Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbdə 1941-1945-ci illər müharibəsinin iştirakçıları Qara Fərzəliyev və Heydər Heydərovla görüş keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov açaraq məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 12 mart tarixli Sərəncamı ilə “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı” təsdiq edilib.
Bildirilib ki, tədbirlər planına əsasən, təhsil müəssisələrində bir dərs saatının 1941-1945-ci illər müharibəsində əldə olunmuş qələbəyə həsr edilməsi, Xatirə Muzeyində distant təhsilin, mədəniyyət müəssisələrində kitab sərgilərinin təşkil edilməsi, təhsil müəssisələrində, hərbi hissələrdə görüşlərin, həmçinin adıçəkilən müharibənin 90 yaşına çatmış veteranlarının yubileylərinin və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Məqsəd isə belə tədbirlərlə gənclərdə Vətənə və torpağa məhəbbət hislərinin gücləndirilməsidir.
Qeyd olunub ki, faşizm üzərində qələbənin əldə olunmasında azərbaycanlılar da qəhrəmanlıqlar göstəriblər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirərək, faşizm üzərində qələbənin reallaşmasına köməyini göstərib. Müharibədə şərəfli döyüş yolu keçmiş həmyerlilərimizin adları bu gün də iftixarla çəkilir. Çünki onların tarixi şücaətləri gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
Vurğulanıb ki, muxtar respublika əhalisi də alman faşizmi üzərində qələbənin qazanılmasında böyük qəhrəmanlıqlar göstərib. Ön cəbhəyə yola salınan 30 min igid oğul və qızlarımızdan 15 mini müharibədə həlak olub. Üç həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 1 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilib.
Görüşdə çıxış edən müharibə veteranları, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qara Fərzəliyev, Naxçıvan Şəhər Ağsaqqallar Şurasının sədri Heydər Heydərov bildiriblər ki, ölkəmizdə yaşlı nəslə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri olarkən muxtar respublikada bu bayram qeyd olunub, ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 9 may respublikamızda “Qələbə Günü” kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi isə ildən-ilə gücləndirilməkdədir.
Sonra şagirdlərin sualları cavablandırılıb, videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, analoji tədbir Naxçıvan şəhərindəki 4 nömrəli tam orta məktəbdə də keçirilib.
Muxtar Məmmədov