23 Dekabr 2024, Bazar ertəsi

Aprelin 15-də tanınmış ictimai xadim Səkinə Əliyevanın 90 illik yubileyi qeyd olunub. Əvvəlcə Səkinə Əliyevanın məzarı ziyarət edilib, məzarı üzərinə tər gül dəstələri qoyulub.
Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Səkinə Əliyeva Vətənə xidmət etməyi özünün başlıca vəzifəsi hesab edib.
Səkinə Əliyevanın 50 ildən artıq əmək fəaliyyəti yüksək dəyərləndirilib, o, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri ­Rəhman Məmmədov çıxış edərək deyib ki, tariximizdə onlarla qadın dövlət başçısı, diplomat, sərkərdə kimi fəaliyyət göstərib, ölkəmizin inkişafı və ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Bu qadınların ­şəxsiyyət olaraq əsl dəyəri onların ziyalılığı və mənəvi kamillikləridir. Yüksək ziyalılığı, mədəniyyəti, xeyirxahlığı, Vətənə, torpağa bağlılığı ilə seçilən belə qadınlardan biri də tanınmış ictimai xadim Səkinə Abbas qızı Əliyevadır.

Bu gün Səkinə Əliyevanın 90 illiyi qeyd olunur. Naxçıvan Müəllimlər İnstitutunu, Azərbaycan Dövlət Universitetini və Ali Partiya Məktəbini bitirən Səkinə Əliyeva əmək fəaliyyətinə 1945-ci ildə müəllimliklə başlayıb, 1951-ci ildən partiya və dövlət işlərində çalışıb, Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsində təlimatçı, şöbə müdiri, 1961-ci ildən Vilayət Partiya Komitəsinin katibi, sonra isə 1963-cü ilədək Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Maarif naziri vəzifələrində işləyib.
Qeyd olunub ki, muxtar respublikanın ictimai həyatında yaxından iştirak edən Səkinə Əliyeva 6-11-ci çağırış Azərbaycan və Naxçıvan Ali Sovetinə deputat seçilib, 1963-cü ildən 1990-cı ilədək Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Sədri, eyni zamanda Azərbaycan Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyəti Sədrinin müavini vəzifəsində çalışıb.
Səkinə xanım çalışdığı vəzifələrdə yüksək təşkilatçılıq nümayiş etdirib, muxtar respublikanın sosial-iqtisadi problemlərinin həllində, əhalinin həyat səviyyəsinin yüksəldilməsində, qanunçuluq bazasının formalaşdırılmasında səylə çalışıb, xalqına, Vətəninə xidmət edib.
Azərbaycan qadınına xas olan bütün cəhətləri özündə birləşdirən Səkinə Əliyevanın 27 il Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Sədri kimi yüksək vəzifədə fəaliyyət göstərməsi ulu öndəri­mizin Azərbaycan qadınına göstərdiyi qayğının, dövlət qadın siyasətinin əyani ifadəsidir. XX əsrin 70-80-ci illərində olduğu kimi, Azərbaycanın müstəqillik dövründə də Səkinə Əliyeva ulu öndəri­mizin diqqət və qayğısı ilə əhatə olunub, Prezident təqaüdünə layiq görülüb.
“Səkinə Əliyevanın həyat və tale yoluna nəzər saldıqda onun nəcib, xeyirxah insan olduğunu, xalqını, Vətənini dərin məhəbbətlə sevdiyini görürük”, – deyən Rəhman Məm­məd­ov bildirib ki, Səkinə Əliyeva harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, hər zaman öz xalqına, Vətəninə xidmət edib. O, ötən əsrin 80-ci illərinin sonunda muxtar respublika parlamentinin rəhbəri kimi cəsarətli addım atıb, muxtar respublika ərazisinə erməni silahlı qüvvələrinin hücumunun qarşısının alınmadığı əsas götürülərək Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-nin tərkibindən çıxması barədə hazırlanmış qərarı imzalayıb.
Səkinə xanımın sağlam vətəndaş mövqeyi, keçdiyi həyat yolu, ictimai fəaliyyəti qadınlara nümunədir. Yaddaşlara xeyirxah və sadə insan kimi həkk olunan Səkinə xanım Əliyeva­nın xatirəsi daim anılacaq və yaşayacaqdır.
Tədbirdə Şərur Rayon Birləşmiş Həmkarlar İttifaqının sədri Ünbülbəni Musayeva, təqaüddə olan dövlət qulluqçusu Sabir Həsənov tanınmış ictimai xadim Səkinə Əliyeva ilə bağlı xatirələrindən danışıblar.
Səkinə Əliyevanın ailə üzvü Arifə Əliyeva yubiley tədbirinin keçirilməsinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Qəmər Rəhimova Fəridə Ləmanın “Azərbaycan qadını” şeirini bədii qiraət edib.
Sonda Səkinə Əliyevanın həyat və fəaliyyətini əks etdirən televiziya filmi nümayiş olunub.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR