23 Dekabr 2024, Bazar ertəsi

Hər bir insanın ömür payı Ulu Tanrı tərəfindən verilir. Tale və qisməti isə insan öz əməlləri ilə qazanır. Bu mənada elə insanlar var ki, dünyasını dəyişdikdən sonra belə, qəlblərdə həmişəlik yaşayır. Belə şəxsiyyətlər dünyanın ən xoşbəxt, bəxtəvər insanları kimi həyatlarını cəmiyyətin ictimai inkişafı və tərəqqisinə həsr edir, gələcək nəsillərə örnək ömür yolları ilə daim xatırlanırlar. Azərbaycan xalqının yaddaşında hər zaman yaşayan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva da belə şəxsiyyətlərdən idi.

Azərbaycan səhiyyəsinin və tibb təhsili sisteminin mahir təşkilat­çısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərmişdir. Onun uşaqlıq çağlarının ilk illəri Kəngərli rayonunun Şahtaxtı kəndində keçmiş, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları ilə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirmişdir.
İnsan, vətəndaş və alim anlayışları Zərifə xanım Əliyeva şəxsiyyətində birləşərək bölünməz bir vəhdət təşkil etmişdir. Zərifə xanımın elm aləminə qədəm qoyması, öz zəngin yaradıcılığı ilə Azərbaycan və dünya elminə dəyərli töhfələr verməsi təsadüfi deyildi. Ona işıqlı yol göstərən atası Əziz Əliyevin Zərifə xanımın həkim-oftalmoloq peşəsini seçməsində böyük təsiri olmuşdur.

1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olan və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirən Zərifə Əliyeva Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. Elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmışdır. 1950-1953-cü illərdə Zərifə xanım Əliyeva aspiranturada təhsil almış və elmi tədqiqatla məşğul olmuşdur.
Taleyini tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparmışdır. Alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən birini gözün histomikroskopik və histokimyəvi tədqiqi təşkil etmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun “Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi”, “Gözün hidrodinamik sisteminin anatomik-fizioloji xarakteristikası” adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri görkəm­li həkimin doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Zərifə Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusundakı dissertasiya işini 1976-cı ildə dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən biri olan Moskva Elmi-Tədqiqat Göz Xəstə­likləri İnstitutunda müdafiə etmişdir. Dissertasiya çox yüksək qiymətləndirilmiş və 1977-ci ildə Zərifə Əliyevaya “tibb elmləri doktoru” elmi adı verilmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd edək ki, Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın idi. 1983-cü ildə gərgin elmi-təşkilati fəaliyyətinə və oftalmologiyanın inkişafında xüsusi xidmətlərinə görə isə O, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Zərifə xanım Əliyeva bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun zəngin pedaqoji və elmi təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapmışdır. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün əsas elmi mənbədir. Alimin elmi fəaliyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.
Zərifə xanım nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə də ciddi məşğul olmuş, həmin sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu mono­qrafiyalardan “İridodiaqnostikanın əsasları” Bakıda, “İridodiaqnostika” isə 1988-ci ildə Moskvada nəşr olunmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitablar ilk dəfə Zərifə xanım Əliyeva tərəfindən yazılmışdır.
Görkəmli alim həmçinin dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. Bu mənada oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiya məkanında məşhurlaşdırmışdır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası üsullarını işləyib hazırlamışdır. Akademik uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparmış, “Şin istehsalatında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” adlı qiymətli mono­qrafiyalar yazmışdır. Onun bu sahədəki ciddi axtarışları dünya tibb elmi ədəbiyyatının nadir tədqiqatları sırasındadır.
Elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə də xüsusi yer verən Zərifə xanım Əliyeva bu mövzuya dair baxışlarını “Həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” mono­qrafiyalarında geniş şərh etmişdir. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunmuşdur. Alim haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Zərifə xanım Əliyeva ötən əsrin 60-70-ci illərində Azərbaycan Elmlər Akademiyası Oftalmologiya İnstitutunun ordinatoru kimi Naxçıvanda keçirilən səyyar seminarda iştirak etmək üçün Bakıdan göndəril­miş nümayəndə heyətinin tərkibində muxtar respublikaya gəlmişdir. Onun elmi seminardakı yüksək nəzəri səviyyəyə malik çıxışı və irəli sürdüyü təkliflər traxoma xəstəliklərinə qarşı mübarizədə yeni istiqamətlər müəyyənləşdirmişdir. Naxçıvan oftalmoloqları Zərifə xa­nım Əliyevanın əsaslandırılmış təkliflərindən istifadə edərək onun ideyası ilə yaranmış iridodiaqnostika vasitəsilə göz xəstəliklərinin düzgün və ope­rativ müalicə edilməsinə nail ola bilmişlər.
Zərifə xanım təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayət­lənməmiş, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümum­ittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. O, yaxşı ana, vəfalı ömür-gün yoldaşı, ailə­sinə vurğun insan idi. Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı sirdaşı olmuşdur. Ulu öndərimiz bu barədə demişdir: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi”.
Həyatını elm yolunda, insanların sağlamlığına xidmət etməyə sərf edən Zərifə xanım Əliyeva işlərinin çoxluğuna baxmayaraq, Ana adının ucalığını özündə yaşatmış, övladlarının tərbiyəsini həyat amalına çevirmiş, valideynlik borcunu şərəflə və sədaqətlə yerinə yetirmişdir. Görkəmli akademik həm də ümummilli liderin siyasi xəttinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin anası kimi şərəfli bir ada sahibdir. Bu gün xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
“Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım”, – professor V.Şmelyevanın bu fikirləri Zərifə Əliyeva şəxsiyyətini büsbütün tərənnüm edir. Dünya oftalmologiya elminin bir çox tanınmış simaları da Zərifə xanım Əliyeva haqqında maraqlı fikirlər söyləyiblər. Görkəm­li oftalmoloq, akademik A.Nesterov demişdir: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada O, bir nömrəli idi”. Zərif və nəzakətli, alicənab və ziyalı xanım olan görkəm­li oftalmoloqun ömür yolu, elmi fəaliyyəti çox zəngindir. Məhz bu cür şəxsiyyətlərin xatirələri tarixboyu əziz tutulur, onların adları əbədiləşir. Zərifə xanım Əliyeva da Azərbaycanın tanınmış simaları sırasında ən layiqli yerini tutmuşdur. Ölkəmizdə onlarla məktəb, xəstəxana, küçə akademik Zərifə Əliyevanın adını daşıyır. Kəngərli rayonunun Şahtaxtı kəndində görkəm­li oftalmoloqun adını daşıyan məktəb son illərin möhtəşəm quruculuq ünvanlarındandır. Naxçıvan Şəhər Poliklinikası da 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır.
Zərifə xanım 1985-ci il aprelin 15-də əbədiyyətə qovuşdu. O, az yaşasa da, tibb elminə böyük töhfələr verdi, yüzlərlə insanın həyatına nur saçdı, qaranlıq dünyalara işıqlı yol göstərdi. İnsanlara nur bəxş edən bu nurlu insanın xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayır və onun misilsiz xidmətləri bu gün də yüksək tutulur. 

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR