23 Dekabr 2024, Bazar ertəsi

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub.
Səfər çərçivəsində rumıniyalı diplomat ilk olaraq ulu öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib. Səfirə məlumat verilib ki, Naxçıvan şəhərində yaradılmış Heydər Əliyev Muzeyi ümummilli liderin hələ sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir. Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə yaradılıb və 10 may 1999-cu ildə fəaliyyətə başlayıb. Burada nümayiş etdirilən eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.

Naxçıvan Dövlət Universiteti ilə tanışlıq zamanı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, 108 hektarlıq əraziyə malik Naxçıvan Dövlət Universiteti müasirtipli, dünya standartları səviyyəsində olan bir ali məktəbdir. Qonaq ali təhsil müəssisəsinin maddi-texniki bazası, strukturu, tədrisin keyfiyyəti, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsi ilə yaxından tanış olub. Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki tədris və elmi-tədqiqatyönlü laboratoriya və muzeylərlə tanışlıq, auditoriyalarda tələbələrlə görüş rumıniyalı diplomatda xoş təəssürat yaradıb.
Universitetin rektoru bildirib ki, özünəməxsus tarixi inkişaf yolu keçən universitet dünyanın 80-dən çox tanınmış ali məktəbi ilə sıx əməkdaşlıq edir. Tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavriat və doktorantları öz təhsillərini Türkiyə, Rusiya, Gürcüstan, Cənubi Koreya, Çexiya kimi ölkələrin ali məktəblərində, o cümlədən Rumıniyanın Babeş-Bolyai Universitetində davam etdirirlər. Universitetdə beynəlxalq münasibətlərin, müxtəlif xarici dillərin tədrisinə böyük əhəmiyyət verilir.
Səfir Daniel Kristian Çiobanu Rumıniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu, möhkəm fundament üzərində qurulan bu əməkdaşlığın bu gün də uğurla davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Rumıniya arasında 2011-ci ildə imzalanmış “Strateji əməkdaşlıq” fəaliyyət planına əsasən, iki ölkə arasında siyasi-iqtisadi, sosial-mədəni əlaqələr, elm və təhsil sahəsində əməkdaşlıq inkişaf etdirilir.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin müəllim və tələbələri ilə görüş zamanı səfir “Azərbaycan-NATO əlaqələri” mövzusunda məruzə edib. Məruzəçi NATO-nun yaranma tarixindən bəhs edərək xatırladıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1994-cü ildə NATO-nun Sülh naminə tərəfdaşlıq proqramının çərçivə sənədini, 1997-ci ildə isə Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının sülhməramlı tağımı Türkiyə taboru daxilində Kosovoda, Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir. Azərbaycan sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin etmək məqsədi daşıyan, müstəqil dövlətlərin alyansı olan NATO ilə əlaqələrini bu gün də uğurla davam etdirir. NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında ədalətli həllinin tərəfdarıdır. Rumıniyalı səfir ölkəsinin NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi gördüyü işlərdən də danışıb.
Sonda Rumıniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu tələbələrin suallarını cavablandırıb.
Həmin gün Duzdağ Fizioterapiya Mərkəzində də olan rumıniyalı diplomata buradakı müalicə prosesi haqqında məlumat verilib. Bildirilib ki, bu səhiyyə müəssisəsi bir çox xəstəliklərin müalicəsində əhəmiyyətli şəfa ocağıdır. Buna görə də hər il dünyanın müxtəlif ölkələrindən bura müalicə üçün xeyli insan gəlir.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR