Xocalı soyqırımı xalqımıza qarşı bir neçə əsr əvvəl başlanan və həyata keçirilən erməni təcavüzünün davamı və tərkib hissəsidir. Həmin faciənin törədilməsi ilə yüzlərlə soydaşımız qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Xocalının qəhrəman və fədakar sakinləri düşmən qarşısında mənən sınmamış, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərmişlər.
Dünən muxtar respublikamızın ali, orta ixtisas və ümumtəhsil məktəblərində, Heydər Əliyev adına Hərbi Liseydə Xocalı soyqırımına həsr olunmuş bir dərs saatında həmin qanlı faciə bir daha xatırlanmış, bu barədə tələbə, kursant və şagirdlərə ətraflı məlumat verilmişdir. Dərslərdə Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsindən də ətraflı bəhs olunmuş, bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanmışdır.
Xəbərlər şöbəsi