23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərində gənc­lərin hərbi xidmətə yola salınması mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində keçirilən mərasimdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə xidmətin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik-leytenant Elxan Əliyevin, Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərovun, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahovun çıxışları olub. Çıxış edənlər gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan danışıb, çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Valideynlər adından çıxış edən Rüstəm İsmayılov ordu sıralarına yola düşən gənclərə xoş arzularını bildirərək övladlarının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiklərini deyib. O, ordumuzun gücü, qüdrəti qarşısında heç bir qüvvənin davam gətirə bilməyəcəyini bildirib, hər bir gəncə bu orduda layiqincə xidmət etməyi arzulayıb.

Çağırışçılardan Telman İsmayılov Vətənə xidmət etməyə yola düşdüyü üçün qürur duyduğunu və ən böyük arzusunun işğal altında olan torpaqların düşmən tapdağından azad etmək olduğunu bildirib. O deyib ki, Naxçıvanda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ruhunda yetişmələrinə böyük önəm verilməsinin hərbi xidmətə yollanan bütün gənclər kimi, ona da böyük təsiri olub. Son dərəcə məsul və şərəfli vəzifə daşıdığını tam məsuliyyətilə hiss edir və həyatının yeni mərhələsinə inamla qədəm qoyur. Buna görə də orduda ləyaqətlə xidmət edəcək, komandirlərin hər bir tapşı­rığını dəqiqliklə yerinə yetirəcək, hərbi biliklərə əzmlə yiyələnəcək, düşmənə sarsıdıcı zərbə vurmağa hər an hazır olacaqdır.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının 2015-ci il aprelin 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamına əsasən gənclər hərbi xidmətə yola salınır.
Həmin gün Babək rayonunda da gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR