Naxçıvan Tibb Kollecində akademik Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İlhamə Mustafayeva görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışıb. Qeyd olunub ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır.
Bildirilib ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Kollecin direktoru vurğulayıb ki, Zərifə xanımın elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi O, oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi əsərlər yazıb. Zərifə xanım Əliyevanın qələmə aldığı “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiaqnostikanın əsasları” kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.
Xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş, Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran görkəmli alimin əvəzsiz xidmətlərini xüsusi qeyd edən İlhamə Mustafayeva bildirib ki, ömrünün hər günü mənəvi ucalığa bir pillə olmuş Zərifə xanım Əliyeva 1985-ci ildə əbədiyyətə qovuşdu, tarixin daş yaddaşına imzasını elm fədaisi, nur çeşməsi, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı kimi həkk etdi. Böyük insan cismən aramızda olmasa da, qoyub getdiyi nur çeşməsi aydınlığını bir damla belə azaltmayıb. Əksinə, bu işıq onun yenidən Günəşi görmək imkanını qaytardığı insanlarda, onunla bağlı xatirələrdə əbədiləşib.
Tədbirdə kollecin müəllimlərindən Səkinə Şahtaxtinskaya, Arzu Qasımova və Sahibə Quliyeva çıxış edərək görkəmli alimin keçdiyi mənalı həyat yoluna nəzər salıb, onun yüksəkixtisaslı kadrların hazırlanmasında və göz xəstəliklərinin müalicəsində göstərdiyi misilsiz xidmətlərindən danışıblar.
Sonda akademik Zərifə xanım Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən slayd nümayiş etdirilib.
Xəbərlər şöbəsi