Məsələn, bu məqsədlə 1999-cu ildə İrəvanda “Naxçıvan qardaşları” cəmiyyəti təsis edilmiş, “Könüllü Naxçıvan batalyonları” yaradılmış, “Azad Naxçıvan” adlı qəzetin nəşrinə başlanmış, hətta “Kim Naxçıvanı istəyir?” sualı ilə rəy sorğusu keçirilmişdir.
Ona görə də Azərbaycan xalqı, xüsusilə düşünülərək qəsdən Azərbaycan torpaqlarından ayrı salınmış Naxçıvanın əhalisi erməni təcavüzkarlarına cavab vermək üçün hər an hazır olmalıdır. Çünki xəyanətkar ermənilər öz məqsədlərinə çatmaq, arxadan zərbə vurmaq üçün daim əlverişli məqam gözləyirlər. Ancaq Naxçıvan əhalisi tamamilə arxayındır və əmindir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qeyd etdiyi kimi, “Azərbaycan və ona bağlı Naxçıvanın ərazisi sayıqlıqla müdafiə olunur və çox möhkəm qorunur. Erməni daşnakları öz niyyətlərinə heç vaxt çata bilməyəcəklər”.
Ermənilər hər il aprelin 24-nü qondarma soyqırımı günü kimi qeyd edirlər. Tarixə nəzər salarkən aydın olur ki, həmin gün heç bir soyqırımı törədilməmişdir. Birinci Dünya müharibəsinin gedişi zamanı Türkiyə torpaqlarında erməni dövləti yaratmaq istəyən ermənilər dəfələrlə türklərə xəyanət etdiklərinə, onlara arxadan zərbə vurduqlarına görə Osmanlı sultanı fərman verərək 24 aprel 1915-ci ildə imperiya daxilində antitürk fəaliyyətlə məşğul olan erməni partiya və komitələrini ləğv etmişdir. Fərmana uyğun olaraq, erməni partiya və komitələrinin 235 nəfər fəal üzvü həbs edilərək hərbi məhkəməyə verilmişdir. Həmin vaxt 250 min erməni əsgəri rus qoşunları ilə birləşərək Türkiyəyə qarşı vuruşduğuna görə Türkiyə hökuməti erməniləri başqa yerə köçürməyə məcbur olmuşdur. Ermənilər bu hadisəni soyqırımı kimi qələmə verir və 24 aprel 1915-ci il tarixini dünya ictimaiyyətinə soyqırımı günü kimi sırıyırlar.
İngilislərin 1919-cu ildə həbs etdiyi görkəmli türk alimi Ziya Göyalp məhkəmədə “Siz erməni qırğınına görə həbs edilmisiniz. Bu barədə nə deyə bilərsiniz?” sualına “Mənim məmləkətimə böhtan atmayın. Bizdə erməni qırğını olmayıb, erməni-türk vuruşması olub. Ermənilər bizi arxadan vurdular, biz də qayıdıb cavablarını verdik” cavabını vermişdi. Görkəmli alimin dediyi kimi, həqiqətən də, dünyanın bu mənfur milləti Türkiyədə olduğu kimi, bütün zamanlarda onlara torpaq, yaşamaq üçün çörək və sığınacaq vermiş insanlara xəyanət etmiş, məqam düşən kimi xaincəsinə onlara arxadan zərbə vurmuşdur.
Sovet hakimiyyəti illərində Ermənistanda nəşr olunan kitabları, məqalələri və dövri mətbuat orqanlarında “qondarma erməni soyqırımı” ilə bağlı dərc olunan materialları xronoloji ardıcıllıqla izlədikdə aydın olur ki, əvvəllər ermənilər 1915-ci ildə yarım milyon adamın öldürüldüyünü cidd-cəhdlə sübut etməyə çalışırdılar. Zaman keçdikcə qoruq-qaytaq bilməyən ermənilər bu rəqəmi bir milyon yarıma çatdırdılar. Bəzən bu rəqəmi 3 milyona qədər qaldırırlar.
Həqiqətdə isə 1915-ci ildə heç bütün Yer kürəsində 3 milyon erməni yox idi. Əgər erməni alimlərinin yazdıqları həqiqət olsaydı, Əmir Teymurun XIV yüzillikdə həyata keçirmədiyi iş (“Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcək xalqlar ya məni alqışlayacaq, ya da lənətləyəcək” – Əmir Teymur) 1915-ci ildə baş tutar, bəşəriyyət erməni virusundan xilas olar, XX yüzillikboyu Azərbaycan türklərinə qarşı soyqırımı və deportasiyalar baş verməzdi.
Keçən əsrdə ermənilər tərəfindən aparılan soyqırımı və deportasiya siyasəti nəticəsində Ermənistan türksüz bir əraziyə çevrilmiş, azərbaycanlılar ata-baba torpaqlarından qovularaq didərgin salınmışlar. Yüzilliyin sonlarında iri dövlətlər tərəfindən himayə edilən ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Xocalı faciəsini törətmiş, bir milyondan çox adam doğma yurd-yuvasını tərk edərək çadır şəhərciklərində yaşamağa məcbur olmuşdur.
Hazırkı dövrdə itirilmiş torpaqların sülh yolu ilə geri qaytarılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı işlər aparılır. Biz inanırıq ki, Prezident cənab İlham Əliyevin dediyi kimi, haqq-ədalətin yerini tapacağı, dünya ictimaiyyətinin və erməni xalqının Ermənistanın bugünkü işğalçı və təcavüzkar siyasətinə “yox” deyəcəyi, neçə illərdir ki, bütün Qafqazda yaşayan hər bir insana öz mənfi təsirini göstərmiş münaqişələrin beynəlxalq hüquq normaları əsasında həll olunacağı gün uzaqda deyildir.
Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü