Muxtar respublikanın hava nəqliyyatı sistemi hər ötən ay daha da təkmilləşdirilir. Xidmətin keyfiyyətinin artırılması üçün infrastrukturun müasirləşdirilməsi və yeni avadanlıqların quraşdırılması işləri ötən ay da davam etdirilmişdir.
Belə ki, martın 29-da Ordubad şəhərində yeni Aviakassa binası istifadəyə verilmiş, həmin ərazidə yaşayan sakinlərin rahatlığı təmin edilmiş, xidmətin səviyyəsi xeyli yüksəldilmişdir. Bu dövrdə aerovağzal binasında da yenidənqurma işləri davam etdirilmiş, 2 ədəd yeni eskalator quraşdırılmışdır.
Bütün növ daşımaların həyata keçirilməsində başlıca şərt uçuşların təhlükəsizliyini təmin etməkdir. Buna görə də hava gəmilərinə uçuşqabağı və uçuşdan sonra müntəzəm olaraq texniki baxış keçirilmişdir. Mart ayında yerli hava xətti ilə 22 min 253 sərnişin, 276 min 152 kiloqram baqaj, 83 min 224 kiloqram yük və 2 min 190 kiloqram poçt, beynəlxalq hava xətləri üzrə isə Naxçıvan-Moskva reysləri ilə 313 sərnişin, 1706 kiloqram baqaj, Naxçıvan-İstanbul reysləri ilə 498 sərnişin və 5 min 83 kiloqram baqaj daşınmışdır.
Reyslərin vaxtında və təhlükəsiz təşkili məqsədilə yanacaq ehtiyatı tədarükü də diqqətdə saxlanılmış, anbarlara tələbatdan artıq yanacaq doldurulmuşdur. O cümlədən yanğın təhlükəsizliyi və qəza-xilasetmə xidməti əməkdaşları müntəzəm olaraq ərazilərdə yoxlamalar keçirmiş, şəxsi heyətlə profilaktik söhbətlər aparılmış, taktiki məşğələlər keçirilmişdir.
Muxtar respublikanın hava nəqliyyatı sisteminin günün tələblərinə uyğun qurulması işləri bundan sonra da davam etdiriləcək, əhaliyə nümunəvi xidmət göstəriləcəkdir.
Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti