Aprelin 15-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosiasiyasının yığıncağı keçirilib. Yığıncağı Ordubad bələdiyyəsinin sədri Eldar Zeynalov açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək bildirib ki, bələdiyyələrin fəaliyyətinin əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası yerli özünüidarəetməni demokratik idarəetmə formasından biri kimi təsbit edib. Azərbaycan Respublikasında bələdiyyələrin statusu bu sahədə qəbul edilmiş ilk qanunlardan olan “Bələdiyyələrin statusu haqqında” 1999-cu il 2 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Qeyd olunub ki, Azərbaycan Respublikasında bələdiyyələrin assosiasiyalarının yaradılması “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin Regional Assosiasiyalarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə qanunlarda öz əksini tapıb. Bələdiyyələrin regional assosiasiyası müəyyən ərazidə fəaliyyət göstərən bələdiyyələrin öz fəaliyyətlərini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədilə yaratdıqları ittifaqdır.
Vurğulanıb ki, bu gün muxtar respublikada fəaliyyət göstərən bələdiyyələr də dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ali Məclis Sədrinin birbaşa rəhbərliyi altında muxtar respublikada geniş vüsət almış quruculuq və abadlıq işlərindən bələdiyyələrə də pay düşüb, müasir tələblərə cavab verən kənd mərkəzlərinin binasında bələdiyyələr üçün yeni iş otaqları ayrılıb. Bələdiyyələrin fəaliyyətinin qurulması üçün geniş imkanlar yaradılıb, onların birgə fəaliyyətinin təşkili üçün zəruri infrastruktur formalaşdırılıb. Bu gün assosiasiyaların üzərinə düşən əsas vəzifə yaradılmış şəraitdən istifadə edərək üzv bələdiyyələrin inkişafını təmin etmək, bələdiyyələr arasında sıx əməkdaşlıq üçün çevik mexanizmlər qurmaq, yerli problemləri operativ həll etməyə imkan verən mexanizmlər yaratmaq, bütövlükdə isə ən yaxşı bələdiyyə təcrübələrinin yayılması üçün tədbirlər görmək olmalıdır. Yeni seçkidən sonra formalaşmalı olan Şəhər Bələdiyyələri Assosiasiyası ölkəmizin və muxtar respublikanın inkişafına uyğun olaraq, bələdiyyələrin fəaliyyətini daha da canlandırmalı, real proqramlar hazırlamaqla bələdiyyələrin rolunu daha da artırmalıdır.
Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosiasiyasının 2006-cı ildə təsis edildiyini və nizamnaməsinin qəbul olunduğunu bildirən Cəlil Rüstəmov qeyd edib ki, ötən müddət ərzində şəhərlərin sosial-iqtisadi inkişafı, ekoloji və digər proqramların hazırlanmasında bələdiyyələrə metodik və əməli köməkliklər göstərilib, onların fəaliyyətinin səmərəli tənzimlənməsi üçün mövcud qanunvericiliyin təkmilləşdirilməsinə çalışılıb, bələdiyyələrin cəmiyyətdə nüfuzunun artırılması, fəaliyyət sahələrinin genişləndirilməsi sahəsində bir sıra işlər görülüb.
Bildirilib ki, 23 dekabr 2014-cü il tarixdə növbəti bələdiyyə seçkiləri keçirilib, bir çox bələdiyyələrin tərkiblərində dəyişikliklər olub. Bu da Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosiasiyasının tərkibinin yenidən seçilməsini labüd edib.
Qeyd olunub ki, muxtar respublikanın inkişafında, təmsil etdikləri ərazinin əhalisinin problemlərinin həll olunmasında şəhər bələdiyyələrinin rolunu artırmaq və onların fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün assosiasiyanın üzərinə böyük məsuliyyət düşür.
Sonra Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosiasiyası sədrinin seçilməsi ilə bağlı Şahbuz bələdiyyəsinin sədri İlham Qəhrəmanov, Şərur bələdiyyəsinin üzvü Məmmədəli Dadaşov və Naxçıvan bələdiyyəsinin sədr müavini İlahə Əliyeva çıxış edərək Nuraləm Məmməd oğlu İbrahimovun namizədliyini irəli sürüblər. Təklif səs çoxluğu ilə qəbul olunub.
Nuraləm İbrahimov ona göstərilən etimada görə minnətdarlığını bildirib, bundan sonra da səylə çalışacağını deyib.
Sonra səsvermə yolu ilə 3 nəfər Naxçıvan bələdiyyəsindən, 2 nəfər Culfa bələdiyyəsindən, 2 nəfər Ordubad bələdiyyəsindən, 2 nəfər Şərur bələdiyyəsindən və 1 nəfər Şahbuz bələdiyyəsindən olmaqla, Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosiasiyası İdarə Heyətinin 10 nəfərdən ibarət tərkibi seçilib.
Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosiasiyasının Nəzarət-Təftiş Komissiyasının tərkibi yenə də səsvermə yolu ilə Naxçıvan, Culfa, Şahbuz, Şərur və Ordubad bələdiyyələrinin hər birindən 1 nəfər (cəmi 5 nəfər) olmaqla müəyyənləşdirilib.
Gündəlikdə duran məsələlərin müzakirəsi başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosiasiyası İdarə Heyəti üzvlərinin iştirakı ilə Şərur bələdiyyəsinin sədri Vüsal Rzayev Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosiasiyası sədrinin müavini seçilib.
Səbuhi Həsənov