23 Dekabr 2024, Bazar ertəsi

Görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 9 aprel tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər planına əsasən, Cəmşid Naxçıvanski­nin ev-muzeyində açıq dərslər keçiləcək. Dünən Cəmşid Naxçıvanski­nin ev-muzeyində Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin şagirdlərinin iştirakı ilə açıq dərs keçilib. Açıq dərs başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Məmməd Qəribov çıxış edərək bildirib ki, belə açıq dərslər həftədə iki dəfə olmaqla nazirliyin tabeliyində olan təhsil müəssisələrinin şagird və tələbələrinin iştirakı ilə keçiləcək, bu dərslərdə görkəmli sərkərdənin həyat və fəaliyyətinə nəzər yetiriləcək.
Açıq dərsdə Heydər Əliyev adına tam orta məktəbin tarix müəllimi Feyruz Novruzov bildirib ki, Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçib. O, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr verib. Yüksəkixtisaslı hərbçi kadr hazırlığı sahəsində böyük rol oynayan Cəmşid Naxçıvanski 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq totalitarizmin qurbanına çevrilmiş qəhrəman vətən övladlarındandır.
Sonra şagirdlər ev-muzeyindəki eksponatlarla tanış olublar. Məlumat verilib ki, bu muzey 1981-ci ildə qəhrəman hərbçiyə dərin ehtiramın ifadəsi olaraq ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Muzeyin yaradılmasında əsas məqsəd Cəmşid Naxçıvanskinin keçdiyi döyüş yolunu, onun Azərbaycan hərb sənətindəki rolunu öyrənmək, bu ölməz sərkərdənin hərbi fəaliyyətini gələcək nəsillərə təbliğ etməkdən ibarət olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR