Bu gün Naxçıvan şəhəri, rayon mərkəzləri və kəndlər tikilən müasir sosial obyektlərlə yanaşı, həm də təmizliyi və abadlığı ilə diqqəti cəlb edir. Yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Aprelin 16-da muxtar respublikaya gətirilmiş 5 ədəd kommunal təyinatlı avtomobilin təqdimatı olmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək demişdir ki, son illər muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərinin həcmi xeyli genişləndirilmiş, yaşayış məntəqələri müasirliyə, gözəlliyə qovuşmuşdur. Bu gözəlliyin, abadlığın və səliqə-sahmanın qorunması qarşıda duran başlıca vəzifələrdəndir. Ona görə də muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, yeni texnika və avtomobillər alınıb gətirilir.
Azər Zeynalov kommunal xidmət müəssisələrinə yeni avtomobillərin təqdim olunmasını da bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi dəyərləndirmiş, bu sahədə çalışan kollektivlərə işlərində uğurlar arzulamışdır.
“Mersedes-Benz” markalı avtomobillərdən 3-ü Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə, 1-i Babək, 1-i isə Şərur Rayon Kommunal Müəssisələr kombinatlarına verilmişdir.
Bildirilmişdir ki, sürücü kabinəsindən asanlıqla idarə olunan avtomobillər yüksək texniki göstəricilərə və iş əmsalına malikdir. Manevr qabiliyyəti və dözümlülüyü ilə seçilən bu avtomobillərin bunkerinin ümumi tutumu 13 tondur. Silindr formaya malik olan bunker hərəkət zamanı tullantının ətrafa dağılmasının qarşısını alır.
“Şərq qapısı”