İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Azərbaycan sərhədçiləri ilə keçirilən görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd-keçid məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın mövcud durumu və perspektivləri müzakirə olunub.
İkitərəfli görüşdən sonra İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mətbuata açıqlamasında hər iki qurum arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirib, dövlət sərhədindən qaçaqmalçılığa, transsərhəd cinayətkarlığa qarşı birgə mübarizə tədbirlərinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bu cür geniş tərkibdə heyətlə görüşün ilk dəfə məhz Naxçıvanda baş tutduğunu deyib.
İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi isə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı mövcud əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edib: “İran və Azərbaycan xalqları istər tarixi, istər dini, istərsə də mədəni baxımdan bir-birlərinə çox yaxın xalqlardır. Dövlətlərimiz arasında yüksək səviyyəli siyasi əlaqələr var və bu əlaqələr sərhəd əməkdaşlığının da hərtərəfli inkişaf etməsinə şərait yaradır. Bizim bu sahədəki əməkdaşlığımızı, birliyimizi heç bir qüvvə poza bilməz. Naxçıvana gəldikdə isə, artıq bir neçə saatdır ki, buradayıq. Əvvəlki illərlə müqayisədə mən Naxçıvanda sürətli inkişafın şahidi oldum. Bu inkişafı hər yerdə müşahidə etmək mümkündür. Küçələrdəki insanların simasında mövcud şəraitdən razılıq əlaməti hiss olunur”.
Sonra qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey komplekslərində olublar. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində qonaqlara məlumat verilib ki, Naxçıvanın ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunun nəticəsidir ki, bu ərazidə tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Qeyd olunub ki, kompleksdəki muzeydə eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində isə qonaqlara məlumat verildi ki, Xan sarayı muzeyi Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu nəzərə alınaraq yaradılıb. Səkkiz ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir. Kompleksdə yerləşən və Azərbaycan milli memarlığının möhtəşəm abidəsi olan Möminə xatın türbəsi 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bu məqbərə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilib. Açıq səma altında nümayiş olunan və Naxçıvan Muxtar Respublikasının ərazilərindən tapılan müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr də qonaqların diqqətini çəkib.
Səbuhi Həsənov