Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi mart ayında öz fəaliyyətini daha da gücləndirmiş, sərnişinlərin rahatlığının təmin olunması və daşımaların həcminin artırılması diqqətdə saxlanılmışdır. Bu dövrdə “Metro Turizm Səyahət Təşkilatı” şirkəti ilə müqavilə bağlanmış və nəticədə, qardaş Türkiyə Respublikasının müxtəlif şəhərlərinə təşkil olunan sərnişindaşıma xidmətinin səviyyəsi xeyli yüksəldilmişdir. İran İslam Respublikasının ərazisindən keçməklə Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə xidmətlər də nümunəvi təşkil olunmuş, mart ayı ərzində Naxçıvandan Bakıya 112 reys olmaqla, 4 min 606, əks istiqamətdə isə 4 min 776 sərnişin daşınmışdır. Ötən ay muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi də yüksəldilmiş, 123 marşrut xətti üzrə hərəkət edən 297 avtobus və 487 taksi vasitəsilə rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin olunmuşdur.
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunundan, habelə nəqliyyata dair digər qanunvericilik aktlarından irəli gələn vəzifələrin izahı ay ərzində diqqətdə saxlanılmış, maarifləndirmə işi aparılmışdır. Bu dövrdə nazirliyin “Reyd komissiyası” 8 reyd keçirmiş, qanunazidd hərəkətlər məhdudlaşdırılmışdır. Naxçıvan Avtobus Parkında sərnişindaşımalarını yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilmişdir. Həmçinin qış mövsümünün başa çatması ilə əlaqədar mart ayının 26-dan 31-nə kimi Şərur, Culfa və Şahbuz avtovağzallarında, habelə Naxçıvan Avtobus Parkında sərnişindaşıma ilə məşğul olan avtobus və taksilər texniki müayinədən keçirilmişdir.
Ötən ay 22 fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilmiş, 103 avtonəqliyyat vasitəsinə lisenziya kartları verilmişdir. Bundan başqa, sərnişindaşıma ilə məşğul olan avtobusların təmizliyinə və hərəkət qrafikinə nəzarət edilmiş, yükdaşımalarda təhlükəsizlik tədbirləri gücləndirilmiş, bu məqsədlə 179 nəqliyyat vasitəsi “İcazə blankı” ilə təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Nəqliyyat
Nazirliyinin mətbuat xidməti