Aprelin 16-da Naxçıvan şəhərindəki Əliabad Qəsəbə Mərkəzində Naxçıvan Muxtar Respublikası Qəsəbə Bələdiyyələri Assosiasiyasının yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə Qıvraq bələdiyyəsinin sədri Mikayıl Tarverdiyev açıb.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək bildirib ki, dünya təcrübəsində bələdiyyələrin assosiasiyalarının müxtəlif modelləri mövcuddur. Yerli özünüidarə birlikləri ilk dəfə ötən əsrin 70-ci illərinin əvvəllərində Mərkəzi Avropa ölkələrində formalaşdırılıb, sonrakı mərhələdə 90-cı illərin əvvəllərində analoji qurumlar müstəqillik qazanmış Şərqi Avropa və MDB ölkələrində yaradılıb.
Bələdiyyələrin birləşmə hüququ Avropa Şurasının Yerli Özünüidarəyə dair Xartiyasının 10-cu maddəsində öz əksini tapıb. Sənəddə qeyd edilir ki, yerli özünüidarə orqanları öz səlahiyyətlərini həyata keçirən zaman ümumi maraq doğuran vəzifələrin yerinə yetirilməsi üçün digər yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək və qanunla müəyyən edilmiş hüdudlarda onlarla birləşmək hüququna malikdirlər.
Qeyd olunub ki, Azərbaycan Respublikasında bələdiyyələrin assosiasiyalarının yaradılması “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin Regional Assosiasiyalarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə qanunlarda öz əksini tapıb. Belə ki, bələdiyyələrin regional assosiasiyası müəyyən ərazidə fəaliyyət göstərən bələdiyyələrin öz fəaliyyətini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədilə yaratdıqları ittifaqdır. Bu assosiasiyaların əsas məqsədi bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə, həmin fəaliyyətin beynəlxalq hüquq normalarına və mövcud qanunvericiliyə uyğun qurulmasına, ortaya çıxan problemlərin birgə həll edilməsinə kömək göstərmək yolu ilə Azərbaycan Respublikasında yerli özünüidarənin möhkəmlənməsinə və inkişafına nail olmaqdır.
Bildirilib ki, muxtar respublikamızda bələdiyyələrin fəaliyyətinin qurulması üçün geniş imkanlar yaradılıb, onların birgə fəaliyyətinin təşkili məqsədilə zəruri infrastruktur formalaşdırılıb. Bu gün assosiasiyaların üzərinə düşən əsas vəzifə yaradılmış şəraitdən istifadə edərək üzv bələdiyyələrin inkişafını, onların maraqlarını təmin etmək, bələdiyyələr arasında sıx əməkdaşlıq üçün çevik mexanizmlər qurmaq, yerli problemləri operativ həll etməyə imkan verən mexanizmlər yaratmaq, bütövlükdə isə ən yaxşı bələdiyyə təcrübələrinin yayılması üçün tədbirlər görmək olmalıdır.
Naxçıvan Muxtar Respublikası Qəsəbə Bələdiyyələri Assosiasiyasının 2006-cı il dekabr ayının 9-da təsis edildiyini, nizamnaməsinin qəbul olunduğunu bildirən Cəlil Rüstəmov deyib ki, Qəsəbə Bələdiyyələri Assosiasiyasının yaranmasından bu günədək qəsəbələrin sosial-iqtisadi inkişafı, ekoloji və digər proqramların hazırlanmasında yerli özünüidarəetmə orqanlarına metodik və əməli köməklik göstərilib, bələdiyyələrin cəmiyyətdə nüfuzunun artırılması, fəaliyyət sahələrinin genişləndirilməsi sahəsində bir sıra işlər görülüb.
Cəlil Rüstəmov 23 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası bələdiyyələrinə növbəti seçkilərin keçirildiyini, bir çox bələdiyyələrin tərkiblərində dəyişikliklər olduğunu, bunun üçün də Naxçıvan Muxtar Respublikası Qəsəbə Bələdiyyələri Assosiasiyasının tərkibinin yenidən seçiləcəyini bildirib, qarşıda duran vəzifələrdən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Qəsəbə Bələdiyyələri Assosiasiyası sədrinin seçilməsi məsələsi müzakirə olunub. Babək bələdiyyəsinin sədri Cabbar Cəlilovun bu vəzifəyə seçilməsi təklif edilib. Təklif səsə qoyulub və qəbul olunub.
Cabbar Cəlilov yığıncaqda çıxış edərək ona göstərilən etimadı layiqincə doğruldacağını bildirib.
Yığıncaqda assosiasiyanın 7 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilib.
Sonda idarə heyətinin yığıncağı olub. İdarə heyətinin üzvləri Heydərabad bələdiyyəsinin sədri Ceyhun Qasımovu Naxçıvan Muxtar Respublikası Qəsəbə Bələdiyyələri Assosiasiyası sədrinin müavini seçiblər.
* * *
Aprelin 17-də Babək rayonunun Qoşadizə Kənd Mərkəzində Naxçıvan Muxtar Respublikası Kənd Bələdiyyələri Assosiasiyasının yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə Nehrəm bələdiyyəsinin sədri Tofiq Abutalıbov açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edib. Qeyd edilib ki, muxtar respublikada fəaliyyət göstərən bələdiyyələr dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birbaşa rəhbərliyi altında muxtar respublikada geniş vüsət alan quruculuq və abadlıq işlərindən bələdiyyələrə də pay düşüb, müasir tələblərə cavab verən kənd mərkəzlərinin binasında bələdiyyələr üçün yeni iş otaqları ayrılıb, lazımi köməklik göstərilib. Yaradılan şəraitdən düzgün istifadə olunmalı, Kənd Bələdiyyələri Assosiasiyası işini günün tələbləri səviyyəsində qurmalıdır. Xüsusilə “Kənd təsərrüfatı ili” elan olunan 2015-ci ildə kənd bələdiyyələrinin rolu hiss olunmalıdır.
Cəlil Rüstəmov deyib ki, bu gün seçiləcək Naxçıvan Muxtar Respublikası Kənd Bələdiyyələri Assosiasiyasının yeni tərkibi assosiasiyanın nizamnaməsinə uyğun olaraq, mövcud olan problemlərin müəyyənləşdirilərək müvafiq tədbirlərin görülməsinə, kənd bələdiyyələrinin birgə fəaliyyətinin təmin edilməsinə, yerli icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığın təmin olunmasına, mədəniyyət və incəsənətin inkişafına köməklik göstərilməsi ilə bağlı bələdiyyələrin birgə fəaliyyətinin təmin edilməsinə, bələdiyyələrə metodik, hüquqi-texniki, təşkilati və informasiya təminatı sahəsində yardımların göstərilməsinə, assosiasiyanın məqsədindən və bələdiyyələrin ehtiyaclarından irəli gələn vəzifələrin həyata keçirilməsinə nail olmalıdır.
Sonra Naxçıvan Muxtar Respublikası Kənd Bələdiyyələri Assosiasiyası sədrinin seçilməsi ilə bağlı Gilançay bələdiyyəsinin sədri Etibar Fərəcov, Şıxmahmud bələdiyyəsinin sədri Zahid Tağıyev, Əbrəqunus bələdiyyəsinin sədri İntiqam Hüseynov çıxış edərək Tofiq Babayevin namizədliyini irəli sürüblər. Təklif səs çoxluğu ilə qəbul olunub.
Tofiq Babayev ona göstərilən etimada görə minnətdarlığını bildirib, bundan sonra da səylə çalışacağını deyib. Sonra səsvermə yolu ilə Naxçıvan Muxtar Respublikası Kənd Bələdiyyələri Assosiasiyası İdarə Heyətinin 9 nəfərdən ibarət tərkibi seçilib. Naxçıvan Muxtar Respublikası Kənd Bələdiyyələri Assosiasiyasının nəzarət-təftiş komissiyasının tərkibi yenə də səsvermə yolu ilə 5 nəfər müəyyənləşdirilib.
Yığıncaqda yerli əhəmiyyətli məsələlərin həllində əhalinin iştirakı, bələdiyyələrin maliyyə imkanlarının artırılması, iqtisadi potensialının gücləndirilməsi məsələləri barədə fikirlər səsləndirilib.
Səbuhi Hüseynov