23 Dekabr 2024, Bazar ertəsi

Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının birgə təşkilatçılığı ilə Xok kənd tam orta məktəbində 1941-1945-ci illər müharibəsində qazanılan qələbənin 70-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Emin Məmmədxanlı açaraq 1941-1945-ci illər müharibəsində iştirak edən naxçıvanlı vətənpərvər igidlərin göstərdiyi şücaətdən danışıb. O bildirib ki, 1941-1945-ci illərdə 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhəyə yollanıb, onların 450 min nəfəri və ya 65 faizi orden və medallarla təltif olunub, 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Müharibədə iştirak etmiş soydaşlarımızın, təxminən, yarısı həlak olub, azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 223-cü və 77-ci diviziyalar şərəfli döyüş yolu keçib. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirib, faşizm üzərində qələbənin reallaşmasına kömək edib. Müharibədə şərəfli döyüş yolu keçmiş həmyerlilərimizin adları bu gün də iftixarla səslənir. Çünki onların tarixi şücaətləri gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Sonra Kəngərli Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri İsmayıl Hüseynquliyev, Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov çıxışlarında qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 30 aprel tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında”, “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamları bu kateqoriyadan olan insanlara göstərilən qayğının bariz nümunəsidir.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR