Oxucular da təsdiq edərlər ki, insan təkcə tədris ocaqlarında, şəxsi mütaliə ilə bilik qazanmır. Bunun üçün başqa vasitələr də kifayət qədərdir. Dünyanın inkişaf etmiş ölkələrində həmin vasitələrdən istifadəyə böyük üstünlük verilir. Bu vasitələr içərisində hər bir xalqın tarixini, mədəniyyətini, etnoqrafiyasını və digər sahələri özündə mühafizə və nümayiş etdirən, dünənimizdən bu günümüzə və sabahımıza körpü rolunu oynayan, tədqiqatçılar üçün araşdırma obyektlərindən biri sayılan muzeylər xüsusi əhəmiyyətə malikdir.
Bu baxımdan muxtar respublikamızda geniş imkanlar var. 30-a yaxın muzeyin fəaliyyət göstərdiyi regionumuzda belə mədəniyyət müəssisələri öz zəngin ekspozisiyaları və çoxsaylı eksponatları ilə təkcə naxçıvanlıların deyil, buraya gələn qonaq və turistlərin də diqqətini cəlb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada “Muzey günləri”nin təşkil olunması bu baxımdan böyük əhəmiyyət daşıyır. Həftənin şənbə günləri nazirlik, komitə, agentlik, idarə və təşkilatların əməkdaşları müxtəlif muzeyləri ziyarət edir, həmin mədəniyyət müəssisələrinin fəaliyyəti və burada özünə yer alımış eksponatlarla tanış olurlar.
Ötən şənbə günü Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Heydər Əliyev Muzeyində, Dövlət Miqrasiya və Baytarlıq xidmətlərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları Dövlət Bayrağı Muzeyində, Satınalmalar üzrə Dövlət Agentliyinin və “Naxçıvanqaz” İstehsalat Birliyinin kollektivləri Dövlət Xalça Muzeyində, Dini Qurumlarla İş üzrə İdarənin, Dövlət Energetika və Baş Sığorta agentliklərinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika İdarəsinin, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublika Baş İdarəsinin, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Dövlət Arxiv İdarəsinin kollektivləri Cəmşid Naxçıvanskinin ev-muzeyində, Dövlət Statistika Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyində, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Televiziya və Radio Şurasının, “Şərq qapısı” qəzetinin əməkdaşları Ədəbiyyat Muzeyində olublar.
Muzey bələdçiləri fəaliyyət göstərdikləri mədəniyyət müəssisələrindəki eksponatlar barədə kollektivlərə ətraflı məlumat veriblər.
Həmin gün muzeylərimizi ziyarət edən ayrı-ayrı kollektivlərin bir neçə əməkdaşı ilə həmsöhbət oldum, onlardan muzeyləri ziyarətin əhəmiyyəti, muzeylərdən aldıqları təəssüratlar barədə soruşdum. Aldığım cavablar da maraqlı oldu.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Vüsal Sevdimalıyev bildirdi ki, son illər göstərilən hərtərəfli dövlət qayğısı hesabına muzeylərimizin də fəaliyyətində böyük dönüş var. Belə müəssisələri ziyarət etmək həm asudə vaxtın səmərəli təşkilinə töhfəsini verir, həm də insanlar muzeylər vasitəsilə öz biliklərini artırırlar. Bu, sirr deyil ki, naxçıvanlılar qədim diyarımızın zəngin tarixi, şərəfli keçmişi, mədəniyyəti, ədəbiyyatı, folkloru, entoqrafiyası ilə qürur hissi keçirir və bu sahələri dərindən öyrənməkdə maraqlıdırlar. Bu səbəbdən də həmişə muzeylərin fəaliyyətindən istifadəyə üstünlük veriblər. Ona görə ki, həyat davam etdikcə insan daha çox öyrənməyə səy göstərir. Muzeylərimizə yeni tapılmış eksponatlar gətirilir, müasir dövrümüzü əks etdirən sənədlər daxil olur; onlarla tanış olmaq və öyrənmək baxımından Ali Məclis Sədrinin müvafiq sərəncamı böyük əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Nemət Şükürov dedi ki, paytaxt şəhərimizdəki muzeylərdə dəfələrlə olub. Ancaq həmin mədəniyyət müəssisələrini kollektiv şəkildə ziyarət etmək insanlarda həm də kollektivçilik ruhunun gücləndirilməsi, əməkdaşlarla müxtəlif sahələr, həmçinin dünənimiz və bu günümüz barədə polemikalar aparmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Nemət Şükürov onu da vurğuladı ki, Dövlət Bayrağı Muzeyində muzey bələdçisi onlara muxtar respublikanın çoxlarına məlum olmayan bayraqları barədə ətraflı məlumat verib. Ona görə də bu gün orta, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələrinin belə ünvanlara sistemli şəkildə gedişlərinin təşkili çox faydalı ola bilər.
Biz də, öz növbəmizdə, hər iki müsahibimizin fikirləri ilə razılaşır, muxtar respublika sakinlərini muzeylərimizi ziyarət etməyə çağırırıq.
Muxtar Məmmədov