23 Dekabr 2024, Bazar ertəsi

62 milyon insanın qanına bais olan İkinci Cahan müharibəsində SSRİ-nin tərkib hissəsi kimi Azərbaycan xalqının da igid oğul və qızları qəhrəmanlıq göstərmişlər. Cəbhəyə Azərbaycandan 700 minədək oğul və qızlar göndərilmişdir. O cümlədən Naxçıvandan 30 minədək döyüşçü bu qanlı müharibədə iştirak etmişdir.
O zaman cəbhəyə yollanan cəsur Vətən övladlarından biri də Naxçıvan şəhər sakini, 19 yaşlı tibb bacısı Dilbər Təhməzbəyova idi. O, müharibənin ilk günündə orduya çağırılaraq tibb bacısı kimi Şimali Qafqazda – Qroznıda yerləşən hərbi xəstəxanaya göndərilir. Tbilisidəki üçillik hərbi həkim kursunu 3 aya mənimsəyib kiçik leytenant rütbəsi ilə 402-ci Azərbaycan atıcı diviziyasının hərbi xəstəxanasında cərrahiyyə şöbəsinin baş tibb bacısı təyin olunur. Müharibənin qanlı 4 ilində Dilbər xanım özü də bir donor kimi şəxsən qan vermiş, gecə-gündüz yuxu çimiri çalmadan keçirilən əməliyyatlarda iştirak etmiş, minlərlə döyüşçünün, əsgər və zabitin sağalıb yenidən cəbhəyə qayıtmasında böyük rəşadət göstərmişdir.
Dilbər xanım həmin hərbi xəstəxanada xidmət edən 9 tibb bacısı rəfiqəsini, onlarla hərbi cərrah həkimlərini indi də dərin hörmətlə xatırlayır. Səkinə Əliyeva, Zərifə Camalbəyova, Xeyrənsə Abdullayeva, Səfiyyə Sultanova, Surə Allahverdiyeva, kapitan Ələsgər Ələsgərov, Mürsəl Qarayev, Ağasət Məmmədov, Cavad Cavadov, Məmməd Tahirov və başqaları 402-ci diviziyanın komandiri, məşhur sərkərdə, sinəsini vətənin orden və medalları bəzəyən general-mayor Akim Abbasovun bütün göstərişlərini ürəklərinin odu-alovu ilə yerinə yetirirdilər.

Birləşmiş atıcı diviziyaları Berlinə doğru irəlilədikcə yaralananlar birbaşa Şimali Qafqazdakı bu hərbi xəstəxanaya çatdırılırdı. Vətən qarşısındakı şərəfli xidmətlərinə görə 1941-1945-ci illər müharibəsinin II dərəcəli ordeni, bütün xalqların yaralı övladlarına fərq qoymadan öz doğmaları kimi tibbi yardım göstərdiyinə görə “Xalqlar dostluğu” ordeni, Şimali Qafqazın, Ukraynanın müdafiəsi, faşizm üzərində qələbənin 25, 30, 40, 50, 60, 65-ci illəri yubiley medalları, yüzlərlə döyüşçüyə şəxsən qan verdiyinə görə “SSRİ-nin əlaçı donor səhiyyə işçisi” medalı, dinc quruculuqda “Əmək veteranı” medalı, “Əməkdə fərqlənmə” döş nişanları ilə təltif olunan Dilbər Təhməzbəyova tibb sahasində nə az, nə çox, düz 74 il fasiləsiz xidmət gösərmişdir.
Alman faşizmi üzərində tarixi qələbənin 55 illiyi münasibətilə 2000-ci ildə Moskvada keçirilən təntənəli yığıncağa Dilbər Təhməzbəyova da dəvət olunmuşdur.
Veteranlarımızın göstərdikləri şücaətlər dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir, onların sosial müdafiəsi ilbəil yaxşılaşdırılır. İki il əvvəl Dilbər Təhməzbəyova avtomobillə təmin edilmişdir.
Dilbər xanım görkəmli incəsənət xadimi, “O, Naxçıvandır” mahnısının bəstəçisi, Naxçıvanda mahnı və rəqs ansamblının ilk yaradıcısı və rəhbəri olmuş Vahid Axundovla ailə həyatı qurmuşdur. Saçları Naxçıvan dağlarının qarlı zirvəsini xatırladan Dilbər xanımı bir sual daim narahat edir: 1946-cı ildə Nürnberqdə beynəlxalq məhkəmədə faşizm cəlladları boğazından asılmaqla cəzalarına çatdıqları halda, Azərbaycan xalqına qəsd edən erməni faşizmi hələ haqq divanına çəkilməyib. Dünya bu ədalətsizliyə niyə göz yumur?
O günü görmək, torpaqlarımızın bütövlüyünə nail olmaq arzusu ilə yaşayan Təhmasiblər nəslinin layiqli nümayəndəsi Dilbər ananın arzusuna qoşularaq Vətənin bu fədakar övladına möhkəm cansağlığı arzulayırıq.

Qaşdar ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR