Naxçıvan Qarnizonunun Zabitlər Evində “Hərbi qulluqçuların psixoloji vəziyyətinin və temperamentinin öyrənilməsi metodikası” üzrə nümayiş-məşğələ keçilib.
Məşğələdə Əlahiddə Ümumqoşun Ordusu komandanının müavini, general-mayor Vasif Kazımov çıxış edərək bildirib ki, ordunun Mənəvi-psixoloji təminat şöbəsi tərəfindən şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi işində xüsusi əhəmiyyətə malik olan məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də hərbi qulluqçuların daxili psixoloji vəziyyətinin, temperament tipinin öyrənilməsi üsulları və onun aktuallığının vacibliyi mövzusunda keçilən nümayiş-məşğələdir. Məşğələnin keçilməsində əsas məqsəd Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hərbi hissələrinin şəxsi heyətlə iş üzrə zabitləri və psixoloqları tərəfindən hərbi xidmətə yeni çağırılmış hərbi qulluqçuların sosial-psixoloji və ailə-məişət problemlərinin öyrənilməsidir. Bundan başqa, bu məşğələdə fərdi tərbiyəvi işin əhəmiyyəti, fərdi söhbət dəftərində qeydiyyatın aparılması qaydası, sual-cavabın anonim keçirilməsi qaydaları haqda iştirakçılara ətraflı məlumat veriləcəkdir. Əlavə olaraq qarovula, döyüş növbəsinə və gündəlik xidmət naryadlarına təyin olunan şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin öyrənilməsi, hərbi qulluqçularla psixoloji testlərin aparılması və temperament tipinin aşkar edilməsi üsullarının mükəmməl öyrənilməsi nümayiş-məşğələnin keçilməsinin məqsədlərindən biridir.
Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov çıxışında qeyd edib ki, şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsinin və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi işində qabaqcıl təcrübə və üsullardan yararlanmaqla yanaşı, həm də xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələri əsas götürülür. Belə ki, hərbi hissə və bölmələrdə şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsi, əsgəri dostluq, yoldaşlıq münasibətlərinin və milli həmrəylik ruhunun daha da gücləndirilməsində xalqımızın milli dəyərlərinə əsaslanılır. Belə tərbiyə metodları şəxsi heyət arasında əsgəri dostluq, yoldaşlıq, mehribanlıq mühitinin formalaşmasına öz müsbət təsirini göstərir. Əlahiddə Ümumqoşun Ordusunun Mənəvi-psixoloji təminat şöbəsi tərəfindən əsgərlərin mənəvi-psixoloji durumunun və hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində əməli tədbirlər müntəzəm olaraq davam etdirilir ki, hər bir əsgər hərbi anda, Vətənə və xalqa sadiq olsun.
Xəbərlər şöbəsi